Laos şirkətləri Azərbaycandakı investisiya imkanlarından yararlanmağa dəvət edilib
Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində beynəlxalq tərəfdaşlarla birlikdə genişmiqyaslı investisiya layihələrini uğurla həyata keçirir.
Bu barədə iqtisadiyyat nazirinin müavini Anar Axundov Bakıda keçirilən Azərbaycan-Laos Biznes Forumunda çıxışı zamanı bildirib.
Nazir müavini qeyd edib ki, bu layihələrin uğuru yeni layihələrin reallaşdırılmasını sürətləndirir. Laos şirkətləri də bu imkanlardan yararlanmağa dəvət olunur: “Şirkətlər iş yerləri yaradır, yeni texnologiyalar tətbiq edir və gəlir formalaşdırırlar. Güclü özəl sektor sabit məşğulluq, orta təbəqənin genişlənməsi və bütün regionların inkişafı deməkdir. Əminik ki, biznes icmalarımız arasında tərəfdaşlıq hər iki tərəf üçün faydalı olacaq”. Anar Axundovun sözlərinə görə, Azərbaycanın qeyri-neft iqtisadiyyatı artmaqda davam edir: “Hazırda qeyri-neft sektoruna yatırılan investisiyaların yarıdan çoxu özəl şirkətlərin payına düşür. Azərbaycan sahibkarlara güzəştli maliyyələşdirmə, kredit zəmanətləri, vergi və gömrük güzəştləri, eləcə də müntəzəm dialoq vasitəsilə dəstək göstərir. Dövlət, həmçinin ixracatçıların nəqliyyat və logistika xərclərinin 70 faizədək hissəsini, eləcə də gömrük rəsmiləşdirilməsi xərclərinin bir hissəsini kompensasiya edir”.
O əlavə edib ki, Ələt Azad İqtisadi Zonasında xarici investorlar tam xarici mülkiyyət hüququndan, mənfəətin sərbəst şəkildə ölkə xaricinə köçürülməsi imkanından yararlanırlar və yerli tərəfdaşın cəlb edilməsi tələb olunmur: “Konkret investisiya imkanlarının müəyyənləşdirilməsi üçün özəl sektorlarımız arasında birbaşa əlaqələrin qurulması vacibdir. Ticarət palatalarımız arasında müntəzəm əlaqələr isə şirkətlərə layihələrinin icrasını davam etdirməkdə kömək edəcək”.
