24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
“Şəfəq” GES və Səngəçal terminalına dair layihələr təsdiqlənib

“Şəfəq” GES və Səngəçal terminalına dair layihələr təsdiqlənib

bp, SOCAR Green və Azərbaycan Biznesinin İnkişafı Fondunun (ABİF) birgə müəssisəsi olan “Shafag (Jabrayil) Solar Limited” (SJSL) şirkətinin səhmdarları bu gün “Şəfəq” günəş elektrik stansiyası layihəsi üçün yekun investisiya qərarını elan ediblər.

bp-dən verilən məlumata görə, bu qərar Azərbaycanın Cəbrayıl rayonunda 240 MVt AC gücündə günəş elektrik stansiyasının tikintisinin başlanmasına imkan verir.

Eyni zamanda Səngəçal terminalının investorları – bp, SOCAR, TPAO, LUKOYL, Cənub Qaz Dəhlizi, NİKO, MOL, İNPEKS, EksonMobil, İTOÇU, ONGC Videş, Eni, MVM və TotalEnergies – bu gün Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsini təsdiqləyiblər. Bu layihə terminalın “AzərEnerji” ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulmasını təmin edəcək. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.

Bu iki layihə bir-biri ilə “virtual enerji ötürmə mexanizmi” adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, “Şəfəq” stansiyası elektrik enerjisi istehsal edərək onu Cəbrayıl rayonunda “AzərEnerji”yə verəcək, “AzərEnerji” isə sonra eyni həcmdə elektrik enerjisini Bakı yaxınlığında yerləşən Səngəçal terminalına ötürəcək. Hazırkı proqnozlara və planlara əsasən, “Şəfəq” və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.

Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.

Hər iki layihə üzrə yekun investisiya qərarlarını dəstəkləmək məqsədilə bu gün bir sıra digər müqavilələr də imzalanıb.

• “Şəfəq layihəsi” üzrə - SJSL ilə AzərEnerji arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi və SJSL ilə AzərEnerji arasında şəbəkəyə qoşulma müqaviləsi.

• STEL layihəsi üzrə - “AzərEnerji” ilə Səngəçal terminalının operatoru qismində bp arasında mühəndislik, təchizat, tikinti və quraşdırma işləri üzrə müqavilələr paketi, elektrik enerjisinin təchizatı müqaviləsi və istismar və texniki xidmət müqaviləsi.

Bundan əlavə, həm “Şəfəq”, həm də STEL layihələrini dəstəkləmək məqsədilə iki müqavilə — Səngəçal terminalının operatoru qismində bp, SJSL və “AzərEnerji” arasında balanslaşdırma sazişi, həmçinin Səngəçal terminalının operatoru qismində bp ilə SJSL arasında elektrik enerjisinin alqı-satqısı müqaviləsi imzalanıb.

Hər iki layihə üzrə yekun investisiya qərarının və əlaqədar müqavilələrin rəsmi imzalanması bu gün Bakı Enerji Həftəsi çərçivəsində Bakı Ekspo Mərkəzində keçirilən tədbir zamanı baş tutub.

Təxminən 200 milyon dollar dəyərində olan “Şəfəq” günəş elektrik stansiyasının tikinti işlərinə bu il başlanacağı və bu işlərin əsasən yerli resurslardan istifadə olunmaqla 2027-ci ilin ortalarınadək davam edəcəyi gözlənilir. Tikinti işlərinin pik dövründə 400-ə qədər yeni iş yerinin yaradılacağı gözlənilir.

“Şəfəq” layihəsi bütövlükdə bp şirkətinə məxsus olan Lightsource bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. SJSL şirkətindəki iştirak payları belədir: bp 50,01 faiz, SOCAR Green 39,99 faiz və ABİF 10 faiz.

230 milyon dollar dəyərində olan STEL layihəsi Səngəçal terminalının operatoru olan bp tərəfindən həyata keçiriləcək və idarə olunacaq. STEL layihəsi üzrə tikinti işlərinə bu il başlanması planlaşdırılır və bu işlərin iki mərhələdə başa çatacağı nəzərdə tutulur - 1-ci mərhələ 2027-ci ilin ortalarında, 2-ci mərhələnin isə 2028-ci ilin sonunadək.

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?