9 ayda Naxçıvanda sahibkarlara 6 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib
Bu ilin yanvar–sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 6 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu vəsait 172 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə maliyyələşdirilən layihələrin sayı 50,9 faiz artıb.
Layihələrin 91,3 faizi, güzəştli kredit məbləğinin isə 64,2 faizi rayon və kəndlərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.
Kredit məbləğinin 56,1 faizi kənd təsərrüfatı, 28 faizi sənaye, 15,9 faizi isə xidmət sahələrinə yönəldilib.
Maliyyələşdirilən kreditlər hesabına 187 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
