Yaşıl Enerji Dəhlizi üzrə yekun investisiya qərarı 2029-cu ildə veriləcək
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı Qara dənizin dibi ilə birləşdirəcək “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi” layihəsinin iqtisadi baxımdan cəlbediciliyi texniki-iqtisadi əsaslandırma (TİƏ) ilə təsdiqlənib. Bu barədə energetika naziri Pərviz Şahbazovun “Müasir Azərbaycanın enerji siyasəti: milli enerji təhlükəsizliyindən qlobal enerji tərəfdaşlığına” adlı məqaləsində bildirilir.
Qeyd olunur ki, təxminən 3 min kilometr uzunluğunda olacaq dəhlizin 2032-ci ildən mərhələli şəkildə istismara verilməsi və ötürmə gücünün 4 QVt-a çatdırılması nəzərdə tutulur. Layihə regionda ən azı 8 QVt bərpaolunan enerji gücünün yaradılmasına şərait yaradacaq, 2040-cı ildən Avropaya ildə təxminən 20 milyard kVt·saat elektrik enerjisinin ötürülməsini təmin edəcək və karbon emissiyalarını ildə 3,6 milyon tonadək azaldacaq. Hazırda layihə üzrə əsas diqqət texniki-iqtisadi əsaslandırmanın nəticələrinin konkret investisiya qərarlarına çevrilməsinə yönəlib. Yekun investisiya qərarının 2029-cu ildə qəbul edilməsi planlaşdırılır.
Aİ-nin 2026-cı il üzrə Onillik Şəbəkə İnkişaf Planının (TYNDP 2026) layihəsinə daxil edilən dəhlizə Qarşılıqlı Maraq Doğuran Layihə (PMI) statusunun verilməsi üçün müraciət prosesi yekunlaşmaq üzrədir. Aİ-nin “Aİ-Azərbaycan Bağlantılar Tərəfdaşlığı” və “Qlobal Qapılar” proqramı çərçivəsində regionda infrastruktura 200 milyon avroyadək qrant və 2 milyard avroyadək dövlət və özəl investisiya səfərbər etmək potensialı açıqlanıb. Eyni zamanda, ixrac marşrutlarını genişləndirmək üçün Türkiyənin də layihəyə qoşulması nəzərdən keçirilir.
Paralel olaraq, Mərkəzi Asiyanın yaşıl enerjisini Azərbaycan üzərindən Avropaya çatdıracaq “Mərkəzi Asiya-Azərbaycan Yaşıl Enerji Dəhlizi”nin TİƏ-si ADB və AIIB-nin dəstəyi ilə İtaliyanın “CESI S.p.A.” şirkəti tərəfindən hazırlanır. 2027-ci ilin mayında tamamlanması gözlənilən tədqiqatın birinci mərhələsinə 2 milyon dollar ayrılıb. Bu layihə Azərbaycan, Qazaxıstan və Özbəkistanın enerji sistemlərini ilk dəfə birbaşa əlaqələndirəcək. Bundan əlavə, Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerjinin inkişafı və ötürülməsinə dair Hökumətlərarası Sazişin və Birgə Müəssisənin yaradılması üzrə Səhmdarlar Müqaviləsinin tezliklə imzalanması gözlənilir.
