Bakıda İİB Qrupunun Özəl Sektor Forumunun açılış mərasimi keçirilib YENİLƏNİB
16-19 iyun tarixlərində Bakıda keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində Özəl Sektor Forumu (“PSF 2026”) başlayıb.
Forum Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali himayəsi altında keçirilir. Tədbir İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun İİB Qrupuna daxil olan İnvestisiyaların və İxrac Kreditlərinin Sığortası üzrə İslam Korporasiyası (ICIEC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD), Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası və Biznes Forumu (THIQAH) ilə tərəfdaşlığı çərçivəsində təşkil olunub.
Forumun açılış mərasimində çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, həm Azərbaycan, həm də İİB Qrupu özəl sektorun inkişafına, KOB-ların dəstəklənməsinə, rəqəmsal transformasiyaya və dayanıqlı investisiyalara xüsusi önəm verir. Qeyd edilib ki, dayanıqlı inkişafın təmin edilməsi ticarət və investisiya əlaqələrinin genişləndirilməsini, etibarlı maliyyə alətlərinin tətbiqini və özəl sektorla səmərəli tərəfdaşlığın gücləndirilməsini zəruri edir. Ölkəmizdə özəl sektora dövlət dəstəyi və investisiya təşviqləri haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, Azərbaycanda emal sənayesi, kənd təsərrüfatı, nəqliyyat-logistika, bərpa olunan enerji, rəqəmsal texnologiyalar, yüksək əlavə dəyər yaradan xidmət sahələri və ixrac potensialına malik digər qeyri-neft-qaz istiqamətləri üzrə geniş investisiya imkanları mövcuddur. Qeyd olunub ki, İslam İnkişaf Bankının Toplantıları çərçivəsində dəyəri 4,7 milyard ABŞ dollarını ötən 32-dən çox saziş və anlaşma memorandumunun imzalanması gözlənilir.
İİB Qrupunun sədri Məhəmməd Əl-Casir forumun üzv ölkələrin işgüzar dairələrinin ticarət və investisiya münasibətlərinin təşviqi, dayanıqlı inkişaf məqsədlərinə uyğun yeni təşəbbüslərin dəstəklənməsi baxımından əhəmiyyətini qeyd edib.
Tədbirin açılış mərasimində özəl sektorun və ticarətin maliyyələşdirilməsi, investisiya və rəqəmsal sahələr üzrə əməkdaşlıq sənədlərinin mübadiləsi həyata keçirilib. Belə ki, ICD və SOCAR arasında Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində infrastruktur və enerji layihələri üzrə maliyyələşdirmə, investisiya və məsləhət imkanlarının araşdırılmasını nəzərdə tutan Anlaşma Memorandumu, ICD və Azərbaycan Biznesinin İnkişafı Fondu arasında yerli valyutada maliyyələşdirmə xətti imkanları üzrə Çərçivə Agentlik Sazişi, ICD və Türk İnvestisiya Fondu arasında maliyyələşdirmə xətti üzrə Çərçivə Agentlik Sazişi, ICD və “Azerconnect” arasında birbaşa maliyyələşdirmə mexanizmi üzrə Mandat məktubu, ICD və “TuranBank” arasında maliyyələşdirmə xətti üzrə niyyət məktubu, ITFC və “Rabitəbank” arasında maliyyələşdirmə xətti üzrə saziş mübadilə olunub.
Qeyd edək ki, Forumun proqramına Halal İqtisadiyyat Liderlik Forumu (HELF) və Azərbaycan Halal Biznes Forumu (AZHAB Forum 2026), Azərbaycanın investisiya perspektivlərinə, eləcə də regional inteqrasiya mövzularına dair müzakirələr, sərgi, startaplar və KOB-lar arasında müsabiqə, B2B və B2G görüşlər daxildir. Həmçinin, proqram çərçivəsində İİB Qrupunun üzv ölkələr üzrə fəaliyyəti, xidmətləri və təşəbbüsləri, Azərbaycanda özəl sektor üzrə investisiyaların və ticarətin təşviqi alətləri təqdim olunur.
-----
12:32
“İslam İnkişaf Bankının (İİB) prezidenti Məhəmməd Süleyman Əl-Casir ilə birlikdə İİB Qrupunun İllik Toplantıları çərçivəsində keçirilən Özəl Sektor Forumunda iştirak etdik. Üzv ölkələrlə ticarət, biznes və investisiya tərəfdaşlığının yeni səviyyəyə yüksəlməsi, ortaq inkişaf prioritetlərinin konkret layihələrlə dəstəklənməsi barədə fikirlərimizi bölüşdük.
Azərbaycanın strateji coğrafi mövqeyi, müasir nəqliyyat dəhlizləri və iqtisadi şaxələndirmə təşəbbüsləri vasitəsilə Avropa, Asiya və İİB Qrupu ölkələrini birləşdirən regional iqtisadi mərkəz kimi rolunu xüsusi vurğuladıq. Azərbaycanın geniş investisiya imkanlarını İİB Qrupunun güclü maliyyə alətləri, beynəlxalq təcrübəsi və üzv ölkələrdəki geniş şəbəkəsi ilə birləşdirməklə həm kommersiya baxımından səmərəli, həm də davamlı inkişaf məqsədlərinə xidmət edən yüksək dəyərli layihələr həyata keçirə bilərik”.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesablarında paylaşım edib.
