7 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

ABAD-ın fəaliyyət mexanizmi təkmilləşdirilir

Azərbaycan Prezidentinin 23 sentyabr 2016-cı il tarixli fərmanına əsasən, ölkənin sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədilə sosialyönümlü layihələr həyata keçirən Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində ABAD ("Ailə biznesinə asan dəstək") mərkəzləri yaradılıb. Müsahibimiz ABAD-ın direktoru Rüfət Elçiyevdir.

- Rüfət müəllim, ABAD kiçik və orta sahibkarlığın inkişafına, məşğulluq səviyyəsinin artırılmasına, rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına, regionların və kənd təsərrüfatının inkişafına dəstək verən bir qurum kimi özünü doğrulda bilibmi?

- İnamla deyə bilərik ki, ABAD artıq özünü doğruldub, kommersiyayönümlü sosial layihə olaraq iqtisadiyyata öz töhfələrini verir. Bununla bağlı bizə daxil yüzlərlə müraciət dediklərimizə bir sübutdur. ABAD-ın “ASAN xidmət”in tabeliyində olması bu quruma inamı daha da artırır.

- ABAD yeganə ictimai təşkilatdır ki, ailə təsərrüfatının “ideyadan rəflərə” daşınmasına kömək edir. Ailələrə öz bizneslərini qurmaq üçün ictimai və özəl qurumlarla birbaşa qarşılıqlı əlaqəyə girməkdə, bacarıqlarını inkişaf etdirməkdə necə yardımçı olursunuz?

- ABAD-ın dəstək proqramı xidmətlərdən ibarətdir. Bura avadanlıqlarla təchizedilmə, marketinq, brendinq, dizayn, maliyyə-mühasibat xidmətləri, hüquqi yardım, konsaltinq, daşınma, qablaşdırma, logistika, "bir pəncərə" əsasında sertifikatlaşdırma və ən əsası satışın təşkili kimi xidmətlər daxildir. Bu və digər xidmətlər ABAD ailəsinə öz məhsullarını artırmaq üçün zəmanət verir, məhsulun mənfəət gətirməsini təmin etmək isə ABAD-ın məsuliyyətidir.

- İndiyəcən ABAD layihəsindən neçə ailə təsərrüfatı yararlanıb?

- ABAD layihəsi çərçivəsində 367 ailə dəstək alır. ABAD pilot layihə kimi 7 ailə ilə yola başlayan zaman bu rəqəmin 80-ə çatdırılması nəzərdə tutulurdu. Lakin layihə gözləniləndən daha yüksək nəticələr əldə etdi və yüksəliş davam edir. 364 ABAD təsərrüfatından 58-i qida məhsulu istehsalı sahəsində çalışır, qalanları isə dekorativ-tətbiqi xalq sənətkarlığı sahəsində fəaliyyət göstərir. Qida məhsulu istehsalı sahəsində 20-dək məhsul çeşidləri satışa çıxarılıb.

- ABAD-ın coğrafi əhatə dairəsi haqqında məlumat verərdiniz...

- Dəstək alan ailələrin 219-u Abşeron; 42-si Şəki-Zaqatala, Lənkəran; 26-sı Quba-Xaçmaz; 25-i Dağlıq Şirvan; 8-i Gəncə - Qazax; 4-ü Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonuna, 1-i isə Naxçıvan Muxtar Respublikasına aiddir.

Hazırda ABAD-ın 5 regional mərkəzi (Masallı, Balakən, Quba, İmişli, Şəki) mövcuddur. Qubada “ABAD Factory” İstehsalat Kompleksi, Şəkidə “ABAD” Keramika Mərkəzi fəaliyyət göstərir. Bunlardan əlavə, əl işi suvenirləri satışa çıxarılan 10 "ABAD etno-butiki" və "Bravo" marketlərində ABAD ailələrin qida məhsullarını satışa çıxarılan 5 "ABAD bakaleya" mövcuddur.

- Ötən il "Uğur-2018" mükafatına layiq görülmüsünüz. Qarşıdakı yol necə görünür?

- Mərkəzlərin sayı, sözsüz ki, artacaq. Tovuz rayonunda meyvəqurutma fabriki, növbəti ABAD məktəbi, Quba rayonunda qablaşdırma və tara müəssisəsi, Nardaranda daha bir keramika mərkəzinin açılışı və əlavə satış platformalarının yaradılması nəzərdə tutulur. Hər bir açılış, hər bir layihə bizim yeni uğurlarımızdır. Bundan başqa, may ayının 21-dən iyunun 2-dək keramika üzrə beynəlxalq simpoziuma ABAD ev sahibliyi etdi. "Təbiətdən tarixə" adlı bu simpozium Şəki "ABAD" keramika və tətbiqi sənət mərkəzində təşkil olundu. 15 ölkədən 25 iştirakçı iki həftə ərzində keramika kompozisiaları üzərində çalışdılar. Bu simpozium Azərbaycanın keramika ənənələrini dünyanın müxtəlif yerlərindəki sənətsevərlər arasında təbliğ edib. Bu cür beynəlxalq tədbirlər gələcəkdə də davam etdiriləcək...


Hazırladı: Fəxriyyə İKRAMQIZI

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?