"Filizçay" yatağının işlənməsi Şimal-Qərb regionunun sosial-iqtisadi inkişafına təkan verəcək
"Filizçay" polimetal yatağında genişmiqyaslı geoloji-kəşfiyyat işləri tamamlanıb və beynəlxalq standartlara uyğun resurs qiymətləndirilməsi aparılıb.
"AzerGold" QSC-dən verilən məlumata görə, hazırda layihə İlkin Texniki-İqtisadi Əsaslandırma (TİƏ) mərhələsindədir və bu çərçivədə filizin optimal və ekoloji cəhətdən ən təhlükəsiz emal üsulunu seçmək üçün flotasiya və hidrometallurgiya texnologiyaları araşdırılır.
Strateji yol xəritəsinə əsasən, Yekun TİƏ-nin tamamlanması və emal zavodunun tikintisinə başlanılması 2030-cu ilə nəzərdə tutulub, hesablanmış istismar müddəti 34 il olan müəssisənin istismara verilməsi isə 2032-ci ildə planlaşdırılır. Layihənin həyata keçirilməsi Şimal-Qərb regionunun, xüsusilə Balakən rayonunun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək. Zavodun tikintisi və sonrakı istismarı dövründə yerli sakinlər üçün yüzlərlə daimi iş yerinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, ətraf mühitin mühafizəsi, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və regionun biomüxtəlifliyinin saxlanılması üzrə kompleks tədbirlər planlaşdırılıb.
