Elvin Abdullayev: “Beynəlxalq maliyyə hesabatları standartlarının tətbiqi vacibdir”
“Hesabatların beynəlxalq maliyyə hesabatları standartlarının tələblərinə uyğun olaraq hazırlanması vacibdir”.
“Azercell Telekom” MMC-nin maliyyə eksperti Elvin Abdullayev “Vergi və Mühasibatlıq Zirvəsi 2024” platformasındakı çıxışında belə deyib. Onun sözlərinə görə, son illərdə şirkətlər arasında əlaqələrin artması fonunda onlar xarici bazarlara inteqrasiya edir, öz malları və xidmətlərinin ölkə xaricində də satışını həyata keçirirlər: “Bu halda xarici ölkələrlə, eyni zamanda ölkədaxili əməliyyatlarda da şirkətlər arasında vahid hesabat formasının hazırlanmasına ehtiyac olur. Tutaq ki, bir xarici şirkət Azərbaycandakı tərəfdaşına investisiya yatırmaq istəyir. Həmin şirkət yerli şirkətin maliyyə hesabatlarını əldə edərək bu əməkdaşlığın gələcək perspektivini müəyyən etmək istəyir. Bunun üçün məhz maliyyə hesabatlarından istifadə olunur. Yəni maliyyə hesabatları şirkətlər arasında vahid bir sistemdir”.
Artıq 20 ilə yaxındır Azərbaycanda şirkətlərin beynəlxaq maliyyə hesabatlarını tətbiq etdiyini deyən E.Abdullayev həmin hesabatların beynəlxaq maliyyə hesabatları standartlarının tələblərinə uyğun olaraq hazırlanmasının vacibliyini vurğulayıb: “Çünki bütün şirkətlər həmin standartın tələbinə uyğun olaraq bütün iqtisadi əməliyyatlarını uçotda əks etdirəcək və həmin informasiyaları öz aralarında paylaşa biləcəklər. Lakin milli uçot və beynəlxalq standartlar arasında müəyyən fərqlər müşahidə olunur. Bu da hesabatların istifadəçilərinə fərqli informasiya verir. Məsələn, torpaq tikili avadanlıqlar standartına (MUBS 16) görə istifadəyə hazır olduqdan sonra əsas vəsaitlərə amortizasiya hesablanmalıdır. Lakin bir çox müəssisələrdə həmin avadanlıqlar istifadəyə verildikdən sonra hesablanır. Bu da hesabat standartlarının tələblərinə ziddir. Ona görə də maliyyə hesabatlarında əsas vəsaitlərə, uzunmüddətli aktivlərə yalnız onlar istifadəyə hazır olduqdan sonra amortizasiya hesablanmalıdır”.