Nazir: “Azərbaycan imzalanan öhdəlikləri real istehsala və iqtisadi fəaliyyətə çevirməyə çalışır”
Rəqəmsal transformasiya, enerji və "yaşıl" investisiyalar regionda əməkdaşlıq üçün ən geniş imkanlar təqdim edən üç əsas istiqamətdir.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən CAMCA Regional Forumunda deyib.
Nazirin sözlərinə görə, region ölkələri iqtisadiyyatlarının bir-birini tamamlayan üstünlüklərə malik olduğu sahələrdə birgə istehsalı artırmalı və regional dəyər zəncirləri formalaşdırmalıdır.
"Biz getdikcə daha çox birgə istehsal etməli, iqtisadiyyatlarımızın bir-birini tamamlayan üstünlüklərə malik olduğu sahələrdə regional dəyər zəncirləri qurmalıyıq. Artıq iri şirkətlərimiz və maliyyə institutlarımız bir-birinin bazarlarında fəaliyyət göstərir və təmsil olunur", - Mikayıl Cabbarov bildirib.
O vurğulayıb ki, tərəfdaşlığa etimad yalnız imzalanan sənədlərlə deyil, əldə olunan nəticələrlə ölçülür.
"Biz hesab edirik ki, etimad imzalarla deyil, nəticələrin əldə olunması ilə ölçülür. Ötən həftə məhz bu şəhərdə II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirildi. Forum çərçivəsində süni intellekt, enerji, o cümlədən, bərpa olunan enerji, rəqəmsal iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, əczaçılıq, maliyyə və su idarəçiliyi sahələrində ümumi dəyəri 10,8 milyard dollar olan 23 müqavilə və saziş imzalandı", - deyə Mikayıl Cabbarov qeyd edib.
Nazir əlavə edib ki, forumda Mərkəzi Asiya ölkələri və şirkətləri, eləcə də ABŞ şirkət və korporasiyaları fəal iştirak edib.
"Forum ümumi aktivlərinin dəyəri 30 trilyon dollar olan investorları bir araya gətirdi. Onların arasında BlackRock, Global Infrastructure Partners və Brookfield Asset Management kimi şirkətlər də var idi. Bu, beynəlxalq investorların Azərbaycana artan etimadının aydın göstəricisidir", - deyə Mikayıl Cabbarov bildirib.
Nazir qeyd edib ki, Azərbaycan imzalanan öhdəlikləri real istehsala və iqtisadi fəaliyyətə çevirməyə çalışır.
"Biz öhdəlikləri istehsala çevirməyə çalışırıq. İnvestorları vahid əlaqələndirici mexanizm vasitəsilə dəstəkləyirik. Strateji layihələrin həyata keçirilməsi üçün müvafiq hökumətlərarası komissiya yaradılıb və ona Baş nazirin müavini rəhbərlik edir", - deyə o vurğulayıb.
