2030-cu ildə 27-ci WPC Energy Konqresinə Azərbaycan ev sahibliyi edəcək
2030-cu ildə Bakıda keçiriləcək 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi ilə bağlı “WPC Energy” və “WPC Energy”nin Azərbaycan Milli Komitəsi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənədi Azərbaycan Respublikasının Energetika Nazirliyində keçirilən görüşdə energetika naziri Pərviz Şahbazov və “WPC Energy”nin prezidenti Pedro Miras imzalayıblar.
Görüşdə Konqresə hazırlıq prosesi, təşkilati məsələlər və tədbirə qədərki dövrdə əməkdaşlıq istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanın 2030-cu ildə keçiriləcək 27-ci “WPC Energy” Konqresinə ev sahibliyi edəcəyi 21 aprel 2026-cı ildə rəsmən təsdiqlənib. Əsası 1933-cü ildə qoyulmuş və iki ildən bir keçirilən konqres dünyanın ən nüfuzlu enerji platformalarından biridir. Bütün enerji sektorunu, qlobal enerji çağırışlarını və praktik həll yollarını əhatə edən konqres beynəlxalq dialoq və əməkdaşlıq üçün unikal platforma rolunu oynayır. Bu tədbirə ev sahibliyi Azərbaycanın beynəlxalq enerji məkanındakı mövqeyinin möhkəmləndirilməsi və strateji tərəfdaşlıqlarının daha da genişləndirilməsi üçün yeni imkanlar yaradacaq.
1933-cü ildə Dünya Neft Şurası (World Petroleum Council - WPC) adı ilə yaradılmış təşkilat 2023-cü ildən “WPC Energy” adı altında fəaliyyət göstərir. Qlobal enerji istehsalı və istehlakının 96 faizini təşkil edən 60 ölkənin nümayəndələrini birləşdirən WPC Energy öz fəaliyyətini Milli Komitələr şəbəkəsi vasitəsilə həyata keçirir. Bu şəbəkəyə 2005-ci ildə yaradılmış “WPC Energy”nin Azərbaycan Milli Komitəsi də daxildir.
