Son 5 ildə Azərbaycan Rusiya iqtisadiyyatına 1,2 milyard dollar sərmayə qoyub
Azərbaycan 2026-cı ilin yekunlarına görə Rusiya ilə ticarət dövriyyəsini 3,5–4 milyard dollara çatdırmağı gözləyir. TASS xəbər verir ki, bu barədə Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev Nijni Novqorod İqtisadi Forumunda bildirib.
Onun sözlərinə görə, 2025-ci illə müqayisədə göstəricidə müşahidə olunan bir qədər azalma, ilk növbədə, mövsümi xarakter daşıya bilən bəzi ixrac mövqelərinin, xüsusən də qızıl külçələrinin və neft məhsullarının azalması ilə bağlıdır. Səfir vurğulayıb ki, əsas əmtəə mövqeləri üzrə "normal, sağlam dinamika" qorunub saxlanılır və Bakı yaxın illərdə azalan həcmləri kompensasiya edəcəyinə ümid edir. R.Mustafayev qeyd edib ki, Rusiya Azərbaycanın prioritet ticarət tərəfdaşları olan ilk beşliyə daxildir; respublikaya idxalın həcminə görə ikinci, Azərbaycan məhsullarının ixracına görə isə dördüncü yeri tutur. Azərbaycanın qeyri-neft-qaz məhsulları ixracının 30 faizindən çoxu Rusiya bazarının payına düşür.
Səfir, həmçinin bildirib ki, Azərbaycan RF-nin 75 subyekti ilə ticarət-iqtisadi əlaqələr saxlayır. Bunlardan 20-dən çoxu ilə ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında hökumətlərarası sazişlər bağlanıb. Əsas tərəfdaşlar ikitərəfli ticarət dövriyyəsinin yarısından çoxunun payına düşdüyü Moskva və Moskva vilayəti, habelə Krasnodar və Stavropol diyarları, Tatarıstan və Sankt-Peterburqdur.
Azərbaycanda Rusiya kapitalı ilə 1,5 minə yaxın şirkət, o cümlədən yüz faiz Rusiya iştirakı olan 300 müəssisə fəaliyyət göstərir. Son 5–8 ildə Rusiya tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların ümumi həcmi 10 milyard dolları ötüb. Öz növbəsində, son 5 ildə Azərbaycanın Rusiya iqtisadiyyatına qoyduğu sərmayələr 1,2 milyard dollar təşkil edib. Səfirin sözlərinə görə, investisiyalar əsasən emal sənayesinə, hazır məhsul istehsalına və infrastruktur obyektlərinə yönəldilir.
