27 İyul 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Rosmel Rodrigez: “Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensial var”

Enerji sektorunda Azərbaycan və Portuqaliya arasında məhsuldar əməkdaşlıq region üçün etalona çevrilib. Bunu “vergiler.az”a açıqlamasında portuqaliyalı iqtisadçı, Davamlı İnkişaf üzrə Qlobal Strateji İnstitutunun (GSISD) təsisçi direktoru Rosmel Rodrigez deyib.

“Portuqaliyanın Bərpa Olunan Enerji Mənbələri Assosiasiyasının (APREN) məlumatına görə, bu ilin yanvar ayında Portuqaliyada istehsal olunan 5.338 gigavat saat (GWh) elektrik enerjisinin orta hesabla 85%-i bərpa olunan mənbələrdən əldə edilib.

Yanvar ayında elektrik enerjisi istehsalı sektoru ümumilikdə 0,2 milyon ton karbon qazı ekvivalenti (MtCO2eq) emissiya edib. Bərpa olunan elektrik enerjisi sektoru isə 0,9 milyon ton ekvivalenti həcmində CO2 emissiyasının qarşısını alıb və təbii qaz idxalına 263 milyon avro qənaət edib”, - ekspert bildirib.

Onun sözlərinə görə, Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı üçün böyük potensial var: “Azərbaycanda biri günəş, biri külək olmaqla 470 meqavat gücündə iki elektrik stansiyası tikilir. Tezliklə üçüncü stansiyanın tikintisinə başlanacaq və əlavə 240 meqavat enerji təmin ediləcək. Xarici sərmayədarlarla imzalanmış sənədlər əsasında əksəriyyəti Xəzər dənizində, bir hissəsi də quruda olmaqla, gücü 25 gigavata qədər olan günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Yalnız Xəzər dənizinin külək enerjisi potensialı 157 GVt-dır ki, bu, böyük göstəricidir”.

R.Rodrigez xatırladıb ki, enerji resursları Azərbaycanın böyüməsinin və inkişafının təməl daşı olub, ölkəyə artan xarici investisiya axınını cəlb edib. Bu sektor, əsasən, 2000-ci illərin əvvəllərindən müşahidə edilən sürətli inkişafa təkan verib. Əsrin əvvəlində orta illik ÜDM artımı 15% təşkil edib, bəzi illərdə artım tempi hətta 25%-dən 34%-ə qədər çatıb.

“2014-cü ildən neft qiymətlərindəki enmə Azərbaycan iqtisadiyyatına da təsir göstərdi. 2016-cı ildən sonra ölkənin iqtisadiyyatı uğurla bərpa olundu və indi Azərbaycan regionda iqtisadi sabitləşmə baxımından etalon ölkədir”, - R.Rodrigez qeyd edib.

Ekspertin sözlərinə görə, Portuqaliya bərpa olunan enerji mənbələrindən, xüsusilə külək enerjisindən istifadə sahəsində liderdir və enerjinin saxlanması texnologiyalarında mühüm irəliləyişlər əldə edib. Azərbaycan isə iri neft və təbii qaz istehsalçısıdır və bərpa olunan enerji mənbələrinin inkişafı vasitəsilə öz enerji kompleksini şaxələndirməyə çalışır.

“2017-ci ildə Azərbaycan dövlət neft şirkəti SOCAR-la Portuqaliyanın “GALP Energia” enerji şirkəti arasında yaranan əməkdaşlıq iki ölkənin enerji sektorundakı əlaqələrini daha da gücləndirib. 2019-cu ildə Azərbaycan Energetika Nazirliyi ilə Portuqaliya Enerji Agentliyi arasında bərpa olunan enerji, enerji səmərəliliyi, enerjinin saxlanması və ağıllı enerji idarəetmə sistemləri sahəsində əməkdaşlığı inkişaf etdirmək məqsədilə Anlaşma Memorandumu imzalanıb.

Hər iki ölkə bərpa olunan enerji mənbələri sahəsində əməkdaşlığı gücləndirməkdə və ümumi enerji layihələri üzərində birgə işləməkdə maraqlı olduqlarını bildiriblər. Azərbaycan bərpa olunan enerji sahəsində Portuqaliyanın təcrübə və texnologiyalarına maraq göstərir, günəş və külək enerjisi kimi sahələrdə əməkdaşlığa hazırdır”, - R.Rodrigez deyib.

Ekspert vurğulayıb ki, Azərbaycan və Portuqaliya arasında enerji sektorunda əməkdaşlıq bərpa olunan enerji mənbələri sahəsində investisiyaların və texnologiyaların təşviqinə yönəlib və gələcəkdə daha da intensivləşəcək. Hər iki ölkənin enerjinin müxtəlif sahələrində bir-birinin təcrübə və texnologiyalarından faydalanması bu ölkələrdə enerji kompleksinin daha da inkişafına və şaxələndirilməsinə səbəb ola bilər.

Tamilla MƏMMƏDOVA

VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiMəcburi dövlət sosial sığorta haqları üzrə borcların silinməsi VergiSadələşdirilmiş verginin ödəyicilərinə vergi güzəşti VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiTorpaqların barteri zamanı tərəflərin ödəyəcəyi vergi məbləğinin hesablanması VergiYanlış ödənilmiş məcburi dövlət sosial sığorta məbləğinin geri qaytarılması VergiTəsisçiyə olan borc məbləğlərinin qaytarılması qaydası VergiMal mübadiləsi zamanı vergitutma VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır? VergiQeyri-kommersiya təşkilatlarının qeydiyyatı necə aparılır?