Elşad Məmmədov: “Şanxay Əməkdaşlıq Təşkilatı ilə qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca önəmlidir”
“Azərbaycan üçün Şanxay Əməkdaşlıq Təşkilatı və BRICS ilə qarşılıqlı münasibətlərin dərinləşməsi olduqca önəmlidir”. Bu fikri “vergiler.az”a açıqlamasında iqtisadçı ekspert, professor Elşad Məmmədov səsləndirib. O vurğulayıb ki, bu əməkdaşlıq milli maraqlarımız çərçivəsindədir: “Azərbaycan Prezidentinin xarici siyasətinin, o cümlədən həyata keçirilən xarici iqtisadi siyasətin milli maraqlara nə qədər uyğun olması, dövlət başçısı tərəfindən tətbiq edilən yanaşmaların təntənəsi, zənnimcə, tam şəkildə görünməkdədir. Hazırda dünya iqtisadiyyatı, beynəlxalq münasibətlər sistemi çox ciddi dəyişikliklərə məruz qalıb. Bu halda, Azərbaycan Prezidenti çox dəqiqliklə adekvat, milli maraqlara söykənən praqmatik bir yanaşma tətbiq edir. Biz faktiki olaraq regional iqtisadi əməkdaşlığın dərinləşməsində, regional əməkdaşlıq sisteminin qurulmasında Azərbaycanın çox mühüm rol oynamasının şahidi oluruq. Zənnimcə, BRICS çərçivəsində, demək olar ki, yeni makroiqtisadi bölgələr formalaşmaqdadır. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatı dövlətlərin milli suverenliyinin qorunması, milli maraqların prioritet təşkil etməsi çərçivəsində öz fəaliyyətini davam etdirir”.
Azərbaycanın xarici iqtisadi siyasəti nöqteyi-nəzərdən çox mötəbər tərəfdaşlar qazandığını deyən E.Məmmədov bu münasibətlərin daha da dərinləşəcəyini vurğulayıb: “Bu gün istər Çinin, istər Rusiya Federasiyasının, istərsə də Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü mövqeləşdirən digər iri dövlətlərin dünya iqtisadiyyatında, beynəlxalq münasibətlər sistemində çox böyük payı var. Bütün bu dövlətlər Azərbaycanı Cənubi Qafqazın həlledici açar dövləti kimi görür. Bizim iştirakımız olmadan Cənubi Qafqaz üzərindən hər hansı iri layihə reallaşdırılmır və bu güc mərkəzləri bunu tam şəkildə təsdiq edirlər. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasət öz töhfəsini verir”.
Professorun fikrincə, BRICS və Şanxay Əməkdaşlıq Təşkilatı ilə ölkəmizin münasibətləri daha da dərinləşəcək, əməkdaşlıq formatları inkişaf edəcək və Azərbaycan bunun iqtisadi, siyasi dividendlərini görəcək.
Xatırladaq ki, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Çinin Şanxay şəhərində təsis olunub. Bu mötəbər qurumla əməkdaşlığı uğurla inkişaf etdirən Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir. Prezident İlham Əliyevin təşkilatın Astana Sirvəsində iştirakı Azərbaycanın COP29 ilə bağlı mesajlarının bu platforma vasitəsilə bir daha çatdırılması, eləcə də səmərəli müzakirələrin aparılması baxımından da çox əhəmiyyətlidir.
Fərqanə ALLAHVERDİQIZI