Azərbaycan və Özbəkistanın turizm imkanları Avropanın dörd şəhərində təqdim olunub
Oktyabrın 19–22-də Azərbaycan Turizm Bürosu və Özbəkistanın Milli PR Mərkəzinin birgə təşkilatçılığı ilə Berlin, Münhen, Stokholm və Helsinkidə “Highlights of the Silk Road Roadshow 2026” tanıtım tədbirləri keçirilib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, Avropanın turizm sənayesi nümayəndələrinə iki ölkənin turizm imkanları, mədəni irsi və birgə səyahət marşrutları təqdim olunub.
Tədbirlər çərçivəsində B2B formatlı işgüzar görüşlər təşkil edilib. Proqramda Azərbaycan və Özbəkistandan 15-ə yaxın turizm tərəfdaşı, o cümlədən bir sıra aviaşirkətləri iştirak edib.
İki qurum arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində keçirilən tədbirlər Azərbaycan və Özbəkistanın vahid turizm brendi altında təşviqinə, yeni işgüzar əlaqələrin qurulmasına və İpək Yolu boyunca birgə marşrutların inkişafına xidmət edir.
