Beynəlxalq Nəqliyyat Forumu Sammitinə prezidentlik Azərbaycana təhvil verilib
Almaniyanın Leypsiq şəhərində keçirilən “Beynəlxalq Nəqliyyat Forumu 2025” Sammiti çərçivəsində Forumun 2025-2026-cı illər üzrə prezidentliyi Çilidən Azərbaycana təhvil verilib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına görə, Azərbaycan bu vəzifəyə 2023-cü ildə üzv dövlətlərin yekdil qərarı ilə seçilib və ilk dəfə olaraq prezidentlik missiyasını üzərinə götürüb.
Nazir müavini Rəhman Hümmətovun sözlərinə görə, Azərbaycan üçün bu prezidentlik yalnız bir vəzifə deyil, daha innovativ, yaşıl və daha əlaqəli nəqliyyat sistemlərinin təşviqi istiqamətində geniş səylərin davamıdır.
“Biz bilirik ki, nəqliyyat təkcə infrastruktur deyil, iqtisadi inkişaf, regional əməkdaşlıq və sosial inklüziya üçün bir vasitədir”, – nazir müavini bildirib.
Qeyd edək ki, Beynəlxalq Nəqliyyat Forumunun 69 üzvü var. Azərbaycan 1998-ci ildən bu təşkilatın həqiqi üzvüdür. 2008-ci ildən etibarən mütəmadi olaraq təşkil olunan bu sammit qlobal nəqliyyat siyasətinin formalaşmasında əhəmiyyətli rol oynayır.
