14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Azərbaycan və BƏƏ Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib YENİLƏNİB

Şuşada Azərbaycanın iqtisadiyyat naziri, Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri arasında görüş keçirilib.

Görüşdə Azərbaycan-BƏƏ arasında münasibətlərin qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslandığı, hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin əməkdaşlığın inkişafında mühüm rolu vurğulanıb. Qeyd edilib ki, qarşılıqlı səfərlər, aparılan müzakirələr əlaqələrin yeni istiqamətlərinin müəyyənləşdirilməsində xüsusi rol oynayır. Diqqətə çatdırılıb ki, bu gün Şuşada 9-cu iclası keçirilən Azərbaycan və BƏƏ arasında Birgə Hökumətlərarası Komissiya, BƏƏ-də Azərbaycanın Ticarət Nümayəndəliyinin və Dubay şəhərindəki Azərbaycan Ticarət Evinin fəaliyyəti işgüzar əlaqələrin inkişafına xidmət edir.

İkitərəfli görüşdə əməkdaşlığın inkişafı üçün böyük potensial olduğu diqqətə çatdırılıb, qarşılıqlı ticarət həcminin daha da artırılması və strukturunun şaxələndirilməsinin önəmi vurğulanıb. “Yaşıl enerji” və turizm üzrə potensial investisiya layihələri, Azərbaycan-BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişinin imzalanması istiqamətində həyata keçirilən danışıqlar barədə müzakirələr aparılıb.

Daha sonra Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclası keçirilib.

İclasda çıxış edən iqtisadiyyat naziri, Hökumətlərarası Komissiyanın həmsədri Mikayıl Cabbarov Azərbaycanla BƏƏ arasında tərəfdaşlığın istər dövlətlərarası, istərsə də işgüzar dairələr arasında uğurla inkişaf etdiyini, ticarət dövriyyəsinin həcminin artdığını və birgə təşəbbüslərin müsbət nəticələr verdiyini diqqətə çatdırıb.

Tədbir iştirakçılarına ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, yaradılmış sənaye zonalarının fəaliyyəti və Ələt Azad İqtisadi Zonasının imkanları, xarici sərmayədarlar üçün yürüdülən “açıq qapı” siyasəti barədə məlumat verilib, BƏƏ investorları tətbiq olunan investisiya təşviqi mexanizmlərindən faydalanmağa, birgə layihələrin icrasına dəvət ediliblər.

BƏƏ-nin iqtisadiyyat naziri, Komissiyanın həmsədri Abdulla Bin Touq Al Marri Azərbaycana səfərindən və Komissiyanın iclasının Şuşa şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ölkəmizin böyük inkişafa nail olduğunu, Azərbaycanın təşəbbüsü ilə əhəmiyyətli enerji, nəqliyyat və logistika layihələrinin reallaşdırıldığını vurğulayıb. Ölkələrimiz arasında çoxsahəli əməkdaşlığın gücləndirilməsi üçün həyata keçirilən tədbirlərin yeni birgə layihələrin reallaşdırılmasına, iqtisadi-ticarət münasibətlərimizin inkişafına töhfə verəcəyinə əminlik ifadə edilib.

Tərəflər iki ölkə arasında tərəfdaşlığın gücləndirilməsi, “yaşıl” enerji və digər sahələrdə birgə təşəbbüslərin reallaşdırılması, COP29 çərçivəsində potensial əməkdaşlıq istiqamətləri kimi məsələləri müzakirə ediblər.

İclasda Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi Hökumətlərarası Komissiyanın həmsədrləri - Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və BƏƏ-nin iqtisadiyyat naziri Abdulla Bin Touq Al Marri imzalayıblar. Sənəddə ticarət-investisiya, KOB-ların dəstəklənməsi, innovasiya və rəqəmsallaşma, enerji, o cümlədən “yaşıl enerji”, sənaye, kənd təsərrüfatı, qida təhlükəsizliyi, ətraf mühit, meliorasiya və su idarəçiliyi, nəqliyyat-logistika, rabitə və yüksək texnologiyalar, elm və təhsil, turizm, səhiyyə, mədəniyyət və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

-----

15:04

“BƏƏ-nin iqtisadiyyat naziri, həmkarım Abdulla Bin Touq Al Marri ilə birlikdə Şuşada Azərbaycan – BƏƏ Hökumətlərarası Komissiyasının 9-cu iclasında iştirak etdik”.

Bu barədə sosial şəbəkə hesablarında paylaşım edən iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, iclasda ölkələrimizin dayanıqlı inkişafı istiqamətində iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, investisiya yatırımlarının artırılması, yaşıl enerjiyə keçidin təmin edilməsi sahəsində birgə təşəbbüslərin əhəmiyyəti qeyd edilib və COP29 çərçivəsində potensial əməkdaşlıq imkanları nəzərdən keçirib.

Nazir paylaşımında Azərbaycan – BƏƏ iqtisadi tərəfdaşlığının güclənməsi üçün yeni fürsətlər yaradan və səmərəli müzakirələrlə yadda qalan iclasın bütün iştirakçılarına təşəkkürlərini çatdırıb.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?