Müəyyən səviyyədə inflyasiya iqtisadiyyatın inkişafını stimullaşdırır
"Baxmayaraq ki, martın 1-dən Azərbaycanda əmək haqları artırılıb, istehlak bazarında hər hansı bir qiymət artımı müşahidə etməmişik". Bunu son dövrlər ölkədə həyata keçirilən sosialyönümlü tədbirlərin inflyasiyanı artıracağı ilə bağlı iddiaları şərh edən Dövlət Statistika Komitəsinin sədr müavini Rauf Səlimov deyib. Onun sözlərinə görə, hazırda inflyasiya göstəricisi 2,3-2,4 faiz səviyyəsindədir: "Güman edirəm ki, istehlak bazarına nəzarət və qiymətlərin süni artırılmasının qarşısının alınması ilə bağlı görülmüş tədbirlər, kənd təsərrüfatı yarmarkalarının təşkili, rəqabət mühitinin daha da yaxşılaşdırılması nəticəsində elə bir qiymət artımı olmayacaq. Hazırda inflyasiyanın faktiki səviyyəsi proqnozlaşdırılandan xeyli aşağıdır".
Komitə rəsmisi aşağı inflyasiya səviyyəsinin deflyasiyaya gətirib çıxara bilmək ehtimalının da olmadığını qeyd edib: "İqtisadi nəzəriyyədə göstərilir ki, 2,5-3 faiz səviyyəsində olan inflyasiya məqbuldur, hətta o, iqtisadiyyatın artımını stimullaşdırır, yəni istehsalın daha da sürətlə artmasına təkan verir. Bundan artıq olan inflyasiya iqtisadiyyata ziyandır. Deflyasiya da olanda ixrac imkanları zəifləyir və əhalinin vəziyyəti pisləşir. Məsələn, neçə illərdir Yaponiyada inflyasiya yoxdur, deflyasiyadır. Yapon yeni möhkəmlənir, bu da onların ixrac imkanlarına mənfi təsir göstərir. Amma bizdə inflyasiya ən normal həddədir. Bu, əhalinin rifah halına mənfi təsir göstərmir, eyni zamanda istehsalı stimullaşdırır. Yəni 2 faizi nə ölkə vətəndaşları hiss edir, nə də iqtisadiyyat".