Li Kai-Fu: “Elə dövr gəlib ki, bir insan süni intellekt “ordusu” ilə çoxsaylı tapşırıqları icra edə bilir” AÇIQLAMA
İnkişaf etməkdə olan ölkələrin öz dilinə və daxili bazarına uyğun süni intellekt (Sİ) imkanları formalaşdırması üçün modelləri sıfırdan yaratmasına və buna milyardlarla dollar xərcləməsinə lüzum yoxdur. Məşhur süni intellekt eksperti, “Sinovation Ventures” şirkətinin rəhbəri Li Kai-Fu II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “vergiler.az”a müsahibəsində bildirib ki, yerli sistemləri mövcud açıq mənbəli modellər əsasında daha az xərclə ərsəyə gətirmək mümkündür.
Modeli sıfırdan öyrətməyə ehtiyac yoxdur
Tayvanlı mütəxəssisin sözlərinə görə, bunun üçün ilk növbədə müvafiq dil üzrə kifayət qədər mətn və nitq bazası (korpus) toplamaq lazımdır. Daha sonra mövcud açıq mənbəli modellər üzərində davamlı öyrətmə prosesi aparıla bilər. Beləliklə, layihələrin xərci yüz milyonlarla deyil, cəmi bir neçə milyon dollar təşkil edəcək.
Zamanı düzgün qiymətləndirən ölkə regional lider olacaq
Ekspert Qafqaz və Mərkəzi Asiya regionunun süni intellekt sahəsində özünəməxsus üstünlüklərə malik olduğunu vurğulayıb. Onun fikrincə, regionun unikal dil, mədəniyyət və din xüsusiyyətləri ABŞ və ya Çindən gələn standart Sİ məhsullarını bura üçün əlverişsiz edir. Məhz bu səbəbdən, zamanı düzgün qiymətləndirən tərəf tezliklə regional liderə çevrilə bilər. Li Kai-Fu hesab edir ki, əsas diqqət texnologiyanın özündən çox, onun düzgün tətbiqinə yönəldilməlidir.
Süni intellekt müəssisələrə inteqrasiya olunmalıdır
Əsas istiqamətlərdən biri Sİ texnologiyalarının biznesə inteqrasiyasıdır. Ekspert bu prosesə rəhbərlik səviyyəsində başlamağı təklif edir. O, Çindəki “Boss AI” tətbiqini nümunə göstərərək qeyd edib ki, bu cür həllər idarəçilərə Sİ vasitəsilə şirkəti transformasiya etməyə və gəlirliliyi artırmağa kömək edir. Analoji tətbiqlərdən həm özəl, həm də dövlət mülkiyyətində olan iri müəssisələrdə effektiv istifadə oluna bilər.
Bütün resursları “unicorn” arzusuna yönəltmək səhvdir
Li Kai-Fu ölkələrin Sİ strategiyasında yalnız "unicorn" (dəyəri 1 milyard dolları keçən startap) yaratmağa fokuslanmasını doğru yanaşma hesab etmir. “Əlbəttə ki, “Unicorn”lar əladır, amma onlar hər zaman ortaya çıxmır. ABŞ və Çini öz oyununda üstələməyə çalışmaq əvəzinə, daha çox sayda sahibkarın fəaliyyətinə şərait yaradılmalıdır. Minlərlə startapa sərmayə qoyub aralarından birinin "unicorn"a çevrilməsini gözləməkdənsə, altı ay ərzində gəlir gətirə biləcək kiçik şirkətlərin qurulması daha məqsədəuyğundur”, — deyə ekspert əlavə edib. O, rəhbərlik etdiyi şirkətin Sİ-dən real qazanc əldə etmək istəyən ölkələrlə işləməyə hazır olduğunu da bildirib.
Bir nəfərlik şirkətlər (OPC) dövrü başlayır
Mütəxəssis hazırda bir nəfərin Sİ agentlərindən istifadə etməklə bütöv bir komandanın işini görə bildiyini diqqətə çatdırıb. O, bu baxımdan "One Person Company" (OPC) — bir nəfərlik şirkətləri böyük imkan kimi dəyərləndirir: “Artıq elə bir dövr gəlib çatır ki, bir insan süni intellekt “ordusu” ilə çoxsaylı tapşırıqları icra edə bilər. Dövlətlər faydalı rəqəmsal məhsul yarada bilən fərdlərə və onların istifadə etdiyi Sİ resurslarına (tokenlərə) dəstək göstərməlidir. Bura avtomatik videoçarxların, müsahibə skriptlərinin, məqalələrin hazırlanması, elektron ticarət və müştəri cəlbi kimi sahələr daxildir”.
Rəqəmsal xidmət ixracı və yeni əmək bazarı
Li Kai-Fu hesab edir ki, bu rəqəmsal xidmətlər əmək qüvvəsinin baha olduğu varlı ölkələrə satıla bilər. Bu zaman alıcılar xərclərini yarıbayarı azaldır, xidməti təklif edən tərəf isə demək olar ki, sıfır sərmayə ilə gəlir qazanır. Sİ agentlərini idarə etmək üçün xüsusi proqramlaşdırma bacarığının vacib olmadığını deyən ekspertin sözlərinə görə, istifadəçilərə cəmi iki həftəlik təlim kifayətdir. Əsas məsələ agentlərə təbii dildə düzgün tapşırıq vermək, onların işini yönləndirmək və nəticəni təsdiqləməkdir. Sİ-nin əmək bazarına təsiri ilə bağlı sualları da cavablandıran Li Kai-Fu vurğulayıb ki, texnologiyanın bir çox sahəni əvəz etməsi gələcəkdə müəyyən işsizlik dalğası yarada bilər. Lakin insanın ən böyük üstünlüyü prosesləri idarə etmək, məsuliyyəti üzərinə götürmək və doğru ideyalar verməklə dəyər yaratmaq bacarığının dəyişməz olaraq qalmasıdır.
Faiq KƏRİMOĞLU
