Radil Fətullayev: “Mühasiblərin ixtisaslaşması vacibdir”
“Son illərdə maliyyə uçotunu bilən və tətbiq edən mütəxəssislərin sayı artıb. Tenderlərdə maliyyə uçotu tələbinin olması da bu işin dərindən öyrənilməsinə və tətbiqinə təkan verib”. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin direktoru Radil Fətullayev bu fikirdədir.
Maliyyə uçotu və vergi uçotunun paralel aparılması məsələsinə aydınlıq gətirən R.Fətullayevin sözlərinə görə, son illərdə bu sahədə çalışan mütəxəssislərin təkmilləşdiyi görünür: “Peşəkar mühasib sertifikatı alan və digər bir qisim mühasiblər artıq maliyyə uçotunu aparmağı bacarırlar. Ancaq maliyyə uçotu ilə vergi uçotunu eyni anda aparmaq çox çətin məsələdir. Ona görə də artıq mühasiblərin bu sahələrdə ayrıca ixtisaslaşması lazımdır. Bu gün Azərbaycanda şirkət rəhbərləri çox vaxt deyirlər ki, bir mühasib olsun, həm maliyyə uçotunu aparsın, həm vergi uçotunu, həm analizləri versin. Əvəzində isə az əməkhaqqı təklif edirlər. Təcrübə isə onu göstərir ki, maliyyə və vergi uçotu ayrılıqda aparılmalıdır. Bunların kəsişdiyi nöqtəni isə bilmək vacibdir”.
R.Fətullayev əlavə edib ki, müəssisələrdə vergi uçotunu həyata keçirən şəxs maliyyə uçotunu bilməsə, öz işini də düzgün qura bilməz. Əksinə, maliyyə uçotunu aparan şəxs vergi uçotunu bilmədikdə çətinə düşəcək: “Bir çox hallarda mühasiblərin onlarla sertifikatının olduğu halda maliyyə uçotunu bilməməsinin şahidi olmuşuq. PMS imtahanlarında müxabirləşmələrlə bağlı sualların çoxluğundan şikayətlənirlər. Məncə, bu yolverilməzdir. Maliyyə və mühasibatlıq sahəsində çalışan hər kəs ən azı 1 ay maliyyə hesabatlarının ilkin versiyasını, müxabirləşmələri öyrənməlidir. Bunu öyrəndikdən sonra digər uçot və hesabatların hazırlanması da asanlaşacaq. Vergi uçotu sahəsində yetişmək istəyən mühasiblər mütləq maliyyə uçotunu tam bilməlidirlər, müxabirləşmə ilə bağlı sualları olmamalıdır”.
Fərqanə ALLAHVERDİQIZI
