4SİM yerli müəssisələri SOCAR Karbamid Zavodunun texnoloji transformasiya təcrübəsi ilə tanış edib
“Azərbaycan Respublikasında rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçün Strategiya” çərçivəsində həyata keçirilən “Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” iştirakçılarının SOCAR Karbamid Zavoduna təcrübə mübadiləsi səfəri təşkil olunub.
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM), İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) və SOCAR-ın əməkdaşlığı ilə baş tutan səfərin məqsədi yerli müəssisələri avtomatlaşdırma, rəqəmsal və yaşıl transformasiya üzrə qabaqcıl təcrübə ilə tanış etməkdir.
4SİM-in icraçı direktorunun müavini Soltan Bayramov və İZİA-nın şöbə müdiri Amir Məmmədov sənayenin texnoloji transformasiyasında bu cür səfərlərin vacibliyini vurğulayıblar. Qeyd olunub ki, proqrama qoşulan 18 müəssisə üçün fərdi yol xəritələri hazırlanıb, qiymətləndirilən 300-dən çox tətbiq ssenarisindən 104-ü prioritetləşdirilərək icraya yönəldilib.
SOCAR Karbamid Zavodunun direktoru Kutay Durna təqdimatında bildirib ki, müəssisədə 42 rəqəmsal həllin tətbiqi sayəsində istehsal 21 faiz artıb, qazdan istifadə səmərəliliyi isə 24 faiz yüksəlib. Bu uğurlara görə zavod Dünya İqtisadi Forumunun “Qlobal Mayak” Şəbəkəsinə qəbul edilib. Həmçinin Sumqayıt Sənaye Parkında formalaşdırılan “NextGen” sənaye klasterinin hədəfləri barədə məlumat verilib.
İştirakçılar zavodun istehsalat sahələrində idarəetmə və avtomatlaşdırma sistemləri ilə tanış olduqdan sonra təşkil edilən sessiyada rəqəmsal transformasiyanın praktiki tətbiqi və çağırışları müzakirə edilib. Proqrama qoşulmaq istəyənlər https://industry4.az saytından ətraflı məlumat ala bilərlər.
