9 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Onlayn kreditlər və hüquqi məsuliyyət - Ali Məhkəmədən vətəndaşlara tövsiyələr

Son illərdə bank xidmətlərinin rəqəmsallaşması nəticəsində onlayn kreditlərin verilməsi geniş yayılıb. Bu xidmət vətəndaşlara banka getmədən qısa müddətdə kredit almaq imkanı yaratsa da, yeni hüquqi risklər də meydana çıxarıb. Azərbaycan qanunvericiliyi banklara məsafədən bank hesabı açmağa və kredit müqaviləsi bağlamağa imkan verir. Azərbaycan Respublikası Mərkəzi Bankının təsdiq etdiyi Qaydalara əsasən, banklar onlayn xidmət göstərərkən gücləndirilmiş elektron imza, videozəng, videoçəkiliş, üz tanınması, birdəfəlik təsdiq kodu (OTP) və digər identifikasiya vasitələrindən istifadə edə bilər. Son dövrlərdə məhkəmələrdə rast gəlinən mübahisələr göstərir ki, bəzi hallarda üçüncü şəxslər vətəndaşların fərdi məlumatlarını əldə edərək, onların adından onlayn kredit rəsmiləşdirir və kredit vəsaitini öz hesablarına köçürürlər.

Ali Məhkəmənin məlumatına görə, təcrübədən görünür ki, bəzən vətəndaşlar özləri mobil telefonlarına göndərilən birdəfəlik təsdiq kodlarını (OTP), bank tətbiqinə giriş məlumatlarını və ya üz tanınması prosesini digər şəxslərlə paylaşırlar. Bu isə onlara qarşı dələduzluq hallarının baş verməsinə şərait yaradır.

Bir çox şəxs hesab edir ki, dələduzluğun qurbanı olduğu üçün kredit borcuna görə heç bir hüquqi məsuliyyət daşımır. Lakin hüquqi baxımdan məsələ bir qədər fərqlidir. Belə ki, vətəndaşlar özləri də fərdi məlumatlarının qorunmasına görə məsuliyyət daşıyırlar. Məsələn, hər bir şəxs FIN kodunu, şəxsiyyət vəsiqəsini və ya onun surətini, SMS təsdiq kodlarını, bank tətbiqinə giriş məlumatlarını, biometrik məlumatlarını (üz tanınması, barmaq izi və s.) başqalarına təqdim etməməli və onların təhlükəsizliyini təmin etməlidir.

Tövsiyələr

• FIN kodunuzu, şəxsiyyət vəsiqənizi və ya onun surətini naməlum şəxslərə verməyin;
• Biometrik məlumatlarınızın təhlükəsizliyini təmin edin;
• SMS təsdiq kodlarını heç kimlə paylaşmayın;
• Telefonunuza gələn bank bildirişlərini daim izləyin;
• Mobil nömrənizi dəyişdikdə bunu banka dərhal bildirin;
• Şübhəli zəng və mesajlara etibar etməyin;
• Bank hesablarınızı mütəmadi yoxlayın;
• Xəbəriniz olmadan adınıza kredit rəsmiləşdirildiyi halda dərhal banka və hüquq-mühafizə orqanlarına müraciət edin.

Nəticə

Onlayn kredit xidmətləri müasir bankçılığın ayrılmaz hissəsidir. Bu xidmətlər həm banklardan yüksək təhlükəsizlik standartları tələb edir, həm də vətəndaşların fərdi məlumatlarının qorunmasına diqqətli yanaşmasını zəruri edir.

Məhkəmə təcrübəsi göstərir ki, təkcə dələduzluq faktının mövcudluğu kredit müqaviləsinin etibarsız sayılması üçün kifayət etmir. Məhkəmə hər bir konkret iş üzrə bankın davranışını, qanunvericiliyə əməl edib-etmədiyini, vətəndaşın öz hərəkətlərini və təqdim olunan bütün sübutları birlikdə qiymətləndirir.

AZƏRTAC

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?