6 Sentyabr 2026

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Mathes Rausç: “Almaniya Azərbaycanın əsas ticarət tərəfdaşları arasında dördüncü yeri tutur”

Azərbaycanın Avropa İttifaqı (Aİ) üzvləri ilə ən uğurlu iqtisadi əlaqələr yaratdığı ölkələrdən biri Almaniyadır. Bunu “vergiler.az”a açıqlama verən beynəlxalq inkişaf sahəsində almaniyalı ekspert Mathes Rausç deyib. Onun sözlərinə görə, 1992-ci ildən Almaniya ilə Azərbaycan arasında güclü ikitərəfli iqtisadi əlaqələr mövcuddur. Azərbaycan Almaniyanın Qafqaz regionunda əsas iqtisadi tərəfdaşıdır. Almaniyanın bu regionda yeganə Xarici Ticarət Palatasını Bakıda açması da bu tərəfdaşlığın əhəmiyyətini göz önünə gətirir.

Azərbaycan Almaniyaya xam neft tədarük edən ən mühüm on ölkədən biridir

“İki ölkə arasında enerji əməkdaşlığı yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın “Uniper” şirkəti hələ 2013-cü ildə qaz tədarükünə dair uzunmüddətli müqavilə imzalayıb. Azərbaycandan bu günə kimi Almaniyaya 3,1 milyard kubmetr qaz göndərilib. Bundan əlavə, SOCAR ötən il Almaniyaya 1,764 milyon ton xam neft ixrac edib”, - ekspert bildirib.

O, qeyd edib ki, enerji sahəsində əməkdaşlıq tarixən Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın əsas sahəsi olub. “Alman şirkətləri Cənub Qaz Dəhlizinin, o cümlədən Trans-Adriatik Boru Kəmərinin (TAP) və Trans-Anadolu qaz boru kəmərinin (TANAP) tikintisi kimi layihələrdə iştirak ediblər. Gələcək layihələrdə diqqəti mədən yanacaqlarından bərpa olunan enerji mənbələrinə əsaslanan dayanıqlı inkişafa çevirmək təmayülü var”.

Əsas diqqət bərpa olunan enerji mənbələrinə yönəldiləcək

"Almaniya investorları Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə, o cümlədən enerji, infrastruktur, nəqliyyat, istehsal, kənd təsərrüfatı və turizmə maraq göstərirlər. Azərbaycanın zəngin enerji ehtiyatları, strateji mövqeyi və iqtisadiyyatın şaxələndirilməsi istiqamətində davamlı səyləri onu xarici investisiyalar üçün cəlbedici məkana çevirir.

Gələcək illərdə investorların davamlı və bərpa olunan enerji sektoruna daha çox sərmayə qoyacağını gözləyirəm", - Mathes Rausç deyib.

Ekspert vurğulayıb ki, “Azərbaycan Sənaye Korporasiyası” ASC ilə Almaniyanın “Achenbach Buschhütten” şirkəti arasında Gəncədə bərpa olunan enerji mənbələrindən istifadə etməklə alüminium məmulatları istehsal edən birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb.

"Azərbaycan və Almaniya arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün vacib sahələrə enerji əməkdaşlığı, infrastrukturun inkişafı, texnologiya transferi, kənd təsərrüfatı və qida emalı, istehsal, turizm və mədəni mübadilə sahələri daxil ola bilər. Bu sektorlar hər iki ölkəyə iqtisadi əlaqələri gücləndirmək və qarşılıqlı faydalı tərəfdaşlığı təşviq etmək üçün imkanlar təklif edir".

İki ölkə arasında ticarət sürətlə artır

Mathes Rausç diqqəti Azərbaycanla Almaniya arasında iqtisadi əlaqələrin vacib göstəricisi kimi ticarət dövriyyəsinin genişlənməsinə yönəldib: “2022-ci ildə ölkələr arasında ticarət dövriyyəsinin ümumi həcmi 1 milyard 255 milyon ABŞ dolları təşkil edib. Ötən il Azərbaycandan Almaniyaya ixrac edilən məhsulların dəyəri 591,3 milyon ABŞ dolları həcmində olub”.

Ekspertin sözlərinə görə, Azərbaycanda 239 alman şirkəti qeydiyyatdan keçib, onlardan 166-sı aktiv fəaliyyət göstərir. Bu şirkətlər sənaye, kənd təsərrüfatı, nəqliyyat, rabitə, tikinti, bank işi, sığorta, ticarət və xidmət sahələrində fəaliyyət göstərir və işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan tikinti-bərpa işlərində iştirak etməkdə maraqlıdırlar.

Azərbaycanın ixrac etdiyi məhsulların təxminən üçdə ikisi Aİ bazarına gedir

Ekspert Azərbaycanın Aİ ilə strateji əməkdaşlıq niyyətinin Aİ-nin aparıcı iqtisadiyyatı olan Almaniya tərəfindən daim gəstəkləndiyini vurğulayıb. O, qeyd edib ki, 2022-ci ildə Azərbaycan ilə Aİ ölkələri arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 2,3 dəfə artaraq rekord həddə - 33 milyard avroya çatıb. Azərbaycanın Aİ ölkələrinə ixracı 2,4 dəfə artaraq 31 milyard avro, Avropadan idxalı isə 39,4 faiz artaraq 2 milyard avro həcmində olub. Hazırda Azərbaycanın xarici ticarətinin təxminən yarısı Aİ-nin payına düşür və ölkənin ixrac etdiyi məhsulların təxminən üçdə ikisi Aİ bazarına gedir. Almaniya Azərbaycanın ümumi ticarət dövriyyəsində 5%-ə yaxın payla ölkənin əsas ticarət tərəfdaşları arasında dördüncü yeri tutur.

Tamilla MƏMMƏDOVA

VergiXarici şirkətdən dividend gəliri əldə edən rezident fiziki şəxs nə qədər vergi ödəməlidir? VergiXarici vətəndaşlara göstərilən tibbi xidmətlərə görə ƏDV hansı qaydada geri qaytarılır? VergiArı balının pərakəndə satışı zamanı ƏDV necə hesablanmalıdır? VergiQum və çınqıl hasilatı ilə məşğul olan vergi ödəyicisi mədən vergisi bəyannaməsi təqdim etməlidirmi? Vergiİlin ortasında fəaliyyətə başlayan vergi ödəyicisi üçün orta işçi sayı necə müəyyən olunur? VergiFiziki şəxs hüquqi şəxsdən icarəyə götürdüyü əmlaka görə vergi bəyannaməsi təqdim etməlidirmi? VergiƏmlakını icarə verən fiziki şəxsin hansı öhdəliyi yaranır? Vergiİctimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkarın ƏDV güzəşti nə qədərdir? Vergiİcarə müqaviləsi nəyə lazımdır və tərəflərə hansı təminatları verir? VergiHimayəsində yalnız bir tələbə övladı olan qadına vergi güzəşti verilirmi?