15 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Gəlirlərdən xərclərin çıxılması məsələsində əsas şərtlər nədir?

İyunun 12-də Bakıda keçirilmiş III Milli Mühasiblər Forumunda çıxış edən Azərbaycan Respublikası Auditorlar Palatasının üzvü, sərbəst auditor Altay Cəfərov tədbir iştirakçılarına Vergi Məcəlləsində gəlirlər və xərclərin formalaşması, onların vergitutma baxımından dəyərlərinin yaranması, həmçinin vaxtının müəyyənləşdirilməsi qaydaları, Məcəlləyə əsasən gəlirlərdən çıxılan və çıxılmayan, məhdudlaşdırılan xərclər haqqında məlumat verib.

A.Cəfərov Məcəllədə bu məsələlərlə bağlı kifayət qədər açıqlamaların olmasına baxmayaraq, praktiki olaraq gəlirlərin, xərclərin uçotu, həmçinin vergi bəyannamələrinin doldurulması zamanı gəlirlərdən xərclərin çıxılması məsələsində müxtəlif çətinliklərin, boşluqların olduğunu bildirib. Diqqəti qeyri-rezidentlərin Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərindən 4-10 faiz vergi tutulmasına yönəldən auditor qeyd edib ki, belə vergi ödəyicisindən offşor zonalarda olan qeyri-rezidentliyinə görə əlavə 10 faiz vergi tutulur: "Bir çox vergi ödəyiciləri həmin ikinci tutulan 10 faiz vergini sərəncamda qalan mənfəətdən silirlər və açıqlama olaraq bu vergini cərimə kimi qəbul edirlər. Bu tutulma Vergi Məcəlləsinin 125-ci maddəsi ilə tənzimlənir. Vergilər üzrə məhdudlaşdırmalar isə Məcəllənin 119-cu maddəsindədir. Bu maddənin 119.1.1.-ci bəndinə görə, gəlirlərdən hesablanan vergilər gəlirlərdən çıxılmır. Ona görə ki, həmin vergilər artıq gəlirlərin daxilindədir və ya gəlirlərdən xərclər çıxılır, sonra hesablanır. Bu zaman gəlirdən tutulan ödəmə mənbəyində vergi birbaşa xərcə salınmasa da, ümumi əməliyyatın tərkibindədir".

A.Cəfərov bildirib ki, ƏDV-nin ödənilməsi, əvəzləşdirilməsi haqqında Vergi Məcəlləsində köklü maddələr olsa da, bir çox hallarda ƏDV ödəyiciləri tərəfindən əvəzləşdiriləcək vergi qaydalara uyğun həyata keçirilmir: "Məcəllənin 119-cu maddəsində vergilər üzrə məhdudlaşdırılmalarda ƏDV haqqında məhdudiyyət yazılmayıb. Yəni belə çıxır ki, ƏDV qaydalara uyğun əvəzləşdirilməlidir, qaydalara uyğun əvəzləşdirilməyən ƏDV isə ya malların, işlərin və xidmətlərin maya dəyərinə salınmalı, ya da xərc maddəsi kimi gəlirdən çıxılmalıdır".

Auditorun qaldırdığı məsələlərdən biri də vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirləri zamanı anbarlarda mal qalıqlarının, həmçinin malların vəziyyəti ilə bağlı olub: "Praktikada az hallarda sayılan malların qalığı uçotda olan qalıqla çeşidinə və növünə görə eyni olur: ya əskik, ya da artıq gəlir. Belə məsələlərdə vergi ödəyicilərinin və vergi orqanlarının yanaşmaları müxtəlifdir. Məcəllənin 159.5.-ci maddəsinə əsasən, əskik gəlmiş mallar onların aşkar edildiyi hesabat dövründə ƏDV-yə cəlb olunan dövriyyə kimi qeyd edilməlidir. Bunu qəbul etmək olar və çünki bu, bəyannamənin 3-cü Əlavəsində əks olunur. İl başa çatandan sonra isə illik mənfəət vergisi bəyannaməsi verilməlidir. Bəzi vergi ödəyiciləri həmin malları mənfəət vergisi bəyannaməsində dövriyyə kimi qeyd etmir. Buna görə də vergi orqanından uyğunsuzluq məktubu alır. Malların dövriyyə kimi əks olunması üçün mallar təqdim edilməli və gəlir kimi formalaşdırılmalıdır". Bildirilib ki, malların əskik gəlməsi malların təqdim edilməsi deyildir: "Əgər mal yerində deyilsə, ya satılıb, ya hədiyyə verilib, ya da mübadilə olunub ki, bu da Məcəllənin 13.2.10.-cu maddəsinə uyğun gəlir. Odur ki, həmin əskik gələn mallar döviriyyə kimi, aktda olan dəyərlə gəlir kimi yazılmalıdır".

A.Cəfərov reklam və nümayəndəlik xərclərinin gəlirlərdən çıxılması halları ilə bağlı diqqətə çatdırıb ki, əvvəllər belə xərclərə normativlər, limitlər qoyulurdu, amma indi bu xərclər limitsizdir: "Praktikada bəzən vergi ödəyiciləri reklam xərcinə külli məbləğdə vəsait sərf edirlər. Səbəbini isə xərclərin "limitsiz" olması ilə əsaslandırmağa çalışırlar. Əslində isə məsələ başqa cürdür. Beynəlxalq təcrübədə hər hansı malın, işin və xidmətin maya dəyərini formalaşdıranda, kalkulyasiya tutulanda, əgər həmin məhsulun reklama ehtiyacı varsa, reklam xərclərinə 5-15 faiz arasında vəsait sərf edilir".

Fəxriyyə İKRAMQIZI

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?