“Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib
Bu gün müxtəlif biznes assosiasiyalarının nümayəndələri, sənaye, tikinti, kənd təsərrüfatı, logistika, İKT, səhiyyə, sığorta, turizm, tekstil və digər sahələrdə fəaliyyət göstərən iş adamlarının, startapçıların təşəbbüsü ilə “Dövlət-sahibkar tərəfdaşlığı: dayanıqlı iqtisadiyyatın əsası” mövzusunda konfrans keçirilib.
Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda son 20 ildə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi, özəl sektorun inkişafı istiqamətində həyata keçirilmiş tədbirlərə və əldə olunmuş uğurlara həsr edilmiş film nümayiş olunub.
Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycanda sahibkarlığın formalaşdırılması istiqamətində əvəzsiz işlər görülüb. Hazırda bu sahə dövlət başçısı, cənab İlham Əliyevin rəhbərliyi ilə qlobal çağırışlara uyğun şəkildə daha da inkişaf edir. Aparılan islahatlar nəticəsində ölkəmizin iqtisadi qüdrəti günbəgün güclənir, etibarlı tərəfdaş kimi dünya səviyyəsində nüfuzu artır. Vətən müharibəsində qazanılmış Zəfərlə ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycanda, xüsusilə Qarabağ və Şərqi Zəngəzurda biznesin dirçəldilməsi üçün geniş imkanlar var. Sahibkarlar dövlətin dəstək mexanizmləri, onlara verilən güzəştlər və stimullardan yararlanırlar.
Konfransda çıxış edən Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı işlər nəticəsində özəl sektorun inkişafında yeni mərhələ başlayıb. Artıq dövlət-sahibkar münasibətləri daha da genişlənir, iri şəhərlərlə yanaşı regionlarda da sahibkarlıq güclənir. Azərbaycan sahibkarları xarici ölkələrdə də bir sıra layihələr icra edir. Dövlət dəstəyi tədbirləri, qabaqcıl təcrübəyə əsaslanan yeni qanunların qəbulu özəl bölmənin iqtisadi inkişafa töhfəsini artırır. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələrin icrası iqtisadiyyatda səmərəliliyi yüksəldir.
Tikinti sahəsində ixtisaslaşmış “Huner Group”un rəhbəri Ehtiram Quliyev ölkəmizdəki əlverişli və şəffaf mühitin şirkətin fəaliyyətinin fərqli istiqamətlər üzrə genişlənməsində rolunu qeyd edib. Öz təcrübəsini bölüşən sahibkar rəhbərlik etdiyi şirkətin reallaşdırdığı layihələr barədə məlumat verib, fəaliyyətlərində sosial məsuliyyət prinsiplərinə əməl olunduğunu bildirib. Vurğulayıb ki, sahibkarlar hər şeyi dövlətdən gözləməməlidirlər və xalqımızın rifahı naminə dövlətin inkişafı üçün əllərindən gələni etməlidirlər.
Aqrar sektorda fəaliyyət göstərən sahibkar Jalə Əmirbəyova diqqətə çatdırıb ki, sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə səbəb olub. Xanım sahibkar qeyd edib ki, demək olar ki, dövlətin fermerlərə olan bütün dəstək mexanizmlərindən istifadə edərək, öz biznesini sıfırdan hazırkı uğurlu vəziyyətə çatdıra bilib.
Naxçıvan Muxtar Respublikasında qida və qeyri-qida sənayesi sahəsində fəaliyyət göstərən “Ləzzət Qida Sənaye" MMC-nin rəhbəri Teymur Rzayev qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlar Naxçıvanın inkişafında yeni mərhələnin başlanmasına zəmin yaradıb. Respublikada yaradılmış əlverişli biznes mühitindən bəhrələnərək rəqabətqabiliyyətli və ixracyönümlü yeni istehsal sahələri yaradan MMC ayrı-ayrı illərdə investisiya təşviqi sənədindən faydalanıb, xeyli vəsaitə qənaət edib.
Astarada turizm sahəsində çalışan “Okhatan” MMC-nin rəhbəri Samir Əlizadə bildirib ki, Azərbaycanda biznes üçün, o cümlədən turizmin inkişafı üçün böyük potensial var. Dövlət başçısı bu potensialın reallaşdırılmasına xüsusi diqqət göstərir. Sahibkar bölgələrdə turizm müəssisələrinin yaradılmasının həm biznesin inkişafı, həm də məşğulluğun artırılması baxımından əhəmiyyətinə toxunub, təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib.
Startapçı Taleh Kərimli müəllifi olduğu “Nextsale” və “Uvodo” startapları barədə məlumat verib. Qeyd edib ki, dövlət qurumlarının dəstəyi Azərbaycanda startap ekosisteminin güclənməsini təşviq edir. Elə bunun nəticəsidir ki, elektron ticarət saytlarında satışları artırmaq üçün nəzərdə tutulmuş “Nextsale” tətbiqi bir sıra yerli və beynəlxalq mükafatlar qazanıb və 2020-ci ildə ilin startapı seçilib. Hazırda “Uvodo” elektron ticarət platforması da genişləndirilir.
Əczaçılıq sənayesində "Diamed Co" MMC-nin təmsilçisi Samirə Hüseynova bildirib ki, “Diamed” Azərbaycanda və cənubi Qafqazda fəaliyyət göstərən ilk tibbi plastik məhsul istehsal edən zavoddur. Zavodun dövlət başçısının iştirakı ilə 2019-cu ildə Pirallahı Sənaye Parkında açılışı olub. Müəssisədə müasir texnologiyalar əsasında müxtəlif tutumlu birdəfəlik şprislərin istehsalı həyata keçirilir. Layihənin reallaşdırılması üçün dövlətin 5 milyon manat güzəştli krediti ayrılıb. Bildirilib ki, zavod yaxın zamanlarda müxtəlif növ vakuumlu qan tüpləri də olmaqla daha bir neçə adda yeni məhsulun istehsalına başlamağı planlaşdırır.
Tikinti materiallarının istehsalı sektorunda “Thermo Natural Azerbaijan" MMC-nin baş direktoru Elman Abbasov bildirib ki, rəhbərlik etdiyi şirkət ölkəmizdə bir sıra irihəcmli layihələrin icraçısıdır. Artıq dövlət-özəl tərəfdaşlığı çərçivəsində Ağdam və Laçın rayonlarında da bir sıra layihələr icra olunub. İstehsal edilən məhsullar daxili bazarla yanaşı, xaricə də ixrac olunur. Vurğulanıb ki, dövlət tərəfindən verilən güzəştlər və imtiyazlar şirkətin həyata keçirdiyi layihələrin uğurlu olmasına zəmin yaradıb və gələcəkdə istehsalın artırılması üçün daha geniş imkanlar təqdim edir.
Beynəlxalq yükdaşımalar sahəsində "Hellmann Vorldvide Logistics" MMC-nin rəhbəri Kamran Həbibov MMC-nin əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Bildirilib ki, beynəlxalq yük daşınmalarını həyata keçirən şirkət 14 illik fəaliyyəti ərzində daim dövlətin dəstəyini hiss edib, aparılan iqtisadi islahatlardan bəhrələniblər. Xüsusən də, tənzimləmə prosesində texnoloji yeniliklərin tətbiqi bu sahədə çalışan biznes subyektləri üçün geniş imkanlar açır.
Xüsusi qoruyucu ayaqqabı istehsalı sahəsində fəaliyyət göstərən "Bafco Invest" MMC-nin təsisçisi Emin Məmmədov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, Ordumuzun əzmi ilə işğaldan azad edilmiş torpaqlarımızda biznes üçün yaradılmış şəraitdən faydalandığını qeyd edib. Ağdam Sənaye Parkının rezidenti olan “Bafco Invest”, həmçinin dövlətin güzəştli kreditlərindən və vergi güzəştlərindən yararlanıb. İllik 500 min cüt ayaqqabı istehsalı gücünə malik olan müəssisənin məhsulları yerli bazarla yanaşı, xarici bazarlara da ixrac ediləcək.
"Edtesk" MMC-nin təsisçisi Şahin Xəlilov bildirib ki, 7 il öncə Sabah qrupunun məzunu olaraq Heydər Əliyev Mərkəzində çıxış edib, gənclərə göstərilən dəstəyə görə dövlət başçısına təşəkkür edib. Sevindirici haldır ki, ölkəmizdə startap ekosisteminin inkişafı, o cümlədən gənclərin innovativ ideyalarının reallaşması üçün yaradılmış əlverişli şərait uğurlu startap təsisçisi kimi çıxış etməyə imkan yaradıb. Hazırda rəhbərlik etdiyi şirkət yerli və xarici bazarları əhatə edən 4 fərqli startap məhsulu ilə tanınır. Texnofest Azərbaycanın qalibi olmuş şirkət dövlət müəssisələri ilə sıx tərəfdaşlıq edir.
Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət kursuna dəstək məqsədilə bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, qlobal çağırışlar fonunda ölkəmizdə makroiqtisadi sabitlik qorunub saxlanılır, iqtisadiyyat şaxələnir, özəl bölmənin inkişafı üçün daha əlverişli biznes və investisiya mühiti yaradılır. İş adamları bütün qüvvələrini səfərbər edərək Qarabağın tez bir zamanda yenidən dirçəldilməsi və Böyük Qayıdışa töhfə verməkdən qürur duyurlar. Konfrans iştirakçıları bundan sonra da Azərbaycan iqtisadiyyatının inkişafı üçün üzərlərinə düşən vəzifələri dönmədən həyata keçirəcəklərini bəyan ediblər.
AZƏRTAC