25 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Özbəkistan Orta Dəhliz üzrə daha böyük imkanların yaradılmasına sərmayə yatırmaq əzmindədir

Özbəkistan Orta Dəhliz üzrə daşımaların həcminin artırılması və Xəzər dənizində yeni yükdaşıma imkanlarının yaradılması istiqamətində Azərbaycanla əməkdaşlığı genişləndirir.

Bu sözləri Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qlobal artımın, investisiyanın və əlaqələrin gələcəyinin formalaşdırılması” mövzusunda yüksəksəviyyəli panel müzakirəsində deyib.

Nazir bildirib ki, münaqişələrdən və digər çağırışlardan əvvəl müəyyən ixrac-idxal marşrutları üzrə daşımalar təxminən 10 gün çəkirdisə, hazırda yaranmış vəziyyət alternativ nəqliyyat dəhlizlərinin inkişafını zəruri edir.

“Nəqliyyat dəhlizlərimizi şaxələndiririk və bizim üçün ən cəlbedici marşrutlardan biri Orta Dəhlizdir. Son iki-üç ildə Azərbaycan üzərindən yüklərin daşınmasını iki dəfə artırmışıq. Bu il də 50 faizdən çox artım müşahidə olunur”, – deyə L.Kudratov qeyd edib.

O bildirib ki, Özbəkistan Xəzər dənizi üzərindən daşımalar üçün yeni imkanların yaradılması, əlavə bərələrin cəlb olunması, həmçinin Zəngəzur dəhlizinin Naxçıvan üzərindən keçən Azərbaycan hissəsinə investisiya qoyuluşu məsələləri üzərində işləyir.

“Özbəkistan Orta Dəhliz üzrə daha böyük imkanların yaradılmasına sərmayə yatırmaq və bu istiqaməti inkişaf etdirmək əzmindədir”, – deyə nazir vurğulayıb.

L.Kudratov region daxilində ticarət-iqtisadi əlaqələrin genişləndirilməsini də prioritet kimi göstərib. Onun sözlərinə görə, Mərkəzi Asiya ölkələri, o cümlədən Azərbaycanla ümumi ticarət dövriyyəsi artıq 13 milyard dollara çatıb və 2030-cu ilədək bu göstəricinin 20 milyard dollara çatdırılması hədəflənir.

Nazir bildirib ki, əməkdaşlıq yalnız ticarətlə məhdudlaşmır, sənaye tərəfdaşlığını və birgə investisiyaları da əhatə edir. O qeyd edib ki, Özbəkistanın Azərbaycanda, o cümlədən tekstil və avtomobil sənayesində investisiyaları, Azərbaycanın isə Özbəkistanda mədənçıxarma, daşınmaz əmlak, enerji və digər sahələrdə investisiyaları mövcuddur.

“Biz birlikdə vahid bazar, vahid iqtisadi və biznes məkanı formalaşdırırıq. İnteqrasiya olunmuş və vahid siyasətlərə malik region nə qədər böyük olarsa, investisiya cəlbediciliyimiz də bir o qədər yüksək olar”, – deyə L.Kudratov bildirib.

O, həmçinin enerji təhlükəsizliyinin, xüsusilə yüksək enerji qiymətləri fonunda, region üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

VergiXəstəlik vərəqəsinə görə ödənilən müavinətdən gəlir vergisi tutulurmu? VergiFiziki şəxsin VÖEN alması üçün nələr tələb olunur? VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir?