Naxçıvanda 9 ayda 9,3 mindən çox daşınmaz əmlak dövlət qeydiyyatına alınıb
2026-cı ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxs tərəfindən 9310 daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınıb.
Nazirliyin məlumatına görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyat sayında 20,4 faiz artım müşahidə olunub.
Qeydiyyata alınan əmlaklardan 4224-ü torpaq sahəsi, 3530-u fərdi yaşayış və bağ evi, 1180-i mənzil, 185-i qeyri-yaşayış sahəsi, 178-i qeyri-yaşayış binası, 13-ü isə əmlak kompleksidir.
Cari ilin 9 ayı ərzində daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastr xidmətlərindən ümumilikdə 1,8 milyon manat xidmət haqqı daxil olub. Bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 94 min manat və ya 5,3 faiz çoxdur.
