13 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Elektron qaimə-fakturanın tətbiqi sahibkarların işini asanlaşdırır

2017-ci il aprelin 1-dən ƏDV ödəyiciləri, ötən il yanvarın 1-dən isə digər vergi ödəyiciləri üçün elektron qaimə-fakturaların tətbiq oluması müsbət nəticələr verməkdədir. Bu ilin ilk 5 ayında sahibkarlığın bütün sahələrində qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr əhəmiyyətli şəkildə artıb.  Vergi və maliyyə məsələləri üzrə ekspert, "İqtisadi resursların öyrənilməsi mərkəzi" İctimai Birliyinin rəhbəri Ruslan Atakişiyevlə müsahibənin başlıca mövzusu elektron qaimə-fakturalardır. 

- Ruslan müəllim, elektron qaimə fakturların tətbiqi Azərbaycanın biznes mühitinə hansı dəyişikliklər gətirdi?

- Elektron qaimə-fakturaların tətbiqi sahibkarların gəlir və xərcləri üzrə dövriyyəsi, ödəmələri, habelə həyata keçirilən ödəmələrin mənbəyi ilə bağlı məlumatların vahid sistemdə toplanmasına imkan verir. Əvvəllər bu cür məlumatlar vergi orqanlarına kağız daşıyıcılarda təqdim olunurdu. Bu isə həm sahibkarlar, həm də vergi orqanları üçün müəyyən çətinliklər yaradırdı. Çünki kağız daşıyıcıda təqdim olunan hesabatlarda rəqəmlərin tutuşdurulması vaxt itkisinə səbəb olur, bəzən hansısa araşdırmalara ehtiyac yarandıqda sahibkar dəfələrlə vergi orqanlarının qapısını döymək məcburiyyətində qalırdı. Elektron qaimə-fakturaların tətbiq oluması ilə sənədlərin kağız daşıyıcılarda təqdim edilməsinə ehtiyac qalmır. Bu isə hər şeydən əvvəl sahibkarların maraqlarına uyğundur, elektron qaimə-fakturaların tətbiqi vergi ödəyicilərinin faydalı iş əmsalını yüksəldir, əmək məsrəflərini azaldır.

Elektron qaimə-fakturaların tətbiqi vergi ödəyicilərinin
faydalı iş əmsalını yüksəldir, əmək məsrəflərini azaldır

- Necə hesab edirsiniz, sahibkarlar bu texnoloji yeniliklərin kağız daşıyıcılarla müqayisədə çoxlu üstünlüklərinin olduğunu öz fəaliyyətlərində hiss edirlərmi?

- Əlbəttə, elektron qaimə-fakturaların çoxlu üstünlükləri var, biznes fəaliyyətini şəffaf şəkildə inkişaf etdirmək istəyən sahibkarlar bunun üstün fərqlərini görməyə bilməz. Sahibkarlıq subyeklərində çox maraqlı bir tendensiya müşahidə olunur - vaxt ötdükcə elektron qaimə-fakturalarla işləmək meylləri artır. Artıq vergi ödəyiciləri də elektron qaimə-fakturaları kompüterdən çıxmış vahid sənəd kimi qəbul etməyə başlayıb. Ona görə ki, bütün bu prosedurların bir sənəd halında elektron qaydada təqdim olunması sahibkarların özləri üçün daha münasibdir. Yəni sahibkar əməliyyatların sənədləşdirilməsində hansısa təkrarlanmaya yol vermir, hər hansı məlumatı səhv yazarsa, həmin yanlışlığı elektron qaydada rahat şəkildə aradan qaldıra bilər. Bu, həm də vergi nəzarəti orqanlarının sahibkarların dövriyyə zəncirini izlənməsini, yanlışlıqların vaxtında aradan qaldırılmasını xeyli asanlaşdırır. Nəticədə vergi ödəyicisi mümkün inzibati cərimələrə məruz qalmaq risklərini də bəri başdan zərərsizləşdirmiş olur. Kağız daşıyıcılardan imtinanın vergi nəzarətinin asanlaşdırılması baxımından da bir çox üstünlükləri var. Yəni elektron qaimə-fakturalar dövriyyələrin, ödənilən verginin hesablanması üçün sahibkarın özünün də vaxt itkisini aradan qaldırır. Bu, sahibkara həm də özünün vergi borclarını asanlıqla müəyyənləşdirməsinə imkan verir. Tutaq ki, vergi nəzarəti orqanları tərəfindən sahibkara onun dövriyyəsi haqqında sorğu xarakterli məlumat gəlirsə, o, vergi orqanlarına getmədən soruşulan məlumatları elektron qaydada dəqiqləşdirə bilər.

Biznes fəaliyyətini şəffaf şəkildə inkişaf etdirmək istəyən
sahibkarlar kağız daşıyıcılarla müqayisədə elektron
qaimə-fakturaların üstün fərqlərini görməyə bilməzlər

-Siz təcrübədə nəyi müşahidə edirsiniz: sahibkarlar elektron qaimə-fakturaların tətbiqi imkanlarından lazımi səviyyədə istifadə edə bilirlərmi?

- Məsələ ondadır ki, şəffaf fəaliyyət göstərən vergi ödəyicisinin elektron qaimə-fakturalara marağı böyükdür. Mən bunu təbii hal sayıram. Yəni hər bir sahibkar istəyər ki, əlavə vaxt və əmək sərf etmədən öz hesabatlarını, dövriyyələrini elektron qaydada təqdim etsin. Amma bu sahədə müəyyən texniki çətinliklər var, bəzi sahibkarlar yeniliklərə tam hazır deyil. Əsas çətinliklərdən biri odur ki, bəzi şirkətlərdə elektron qaimə-fakturalarla işləməyi bacaran mütəxəssis yoxdur. Çünki bəzi şirkətlərdə çalışan mühasiblər elektron xidmətlərlə işləmək vərdişlərinə malik deyil. Bəzilərinin isə ümumiyyətlə, ixtisaslı mühasib kadrları yoxdur. Bakıdan regionlara doğru bu problem daha qabarıq görünür. Hətta regionların bir çoxunda elektron qaimə-fakturalarla işləyə bilən insanlara az-az rast gəlinir. Ona görə də xüsusilə regionlarda mühasib xidməti göstərən kadrların bilik və bacarıqlarının artırılmasına böyük ehtiyac var. Məsələn, hər hansı mağazaya, yaxud pərakəndə satış məntəqəsinə yaxınlaşıb oradan mal alarkən deyirik ki, bizə elektron qaimə verin, bizim öz mühasibimiz oradakı məlumatlara baxıb hesabatları düzgün təqdim edə bilsinlər. Amma onlar elektron qaimə-faktura əsasında mal satmadıqlarını açıq söyləyirlər. Ya da deyirlər ki, siz alınan malları götürün, qaimə-fakturanı sonra göndərərik. Təsəvvür edin ki, bəzən alış-veriş məntəqələrində hazır elektron qaiməni günlərlə almaq olmur.

Elektron qaimə-fakturanın tətbiqi regionlarda daha çox təşviq olunmalıdır

Ona görə də bu sistem tətbiq olunarkən elektron qaiməni yerindəcə (necə ki, məhsulu aldığımız anda kassadan çek verirlər) dərhal göndərmək üçün proqram olmalıdır. İkincisi, bir çox hallarda sırf əhali ilə işləyən və mənfəət vergisinin ödəyicisi olmayan sadələşdirilmiş vergi ödəyiciləri öz alıcılarına elektron qaimə-faktura göndərərsə, avtomatik mənfəət vergisinin ödəyicisinə çevrilirlər. Belə olan halda onlar elektron qaimə-faktura verməkdə maraqlı olmurlar. Bəzi hallarda heç bunu müştərilərə də bildirmirlər. Burada həm ticarət fəaliyyəti həyata keçirən sahibkarın mühasib kadrlarının çatışmaması, həm vergi ödəyicisinin özünün məlumat azlığı, həm də bəzilərinin elektron qaimə-faktura verməkdə maraqlı olmaması baxımından çoxlu məsələlər ortaya çıxır. Fəaliyyətində şəffaflığı qorumaq istəyən şirkətlər isə belə vəziyyətlərdə xeyli çətinliklərlə üzləşməli olur. Təsəvvür edin ki, iş görülüb, alğı-satqı əməliyyatları aparılıb və alınan mala görə xərc çəkilib, amma malın sahibi elektron qaimə-faktura vermir ki, şəffaf fəaliyyət göstərmək istəyən müştəri gedib öz işini düzgün həyata keçirə bilsin. Ona görə burada həm də texniki baxımdan maariflənmə məsələlərinə diqqət artırılmalıdır ki, insanlar elektron qaimə-fakturalarla işləmək vərdişlərinə yiyələnsin. İnanıram ki, texniki maarifləndirmə tədbirləri gücləndikcə elektron qaimə-fakturaların tətbiq dairəsi daha çox genişlənəcək, ən ucqar bölgələrdə fəaliyyət göstərən sahibkarlar belə dövriyyələrini rəsmiləşdirəcəklər. Yəni heç kəs gözləməməlidir ki, elektron qaimə-faktura mühasibatdan verilsin. Bu iş texniki cəhətdən yerindəcə həll edilməlidir. Ən əsası isə elektron qaimə-fakturanın tətbiqi regionlarda daha çox təşviq olunmalıdır. Çünki şəffaflaşma Bakı şəhərində çox sürətlə gedir, regionlarda isə xeyli zəifdir. Müşahidələr göstərir ki, regionlarda müştərilərə təqdim olunan malların çeki vurulmur, alıcıya hər hansı sənəd verilmir, elektron qaimə-fakturadan isə bir çox hallarda danışmağa dəyməz.

Vergilər Nazirliyinin kifayət qədər informasiya resursları
var və bunların hamısı sahibkarlar üçün əlçatandır

- Dediyiniz bu texniki məsələlər təkcə sahibkarların özlərindən asılıdırmı?

- Texniki məsələlərin əsas hissəsi sahibkarların özündən, müəyyən qismi isə vergi orqanlarından asılıdır. Çünki Vergilər Nazirliyi elektron qaimənin tətbiqi baxımından sahibkarlıq subyektlərinə lazım olan proqram təminatını yaradıb, qaydalar hazırlanıb və ictimaiyyətə elan edilib. Amma nəzərə almaq lazımdır ki, Vergilər Nazirliyinin kifayət qədər informasiya resursları olmasına və bunların hamısının sahibkarlar üçün əlçatanlğına baxmayaraq, xüsusilə regionlarda fəaliyyət göstərən sahibkarların bir qisminin bilik və bacarıqları texnoloji yenilikləri tam mənimsəməyə imkan vermir. Əslində isə hər bir sahibkar özünə lazım olan informasiyaları bu məlumat resurslarından ala, yeniliklərdən xəbər tuta bilər. Təqdir ediləsi hallardan biri də budur ki, son aylar istər televiziya kanallarında, isərsə də mətbuatda vergi sistemindəki yeniliklərlə bağlı təbliğat-təşviqat materiallarının sayı xeyli artıb.

-Amma sahibkarların bir qismi özlərinin laqeydliyi, bəzən isə tənbəlliyi ucbatından onlar üçün yaradılmış bu imkanlardan lazımi səviyyədə bəhrələnə bilmir...

- Təəssüf ki, sahibkarlar arasında bu laqeydliyi biz də müşahidə edirik. Təsəvvür edirsinizmi, bu qədər resurslar olduğu halda bəzi sahibkarların bu resurslardan heç xəbəri də yoxdur. Ona görə də vergi orqanları maarifləndirmə tədbirlərinə diqqəti artırmalıdır. Beynəlxalq təcrübəyə əsasən sahibkarların şəxsi elektron poçtuna, mobil telefonuna məlumatların göndərilməsində məqsəd odur ki, vergi ödəyiciləri onlara göstərilən xidmətlərdən lazımi səviyyədə bəhrələnsin, maariflənsin, yeniliklərdən xəbərdar olsun.

Avropa ölkələrində informasiyanı çatdırmaq vasitələri insanlar üçün çox cəlbedicidir, onlar elə üsullardan istifadə edirlər ki, müştəri istər-istəməz ona göndərilən məktub və bildirişləri açıb oxumağa maraq göstərir. Hansısa informasiya vasitəsində vergi öhdəlikləri barədə yayılan məlumatı izləmək sahibkarın məsuliyyəti deyil. Amma sahibkarın şəxsi e-mail ünvanına, mobil telefonuna və digər əlaqə vasitələrinə göndərilən məlumatları oxumamaq onun məsuliyyəti sayıla bilər. Yəni vergi ödəyicisinin məsuliyyət hissini artırmaq üçün bütün məlumat vasitələrinin imkanlarından maksimum dərəcədə istifadə olunmalıdır.

Hazırladı:
Elxan SALAHOV

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?