Yaponiyada Azərbaycanın turizm potensialı təqdim edilib
Yaponiyanın Osaka şəhərində keçirilən “Expo 2025”dəki Azərbaycan pavilyonunda ölkəmizin turizm potensialı təqdim edilib.
Dövlət Turizm Agentliyinin məlumatına görə, Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Yaponiya, eləcə də Asiyanın müxtəlif ölkələrindən olan 30 aparıcı turizm sənayesi nümayəndəsinin iştirakı ilə şəbəkələşmə tədbiri, həmçinin beynəlxalq bazarları təmsil edən 30 media nümayəndəsinin iştirakı ilə media tədbiri baş tutub. Tədbirlərdə Azərbaycanın şərab irsi və enoturizm potensialı haqqında təqdimatlar edilib.
Pavilyonun “Yeddi gözəl” konsepsiyasına uyğun olaraq, Azərbaycan Turizm Bürosu tərəfindən “Azərbaycanın yeddi marşrutu” adlı interaktiv proqram hazırlanıb. Proqramda ziyarətçilərə Azərbaycanın əsas turizm məhsulları, eləcə də təbiəti, mədəniyyəti və tarixi ilə yaxından tanış olmaq imkanı yaradılıb.
Qeyd edək ki, Azərbaycan milli pavilyonu “Expo 2025”in “Həyatları əlaqələndirmək” bölməsində yerləşməklə “Dayanıqlı inkişafa doğru yeddi körpü” mövzusunu əhatə edir.
