İqtisadiyyat nazirinin birinci müavini Özbəkistanda bir sıra tədbirlərdə iştirak edib
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Özbəkistanın paytaxı Daşkənd şəhərində Mərkəzi Asiya dövlətlərinin Ticarət və İnvestisiya Nazirləri Şurasının birinci iclasında iştirak edib.
İqtisadiyyat nazirinin birinci müavini tədbirdə Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında dostluq və qardaşlıq əlaqələrini, qarşılıqlı iqtisadi əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayıb. Ticarət və investisiya tərəfdaşlığının, eləcə də ümumi rifaha xidmət edən yeni layihələrin həyata keçirilməsi üçün geniş imkanların olduğu diqqətə çatdırılıb. Yeni yaradılan Şuranın bu istiqamətdə fəaliyyətin institusional əsaslarını möhkəmləndirəcəyinə və qarşıya qoyulan hədəflərə nail olunmasına təkan verəcəyinə inam ifadə edilib. Qeyd olunub ki, Azərbaycanın Özbəkistanda yerləşməklə Mərkəzi Asiya ölkələri üzrə ticarət nümayəndəsinin təyin edilməsi region ölkələri ilə ticarət-iqtisadi əməkdaşlığın inkişafına, “Made in Azerbaijan” brendinin və ölkəmizin investisiya imkanlarının təşviqinə, həmçinin qeyri-neft ixracının artırılmasına mühüm töhfə veriləcək.
Tədbirdə Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda, Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Nazar Ağaxanov və Qırğız Respublikasının Özbəkistandakı səfiri Duyşenkul Çotonov region ölkələri arasında iqtisadi tərəfdaşlığının dərinləşdirilməsinin, birgə iqtisadi layihələrin təşviqinin əhəmiyyətini qeyd ediblər. Ortaq təşəbbüslərin reallaşdırılması, eləcə də özəl sektorun işbirliyində rolunun artırılmasının vacibliyi diqqətə çatdırılıb.
İclasda regiona beynəlxalq investisiyaların cəlbi və dövlət-özəl tərəfdaşlığı mexanizminin inkişafı, nəqliyyat-logistika dəhlizlərinin effektiv əlaqələndirilməsi istiqamətində müzakirələr aparılıb.
İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Daşkənd vilayətinin Bostanlıq rayonunda Mərkəzi Asiya dövlətləri və Azərbaycanın “Sərhədsiz Əməkdaşlıq" adlı ilk Regionlararası Əməkdaşlıq Forumunda iştirak edib. Forum çərçivəsində “Mərkəzi Asiya dövlətləri və Azərbaycanın sürətli inkişaf strategiyası: Sərhədsiz əməkdaşlıq” mövzusunda biznes forum keçirilib.
Tədbirdə çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev forumun regional iqtisadi inteqrasiyanın dərinləşdirilməsi, qarşılıqlı investisiya qoyuluşlarının artırılması və regional tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində mühüm platforma olduğunu vurğulayıb. Bildirilib ki, Azərbaycan tranzit ölkə kimi Mərkəzi Asiya ölkələrinin Avropa bazarlarına çıxışında strateji rol oynayır. İnvestisiya, sənaye, ticarət, nəqliyyat, yaşıl enerji, tikinti, kənd təsərrüfatı, turizm və digər sahələrdə ortaq layihələrin həyata keçirilməsi üçün mövcud imkanların qiymətləndirilməsinin vacibliyi qeyd edilib. Ölkəmizin əlverişli investisiya ekosistemi, azad edilmiş ərazilərimizdə sərmayə imkanları və rəqabətqabiliyyətli sahibkarlıq mühiti barədə məlumat verilib.
Biznes forumda Özbəkistan Rezpublikasının Baş nazirinin müavini Cəmşid Xocayev, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Qırğız Respublikasının Nazirlər Kabinetinin sədrinin müavini – su ehtiyatları, kənd təsərrüfatı və emal sənayesi naziri Bakit Torobayev, Qazaxıstanın ticarət və inteqrasiya naziri Arman Şakkaliyev, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda, Türkmənistanın ticarət və xarici iqtisadi əlaqələr naziri Nazar Ağaxanov çıxış ediblər. Mərkəzi Asiya və Azərbaycan arasında birgə layihələrin həyata keçirilməsi və ticarətin inkişafı üçün daha əlverişli şəraitin yaradılmasının əhəmiyyəti vurğulanıb. İkitərəfli və regional iqtisadi əməkdaşlığın inkişafında özəl sektorun rolu qeyd edilib.
Sənaye, qida, kənd təsərrüfatı, ticarət, logistika, tikinti, turizm, inşaat, İT və digər sahələrdə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin də iştirak etdiyi biznes forumda nəqliyyat dəhlizlərinin inkişafı, logistika mərkəzlərinin yaradılması, rəqəmsallaşma, humanitar əlaqələrin inkişafı, infrastruktur sahəsinə investisiyalar və digər sahələrdə mövcud əməkdaşlıq imkanları müzakirə olunub.
