Alüminium məmulatlarının ixrac göstəriciləri açıqlanıb
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən dəyəri 213,2 milyon ABŞ dollarına yaxın 60,8 min tondan çox alüminium və ondan hazırlanan məmulatlar ixrac olunub.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 38,5 faiz, həcm olaraq isə 11,2 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk doqquz ayında ölkədən dəyəri 2,88 milyard dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 21,66 faiz üstələyir. Hesabat dövründə alüminium və ondan hazırlanan məmulatlar ixracının xüsusi çəkisi 7,4 faizə bərabər olub.
