Naxçıvan ilə Pakistan arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib
Noyabrın 16-da Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin muxtar respublikaya səfəri çərçivəsində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov ilə görüşüb.
Nümayəndəliyin məlumatına görə, müzakirələr zamanı Naxçıvanın Orta Dəhliz üzrə kommunikasiyaların inkişafında strateji mövqeyi, iqtisadi potensialı, sahibkarlara tətbiq edilən güzəştlər və gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb.
Tərəflər xarici investorlar üçün yaradılan imkanlar, bərpaolunan enerji layihələri və elektrik enerjisinin Türkiyəyə, eləcə də daha geniş bazarlara ixracı perspektivləri ətrafında fikir mübadiləsi aparıblar. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq çərçivəsində Naxçıvan Dövlət Universitetində Pakistanın aidiyyəti mərkəzi ilə birgə Kənd Təsərrüfatı üzrə Araşdırma Mərkəzinin yaradılması imkanları müzakirə edilib.
