“AzerGold”un xarici ölkədə ilk törəmə şirkəti – “AzerGold Uzbekistan” təsis edilib
“AzerGold” QSC-nin xarici ölkədə ilk törəmə şirkəti “AzerGold Uzbekistan” Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb.
QSC-dən verilən məlumata görə, iki ölkə arasında dağ-mədən sənayesi və geoloji kəşfiyyat sahələrində strateji əməkdaşlığın genişləndirilməsinə töhfə verəcək yeni şirkətin əsas fəaliyyət istiqaməti Özbəkistanın Qaşqadərya vilayətində yerləşən “Akba” qızıl yatağının geoloji kəşfiyyatı, mineral ehtiyatlarının qiymətləndirilməsi və gələcək istismar imkanlarının müəyyənləşdirilməsi üzrə layihənin həyata keçirilməsidir.
Hazırda “Akba” qızıl yatağında geoloji kəşfiyyat işlərinin aparılması üçün zəruri icazələrin alınması üzrə prosedurlar həyata keçirilir. Özbəkistan hökumətinin müvafiq qərarı əsasında lisenziya əldə edildikdən sonra 18 ay davam etməsi nəzərdə tutulan geoloji kəşfiyyat işlərinə başlanılacaq.
Bu müddət ərzində yataq üzrə mövcud geoloji məlumatların təhlili, əlavə geoloji kəşfiyyat işlərinin aparılması, mineral ehtiyatların beynəlxalq “Joint Ore Reserves Committee” (JORC) standartlarına uyğun qiymətləndirilməsi, metallurgiya sınaqlarının keçirilməsi, ətraf mühitə təsirin qiymətləndirilməsi, eləcə də mümkün hasilat və emal texnologiyalarının araşdırılması nəzərdə tutulur. Yatağın sənaye miqyasında işlənməsinin texniki və iqtisadi baxımdan məqsədəuyğunluğunu qiymətləndirmək üçün yekun texniki-iqtisadi əsaslandırma hazırlanacaq. Nəticələrə uyğun olaraq, qızıl yatağının gələcək istismarına dair investisiya təklifi hazırlanaraq Özbəkistanın aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.
“AzerGold” QSC-nin Özbəkistanda fəaliyyətə başlaması Azərbaycanın dağ-mədən sahəsində qazandığı institusional və texniki təcrübənin beynəlxalq əməkdaşlıq çərçivəsində tətbiqi baxımından mühüm addımdır. Həyata keçirilməsi nəzərdə tutulan təşəbbüslər ölkələr arasında iqtisadi tərəfdaşlığın daha da möhkəmləndirilməsinə, dağ-mədən sənayesi sahəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsinə, eləcə də “AzerGold” QSC-nin beynəlxalq fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə töhfə verəcək.
