23 May 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rövşən Abbasov: “Xəzərin suyunun duzsuzlaşdırılmasının xərci daha az olacaq”

Xəzər dənizinin suyu daha az duzlu olduğundan onun duzsuzlaşdırılması üçün çəkilən xərc də daha az olacaq.

Bunu "Azərbaycan iqtisadiyyatı" Teleqram kanalına ətraf mühit məsələləri üzrə ekspert, coğrafiya üzrə fəlsəfə doktoru Rövşən Abbasov deyib. Dəniz suyunun duzsuzlaşdırılması təcrübəsinin Körfəz ölkələri və İsraildə daha geniş yayıldığını vurğulayan ekspertin sözlərinə görə, ayrı-ayrı ölkələrin bu işə çəkdiyi xərcin məbləği fərqlidir. Həmin ölkələrdə bir kubmetr suyun təmizlənməsi üçün orta hesabla 1,5-2,5 dollar arasında xərc çəkilir. Xəzər dənizində isə bu xərcin daha az olacağı, kifayət qədər rəqabətədavamlı qiymətin formalaşacağı gözlənilir.

Xəzərə yaxın olan ərazilərin, xüsusilə Abşeron regionunun özünün su mənbələrinin olmadığını xatırladan alim dəniz suyunun duzsuzlaşdırılması layihəsinin bu bölgədə əlavə su mənbəyinin yaradılmasına xidmət edəcəyini deyib. Onun fikrincə, alternativ su mənbəyi kimi nəzərdən keçirilən layihənin həyata keçirilməsi Azərbaycanın regionlarından, uzaq məsafələrdən Bakıya daha az həcmdə suyun nəqlinə gətirib çıxara bilər. Bu isə həmin ərazilərin özünün su ilə təminatını yaxşılaşdırar: "İndi Xaçmazdan Bakıya su gətirilir, amma Xaçmazdan su nəqli azalarsa, oranın da su təminatı yaxşılaşar. Abşeron yarımadasında bütün bağlar, parklar içməli su ilə suvarılır. Bu, həm Bakı sakinlərini çətin vəziyyətdə qoyur, həm də suyun gətirildiyi regionlarda əlavə su çatışmazlığı problemi yaradır. Bu baxımdan layihənin əhəmiyyəti çox böyükdür ".

R.Abbasov hesab edir ki, Xəzər dənizindən əldə edilmiş içməli su hesabına Abşeron yarımadasını içməli su ilə təmin etmək olar. Ancaq ilk növbədə Bakının Xəzər rayonunun su ilə təmin olunması daha yaxşıdır: "Çünki bu ərazilər həm uzaqdadır, həm də onların su mənbələri yoxdur. Bu ərazilərə suyun verilməsi xeyli baha başa gəlir. Bunları nəzərə alaraq, ilkin olaraq, diqqətin həmin yaşayış məntəqələrinin üzərinə cəmlənməsi daha məqəsədəuyğundur”.

Ekspertin sözlərinə görə, layihənin gercəkləşməsi nəticəsində ölkənin içməli su ehtiyatının nə qədər artacağını indidən demək mümkün deyil. Bu rəqəm təmizlənmiş suyun həcmindən asılı olaraq dəyişə bilər: "Bəzən deyirlər ki, bu layihə Xəzər dənizinin quruması təhlükəsini yaradar. Amma belə bir təhlükə yoxdur, çünki Xəzərdən götürülən su istifadə olunduqdan sonra yenidən təmizlənərək Xəzərə axıdılacaq. Hətta ola bilər ki, su təkrar təmizlənsin və yenidən istifadə edilsin. Bu, mümkündür. Suyu istənilən qədər təmizləmək olar, çünki su mineral bir maddədir və o, heç bir vaxt öz funksiyasını itirmir”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparıldığını bildirib. Dövlət başçısı deyib ki, bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək.

İlhamə İSABALAYEVA

VergiFiziki şəxsin icarədən gəlirləri hansı formada vergiyə cəlb olunur? VergiPərakəndə satış təşkil edən sahibkar kassa aparatı quraşdırmalıdırmı? VergiHüquqi şəxsin ünvan dəyişikliyi VergiƏfqanıstan müharibəsi veteranının həyat yoldaşına vergi güzəşti tətbiq olunurmu? Vergiİpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması VergiRepetitorluq xidməti göstərən fiziki şəxs vergi uçotuna necə alınır? VergiXarici ölkədə ödənilmiş vergilər Azərbaycanda nəzərə alınırmı? VergiFiziki şəxsin vergi orqanında uçota alınması vaxtı VergiQeyri-sahibkarlıq fəaliyyətindən əldə edilmiş gəlirlər hansılardır? VergiHansı halda xaricdə əldə olunan gəlirlərə görə vergi öhdəliyi yaranmır?