30 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABDF-in maliyyə alətləri və iqtisadi təsir mexanizmi

Azərbaycan Biznesinin İnkişafı Fondu (ABDF) Azərbaycan İnvestisiya Şirkəti ilə Sahibkarlığın İnkişafı Fondunun imkanlarını vahid və əlaqələndirilmiş formada özündə birləşdirir. Bu birləşmə nəticəsində dövlətin biznes mühitinə dəstək alətləri – investisiya qoyuluşları, güzəştli kreditlər, zəmanət və subsidiya bir platformada cəmləşdirilib.

Bu yanaşmanın əsas xüsusiyyəti onun yalnız bir maliyyə alətinə söykənməməsidir. Əksinə, müxtəlif risk səviyyələrinə, biznes ölçülərinə və inkişaf mərhələlərinə uyğun fərqli həllər təqdim olunur. Nəticədə həm iri investisiya layihələri, həm də kiçik və orta biznes subyektləri üçün uyğun maliyyələşdirmə imkanları formalaşır.

İnvestisiya mexanizmi bu strukturda daha çox iri layihələrə yönəlir və konkret parametrlər əsasında tətbiq olunur. Bu mexanizm çərçivəsində layihə şirkətinin nizamnamə kapitalına minimum investisiya qoyuluşu 500 000 manat təşkil edir. Müəyyən edilmiş şərtlər təsadüfi xarakter daşımır. Fond layihə üzərində tam nəzarəti ələ almır, lakin 30 faizədək payla iştirak etməklə risklərin bölüşdürülməsini təmin edir. Nəticədə sahibkar idarəetmə imkanlarını qoruyur, Fond isə layihədə daha təhlükəsiz və balanslaşdırılmış şərtlərlə iştirak edir.

Minimum 10 faiz daxili gəlirlilik norması (DGN) tələbi yalnız iqtisadi cəhətdən əsaslandırılmış layihələrin seçilməsini təmin edir. Bu yanaşma ölkədə dayanıqlı və inkişaf potensialına malik layihələrin reallaşdırılmasına şərait yaradır.

İştirak müddətinin 5–7 illə məhdudlaşdırılması göstərir ki, Fond layihədə daimi tərəfdaş kimi deyil, onun inkişaf mərhələsində maliyyə tərəfdaşı kimi çıxış edir və müəyyən müddətdən sonra layihədən çıxmağı hədəfləyir. Bu yanaşma layihənin müəyyən inkişaf mərhələsinə çatdıqdan sonra bazar prinsipləri əsasında müstəqil fəaliyyət göstərməsinə, eyni zamanda Fondun resurslarının yeni layihələrə yönəldilməsinə imkan verir.

Güzəştli kredit mexanizmi iqtisadiyyatın prioritet sahələri üzrə fəaliyyət göstərən sahibkarları əhatə edir və onun təsiri təqdim olunan əlverişli şərtlər vasitəsilə formalaşır. Kreditlərin 50 000 manatdan 10 000 000 manatadək məbləğdə və 10 ilədək müddətə verilməsi sahibkarlara müxtəlif miqyaslı layihələri həyata keçirmək imkanı yaradır.

İllik faiz dərəcəsinin 5 faizədək müəyyənləşdirilməsi bazar şərtləri ilə müqayisədə sahibkarların maliyyə yükünü əhəmiyyətli dərəcədə azaldır və yeni investisiya qərarlarının qəbul edilməsi üçün daha əlverişli şərait yaranır.

Kredit müddətinin yarısınadək tətbiq olunan güzəşt müddəti isə xüsusi əhəmiyyət daşıyır. Bu imkan sayəsində biznes gəlir formalaşdırmağa başlamazdan əvvəl əsas borcun ödənilməsi yükü ilə qarşılaşmır. Nəticədə layihələrin uğurlu fəaliyyət ehtimalı artır, erkən mərhələdə maliyyə çətinliyi və iflas riski azalır.

Dövlət zəmanəti və faiz subsidiyası mexanizmi sahibkarların müvəkkil kredit təşkilatlarından cəlb etdikləri 5 milyon manatadək biznes kreditlərini əhatə edir. Müvəkkil kredit təşkilatlarına banklar, bank olmayan kredit təşkilatları, eləcə də lizinq, faktorinq və investisiya fəaliyyəti ilə məşğul olan kommersiya hüquqi şəxsləri daxildir.

2024-cü ildən tətbiq olunan bu mexanizm hazırda işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələri əhatə edir. Azərbaycan Respublikası Prezidentinin 9 iyun 2026-cı il tarixli Fərmanına əsasən, mexanizmin yaxın gələcəkdə Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla, digər regionlarda da tətbiqi nəzərdə tutulur.

Mexanizm çərçivəsində dövlət zəmanətinin təqdim edilməsi müvəkkil kredit təşkilatlarının risklərini azaldan əsas alətlərdən biridir. Sahibkarların işğaldan azad edilmiş ərazilərdə həyata keçirdikləri layihələr üzrə cəlb etdikləri kreditlərin 90 faizədək, digər regionlarda isə 50 faizədək hissəsinin dövlət zəmanəti ilə təmin olunması kredit vəsaitinin geri qaytarılmaması riskini əhəmiyyətli dərəcədə azaldır.

Nəticədə bankların və digər müvəkkil kredit təşkilatlarının girov təminatı ilə bağlı tələbləri yumşalır və iqtisadi potensialı yüksək olan biznes layihələrini maliyyələşdirməyə marağı artır.

Bundan əlavə, kreditlər üzrə illik faiz dərəcəsinin maksimum həddi 13 faiz olmaqla, faiz yükünün yarısı 36 ayadək müddət ərzində dövlət tərəfindən subsidiyalaşdırılır. Beləliklə, sahibkar həmin müddət ərzində hesablanmış faiz məbləğinin yalnız qalan hissəsini ödəyir. Bu yanaşma biznesin ən həssas inkişaf mərhələsində maliyyə təzyiqini azaldır və pul axınının daha səmərəli idarə olunmasına imkan verir.

Kredit müddətinin 7 ilədək, güzəşt müddətinin isə 36 ayadək müəyyən edilməsi ödəniş qrafikinin biznesin real maliyyə axınına uyğun qurulmasına şərait yaradır. İlkin dövrdə əsas borc üzrə ödənişlərin təxirə salınması sahibkara fəaliyyətini sabit mərhələyə çatdırmaq, gəlir formalaşdırmaq və sonrakı ödənişləri daha dayanıqlı şəkildə həyata keçirmək imkanı verir.

Beləliklə, ABDF tərəfindən təqdim olunan maliyyə alətləri ayrı-ayrılıqda deyil, bir-birini tamamlayan kompleks mexanizmlər kimi real iqtisadi təsir yaradır. Bu alətlər sahibkarların maliyyə resurslarına çıxış imkanlarını genişləndirir, investisiya risklərini azaldır, yeni layihələrin həyata keçirilməsini təşviq edir və bizneslərin dayanıqlı inkişafına şərait yaradır.

Nəticədə ölkənin biznes mühiti daha inklüziv xarakter alır, regionlarda iqtisadi fəallıq yüksəlir və uzunmüddətli dayanıqlı inkişaf üçün möhkəm zəmin formalaşır.

VergiOrta aylıq muzdlu işçi sayı hesablanarkən analıq məzuniyyətində olan işçi nəzərə alınırmı? VergiXarici fiziki şəxslərə göstərilən xidmətlərə görə əldə olunan gəlirlər hansı qaydada vergiyə cəlb edilir? VergiKriptovalyuta əməliyyatlarından gəlir əldə edən fiziki şəxslər nə qədər vergi ödəməlidirlər? VergiQeyri-rezident vergi ödəyicisi yükdaşıma xidmətinə görə hansı qaydada vergiyə cəlb edilir? VergiKuryer fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə hansı vergi güzəşti verilir? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə hansı güzəştlər tətbiq olunur? VergiNaxçıvandakı müəssisəyə hansı vergi güzəştləri tətbiq olunur? VergiHansı halda aktivlərə görə gəlir və ya zərər nəzərə alınmır? VergiForeksdən əldə edilən gəlirlərdən icbari sosial ödənişlər tutulurmu? VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi?