14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Zamir Karajanov: “Şanxay Əməkdaşlıq Təşkilatının vəzifəsi regionda sabitliyi qorumaqdır”

“Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT - red.) vəzifəsi regionda sabitliyi qorumaqdır. Təşkilat bunu ölkələrin iqtisadiyyatlarının davamlı inkişafının və onların əhalisinin rifahının təminatı kimi görür”. Bu barədə “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına qazaxıstanlı ekspert Zamir Karajanov deyib.

Onun sözlərinə görə, ŞƏT davamlı dialoq prosesinin mövcud olduğu və ölkələrin mövqelərinin razılaşdırıldığı çoxtərəfli platforma kimi çıxış edir. “Bu da öz növbəsində dövlətlər arasında təhlükəsizlik məsələlərindən tutmuş humanitar sahəyə qədər müxtəlif sahələrdə əməkdaşlığı təşviq edir. Ölkələr arasında bu cür birləşdirici tellər nə qədər çox, ŞƏT-in məsuliyyət zonasında təhlükəsizlik nə qədər güclü olarsa, ölkələr arasında münasibətlərdə də bir o qədər sabitlik proqnozlaşdırıla bilər. Bütün bunlar, şübhəsiz ki, ŞƏT məkanında çoxtərəfli əməkdaşlıq üçün möhkəm zəmin yaradır”, - ekspert qeyd edib.

Ekspert qeyd edib ki, son illər Qazaxıstan-Azərbaycan münasibətləri, o cümlədən ŞƏT çərçivəsində münasibətlər dinamik xarakter alıb. “Bunlar sadəcə sözlər deyil, dinamika həm də 2023-cü ilin sonunda 529 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsinin həcmində aydın görünür. Beləliklə, Qazaxıstanla Azərbaycan arasında ticarət dövriyyəsi ilk dəfə olaraq 500 milyon dollar həddini keçib. Üstəlik, əsas artım son iki-üç ildə baş verib. İndi məqsəd ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmini 1 milyard dollara çatdırmaqdır. Təbii ki, ticarət dövriyyəsinin artması yük dövriyyəsinin də analoji artımına gətirib çıxarır ki, bu da son illərdə sürətlə artıb. 2023-cü ildə “Kaşağan” yatağından Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə ixracına başlanılıb, onun həcmi artır”, - Z.Karajanov qeyd edib.

Ekspert qeyd edib ki, hazırda tərəflər Xəzər dənizinin dibi ilə yüksək gərginlikli kabelin çəkilməsi məsələsini müzakirə edirlər ki, bu da gələcəkdə Qazaxıstana Azərbaycan ərazisindən keçməklə Avropaya elektrik enerjisi ixrac etməyə imkan verəcək: “Təsadüfi deyil ki, Astanada Qazaxıstan-Azərbaycan münasibətlərini qiymətləndirən Prezident İlham Əliyev qeyd edib ki, müzakirə olunan və razılaşdırılan bütün sahələrdə müsbət dinamika var. Beləliklə, ölkələrimiz arasında münasibətlər ikitərəfli formatda da uğurla inkişaf edir”.

Z.Karajanovun fikrincə, tranzit yük axını qeyri-sabitliyə çox həssas reaksiya verir: “Xüsusilə quruda tranzitdən söhbət gedirsə, burada çox şey bütün yük marşrutu boyunca sabitlik və təhlükəsizlikdən asılıdır. ŞƏT-in vəzifəsi də iştirakçı ölkələr arasında əməkdaşlığı inkişaf etdirmək və beləliklə, onlar arasında etimadı və sabitliyi gücləndirməkdir”.

Ekspert digər bir məqama da xüsusi toxunub: “ŞƏT çərçivəsində əməkdaşlıq və Qazaxıstanla yaxşı əlaqələr Azərbaycana hazırda dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çinlə əməkdaşlıq üçün böyük perspektivlər açır”.

Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsinin mövcud həcmi son hədd deyil, çünki iki ölkənin iqtisadiyyatının potensialı ticarət dövriyyəsinin həcmini artırmağa imkan verir. “ŞƏT-in Astanadakı meydançasında ticarət-iqtisadi əməkdaşlıq Çin Xalq Respublikasının rəhbəri Si Cinpin və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müzakirə olunub” - Z.Karajanov qeyd edib.

Tamilla MƏMMƏDOVA

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?