24 Oktyabr 2026
SOSİAL-İQTİSADİ ONLAYN QƏZET
Məzuniyyətdə olan işçi əmək qabiliyyətini müvəqqəti itirərsə…

Məzuniyyətdə olan işçi əmək qabiliyyətini müvəqqəti itirərsə…

“vergiler.az” mövzu ilə bağlı əmək qanunvericiliyi eksperti Nüsrət Xəlilovun şərhini təqdim edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli qərarının 12-ci maddəsinə əsasən, növbəti məzuniyyət (əsas və yaxud əlavə məzuniyyət) zamanı xəstəlik və ya zədə nəticəsində əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət, təqdim olunmuş xəstəlik vərəqəsinə əsasən, işçinin əmək qabiliyyətini itirdiyi iş günləri üçün verilir.

Yəni məzuniyyətdə olduğu zaman əmək qabiliyyətini müvəqqəti itirdiyi günlər işçinin qalıq məzuniyyət günlərinə əlavə edilir. Həmin məzuniyyət günləri, Əmək Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulduğu kimi, işçinin təşəbbüsü ilə başqa vaxta keçirilə bilər. Məzuniyyət dövründə əmək qabiliyyətini itirdiyi iş günlərinə görə işçiyə əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilir.

Misal 1: İşçi 1 dekabr 2022-14 dekabr 2022-ci il tarixləri arasında məzuniyyətə çıxıb və 8 dekabrdan əmək qabiyyətini müvəqqəti itirib. 21 dekabrda işə çıxan işçinin cari işçi ili üçün 16 gün məzuniyyət günü qalıb. Bu halda məzuniyyət və müavinət məsələlərinin necə tənzimlənəcəyinə baxaq:

İşçi 21 dekabrda işə qayıtdığı zaman təqdim olunmuş əmək qabiliyyətinin itirilməsi vərəqəsinə əsasən, 8 dekabrdan 14 dekabra qədər 7 təqvim günü onun qalıq məzuniyyət günlərinə əlavə olunacaq və məzuniyyət günlərinin sayı 23 gün (16+7) olacaq. Həmin məzuniyyət günlərini işçi işəgötürənin razılığına əsasən, 21 dekabrdan etibarən və ya başqa vaxta keçirilərək istifadə edə bilər.

8 dekabrdan 21 dekabra kimi olan 14 gündəki iş günləri üçün isə işçiyə nəzərdə tutulmuş formada əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödəniləcək.

Bəs ödənişsiz məzuniyyətdə olan işçi əmək qabiliyyətini müvəqqəti itirərsə, ona əmək qabiliyyətinin itirilməsinə görə müavinət ödənilirmi?

Nazirlər Kabinetinin 1998-ci 15 sentyabr tarixli 189 nömrəli qərarının 13-cü maddəsinə əsasən, əməkhaqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir. Əgər əmək qabiliyyətinin müvəqqəti itirilməsi əməkhaqqı saxlanılmadan məzuniyyətdən və ya uşağa qulluq edilməsinə görə məzuniyyətdən sonra da davam edərsə, onda müavinət işçinin işə başlamalı olduğu gündən ümumi qayda üzrə verllir.

Misal 2: 1 noyabr 2022-ci ildən 14 noyabr 2022-ci ilədək ödənişsiz məzuniyyətdə olan işçi 5 noyabrdan əmək qabiliyyətini müvəqqəti itirib. Əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı 14 noyabr 2022-ci ilədək sona çatarsa, işçiyə müavinət ödənilməyəcək. Əgər 14 noyabr 2022-ci ildən sonra da əmək qabiliyyətinin müvəqqəti itirilməsi halı davam edərsə, 14 noyabrdan etibarən əmək qabiliyyətinin itirilməsinə görə müavinət ümumi əsaslarla ödəniləcək.

Mənbə: Nüsrət Xəlilov. “Əmək qanunvericiliyi: testlər və praktik məsələlər toplusu” kitabı

VergiÇap məhsullarının pərakəndə satışı ilə məşğul olan şəxslər nə zaman gəlir vergisi ödəyicisi olur? VergiAlternativ enerjinin satışı ilə məşğul olan müəssisədə xərclər necə uçota alınmalıdır? VergiKirayə haqqından vergi necə hesablanır? VergiTelekommunikasiya avadanlıqlarına xidmət göstərənlər sadələşdirilmiş vergi ödəyicisi ola bilərlərmi? VergiVergi ödəyicisi nə vaxtadək dövriyyədən 2 faiz ödəməklə sadələşdirilmiş vergi rejimini tətbiq edə bilər? VergiSpirtli içkilərin ƏDV-yə və aksiz vergisinə cəlb olunması VergiMənzilini kirayə verən vətəndaş necə vergi ödəyicisi ola bilər? VergiMüəssisənin balansında olmayan daşınmaz əmlaka çəkilən təmir xərcləri vergitutma obyekti hesab olunurmu? VergiƏDV qeydiyyatı üçün dövriyyə necə müəyyən olunur? VergiProqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi necə müəyyən olunur?