Səməd Bəşirli: Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib
Azərbaycan ilə BMT arasında 30 ildən artıq müddətdə formalaşmış tərəfdaşlıq ölkəmizin sosial-iqtisadi inkişafına və institusional potensialının gücləndirilməsinə mühüm töhfələr verib.
Bu barədə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli "Milli səviyyədə müəyyən edilmiş töhfələrin Azərbaycanda icrasının sürətləndirilməsi: Dayanıqlı inkişaf üçün enerji sektorunun dekarbonizasiyasının təşviqi” mövzusunda 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda deyib.
O bildirib ki, 2022-ci ildən etibarən ölkəmizdə təşkil olunan DİM Dialoqları Hökumət, BMT sistemi, beynəlxalq maliyyə institutları, özəl sektor və vətəndaş cəmiyyəti arasında açıq və faydalı müzakirə platformasına çevrilib.
“Bugünkü dialoq xüsusi əhəmiyyət daşıyan bir vaxtda keçirilir. Dörd gün əvvəl Birləşmiş Millətlər Təşkilatının 81-ci ildönümü qeyd olunub. İki həftə sonra Antalya şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 31-ci sessiyası işə başlayacaq. Belə bir ərəfədə Milli səviyyədə müəyyən edilən töhfələrin (NDC 3.0) icrası və enerji sektorunun dekarbonizasiyası mövzusunun seçilməsi xüsusilə əhəmiyyətlidir. Dayanıqlı İnkişaf Məqsədləri milli inkişaf siyasətinin ayrılmaz hissəsinə çevrilib. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və 2022–2026-cı illər üçün Sosial-İqtisadi İnkişaf Strategiyası DİM-lərlə tam uzlaşdırılıb. Hazırda 2027–2030-cu illər üçün yeni Sosial-İqtisadi İnkişaf Strategiyası hazırlanır və bu prosesdə Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşmanın təmin edilməsinə xüsusi diqqət yetirilir", - deyə nazir müavini əlavə edib.
AZƏRTAC
