15 İyul 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Taleh Kazmov: “VÖEN-ə bağlı olmayan debet kart niyə sahibkarlıq fəaliyyəti üçün istifadə olunur?”

“Fiziki şəxslərin adına olan debet kartlara gün ərzində 50 dəfə köçürmə ediləndə şübhəli hal kimi qeydə alınır. Azərbaycanda "card to card" dövriyyəsi inanılmaz dərəcədə yüksəkdir”.

vergiler.az xəbər verir ki, bu fikri Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov sahibkarların debet kart hesablarının bloklanması ilə bağlı narazılıqlara münasibət bildirərkən səsləndirib. Onun sözlərinə görə, banklar fiziki şəxslərin fərdi məlumatlarına çıxışı məhdudlaşdırır:

“Bir çox dövlət qurumları fiziki şəxslərlə bağlı daha çox məlumat əldə etmək istəyirlər. Ancaq biz bunu məhdudlaşdırırıq. Çünki bu bizim üçün riskdir. Bu, bank sektoruna inamı azalda biləcəyi üçün mən tənzimləyici qurumun rəhbəri kimi onu dəstəkləmirəm. Amma haqlı olaraq soruşa bilərik ki, VÖEN-ə bağlı olmayan debet kart niyə sahibkarlıq fəaliyyəti üçün istifadə olunur? Bəzən gün ərzində bir şəxsin hesabına 10, 50, 100, 200 manat olmaqla müxtəlif kartlardan yüzlərlə köçürmə daxil olur. Bank bunu təhlil edəndə bəzən şübhələnir, kart sahibi ilə əlaqə saxlayır. Daha sonra əməliyyatlar barədə məlumatları, qanuna əsasən, Maliyyə Monitorinqi Xidmətinə göndərir. Xidmət özü də təhlil edib burada vergidən yayınma halının olması qənaətinə gəlirsə, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat verir. Bu, normal beynəlxalq praktikadır. Bundan şikayət edən sahibkarlara demək lazımdır ki, onlar sahibkarlıqla bağlı əməliyyatlarını yalnız VÖEN-ə bağlı olan kartlar və hesablar üzərindən həyata keçirsinlər. O zaman heç nədən narahat olmayacaqlar".

Hazırda mövcud olan qanunvericiliyin fərdi məlumatları qoruduğunu vurğulayan T.Kazımov yalnız banklardakı şübhəli əməliyyatların yoxlanıldığını deyib: “Vergidən yayınmadan başqa, burada dələduzluq, “çirkli pullar”ın yuyulması da ola bilər. Nə olsun fərdi məlumatdır? Bir hesaba mənbəyi müəyyən olmayan məbləğlər gəldiyi müşahidə edilirsə, Maliyyə Monitorinqi Xidməti bunu təhlil edir. Əgər nəticədə onu “çirkli pullar”ın yuyulması kimi qiymətləndirərsə, məlumatları hüquq-mühafizə orqanlarına ötürür. Xüsusilə, mərc oyunlarına inanılmaz dərəcədə böyük məbləğlər sərf olunur. Çox xırda ödənişlərdir, ancaq əməliyyatların sayı minlərlədir. Maliyyə sektoru “çirkli pullar”ın axınında vasitəçi olmamalıdır. Onun üçün bütün dünyada maliyyə monitorinqi xidmətləri yaradılıb. Şübhəli əməliyyat aşkarlandıqda, bank həmin xidmətə məlumat verir. Mən də bu prosesi tamamilə dəstəkləyirəm. Bu, bank sirrinin pozulması kimi qiymətləndirilməməlidir”.

T.Kazımov Dövlət Vergi Xidmətinin birbaşa sahibkarlıq hesablarına çıxışının təmin olunmasına tərəfdar olduğunu deyib: “Qanunvericiliyə əsasən, bu gün banklar VÖEN sahiblərinin məlumatlarını ayda bir dəfə Dövlət Vergi Xidmətinə təqdim edir. Mən həm də bunun tərəfdarıyam ki, müəyyən vaxt çərçivəsində Dövlət Vergi Xidmətinin onlayn qaydada vergi ödəyicilərinin sahibkarlıq hesablarındakı məlumatlara çıxışı olsun. Xidmət yerində öz nəzarətini həyata keçirməklə yanaşı, rəqəmsal kanallarla da bunu icra etməlidir. Mən bunu dəstəkləyirəm”.

Fərqanə ALLAHVERDİQIZI

VergiŞirin peçenyenin istehsalına vergi güzəşti tətbiq edilirmi? VergiVÖEN şəhadətnaməsini itirən fiziki şəxs cərimə olunurmu? Vergiİcarə haqqından verginin ödənilməsi hansı tərəfin öhdəliyinə aiddir? VergiVergi uçotunda olmayan fiziki şəxsdən əsas vəsaitin alışını elektron alış aktı ilə rəsmiləşdirmək mümkündürmü? VergiQeyri-rezidentə ödənilən xidmət haqqından hansı vergilər tutulur? VergiNaxçıvandakı fərdi sahibkara hansı formada vergi güzəştləri tətbiq edilir? VergiYerli qrantlar hesabına idxal olunan mallara görə ƏDV necə hesablanıb tutulur? VergiSuvenir və qızıl satışı ilə məşğul olan fiziki şəxs sadələşdirilmiş vergi ödəyicisi ola bilərmi? VergiDaşınmaz əmlakın icarəsindən əldə edilən gəlirdən sosial ödənişlər tutulurmu? VergiNaxçıvandakı rezidentlər xammal idxalı zamanı ƏDV-dən azad edilirmi?