11 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ARDNF aparıcı suveren investorlarla birlikdə Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), Çin İnvestisiya Korporasiyası ("CIC"), Tayland Hökumətinin Pensiya Fondu, Malayziyanın suveren sərvət fondu olan "Khazanah Nasional Berhad", Malayziyanın pensiya fondu olan "Kumpulan Wang Persaraan (Diperbadankan)" və İndoneziya İnvestisiya Qurumu ("INA") tərəfindən Çin-ASEAN Birgə İnvestisiya Şurası ("CAJIC" və ya "Şura") təsis edilib. Şuranın yaradılması Çinin Syamen şəhərində keçirilən 26-cı Çin Beynəlxalq İnvestisiya və Ticarət Sərgisi ("CIFIT") çərçivəsində elan olunub.

“CIC”-nin təşəbbüsü ilə yaradılan və Katibliyinin fəaliyyətini "CGS International Securities Pte. Ltd." şirkətinin həyata keçirdiyi “CAJIC” suveren sərvət fondlarını və digər aparıcı institusional investorları Çin və Cənub-Şərqi Asiya üzrə uzunmüddətli əlaqələrin gücləndirilməsi, investisiya yanaşmalarının mübadiləsi, eləcə də ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarının araşdırılması məqsədilə bir araya gətirir. Şuranın fəaliyyəti üç əsas istiqaməti əhatə edəcəkdir: Tərəfdaşlıq və əlaqələrin inkişafı – investisiya forumları, dəyirmi masalar və rəhbər səviyyəli proqramlar vasitəsilə institusional əlaqələrin gücləndirilməsi; Bilik və təcrübə mübadiləsi – tədqiqatların aparılması, bilik və təcrübənin paylaşılması; Kapital və investisiya əməkdaşlığı – qarşılıqlı maraq doğuran sahələr üzrə ayrıca idarəetmə mexanizmləri əsasında investisiya təşəbbüslərinin həyata keçirilməsi.

ARDNF üçün “CAJIC”-in təsis edilməsi Fondun regionda formalaşdırdığı investisiya əlaqələrinin inkişafında növbəti mərhələdir. Çin bazarında on ildən artıq müddətdə formalaşmış investisiya təcrübəsinə əsaslanan ARDNF son illərdə aparıcı Çin institutları ilə əməkdaşlığını ardıcıl şəkildə genişləndirib. 2025-ci ilin aprelində ARDNF ilə “CIC” arasında imzalanmış Anlaşma Memorandumu daha dərin investisiya əməkdaşlığı, bilik və təcrübə mübadiləsi, eləcə də qarşılıqlı faydalı təşəbbüslərin inkişafı üçün strateji çərçivə yaradıb.

Bu əməkdaşlıq 2026-cı ilin aprelində ARDNF, “CIC” və “INA” tərəfindən “Galaxy Orientis” Çin-ASEAN İnvestisiya Proqramının ("CAIP") yaradılması ilə yeni mərhələyə keçib. Suveren investorların rəhbərlik etdiyi özəl kapital platforması ilkin mərhələdə təxminən 520 milyon ABŞ dolları həcmində vəsait cəlb edib, proqramın hədəf ölçüsü isə 1 milyard ABŞ dollarıdır. “CAIP” Çin və Cənub-Şərqi Asiya arasında dərinləşən iqtisadi və sənaye əlaqələrinin yaratdığı uzunmüddətli investisiya imkanlarına fokuslanır və sənaye, səhiyyə, istehlak, biznes xidmətləri və texnologiya daxil olmaqla bir sıra sahələri əhatə edir.

“CAIP” və “CAJIC” ayrı, lakin bir-birini tamamlayan təşəbbüslərdir. “CAJIC” institusional əlaqələrin inkişafı, bilik və təcrübə mübadiləsi, eləcə də potensial əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi üçün daha geniş platforma rolunu oynayır. “CAIP” isə iştirakçı suveren institutlara birgə idarəetmə mexanizmi çərçivəsində konkret investisiya imkanlarına kapital yönəltməyə şərait yaradır. “CAJIC” eyni zamanda ARDNF-nin daha geniş suveren və uzunmüddətli investorlar şəbəkəsi ilə əlaqələrinin genişlənməsinə, regional bazarlar və investisiya mühiti üzrə biliklərin dərinləşdirilməsinə, eləcə də yeni institusional tərəfdaşlıqların formalaşdırılması imkanlarının araşdırılmasına töhfə verir. “CAIP” “CAJIC”-dən ayrıca idarəetmə mexanizmi əsasında fəaliyyət göstərir.

Bu təşəbbüslər Azərbaycan üçün daha geniş strateji əhəmiyyət də daşıyır. Orta Dəhlizin Asiya və Avropa arasında əlaqələrin gücləndirilməsində rolunun artması Azərbaycanın iki region arasında strateji mövqeyini daha da önəmli edir. Bununla yanaşı, ARDNF-nin Asiyanın aparıcı suveren və uzunmüddətli investorları ilə əməkdaşlığının genişlənməsi regionla maliyyə və institusional əlaqələrin dərinləşməsinə töhfə verir. “CAIP” və “CAJIC” bu əlaqələrin möhkəmləndirilməsi və uzunmüddətli investisiya əməkdaşlığının inkişafı üçün əlavə imkanlar yaradır.

“CAJIC”-in təsisçi üzvü kimi ARDNF qlobal institusional investor kimi öz təcrübəsi ilə Şuranın fəaliyyətinə töhfə verməklə yanaşı, regionun aparıcı suveren investisiya institutları ilə əlaqələrin genişləndirilməsini davam etdirəcəkdir. Uzunmüddətli investor üçün etibarlı tərəfdaşlar, yerli bazarlar üzrə bilik və güclü institutlarla birgə investisiya imkanları kapitala çıxış qədər əhəmiyyətli ola bilər. Bu baxımdan, Şurada iştirak Fondun portfelinin uzunmüddətli şaxələndirilməsi və strateji tərəfdaşlıqların qurulması yanaşmasını tamamlayır, yüksək keyfiyyətli investisiya imkanlarına çıxışın genişləndirilməsinə xidmət edir.

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?