Xamis Seyranov: “Rəqabət Məcəlləsinin yeni layihəsi yerli bazarın tələblərinə uyğun hazırlanıb” Video
İqtisadiyyat Nazirliyi tərəfindən bir sıra ölkələrin qanunvericiliyi və dünya təcrübəsi nəzərə alınaraq, ölkənin sürətli iqtisadi inkişafına cavab verən və bazar münasibətlərinin aidiyyəti tələblərini tənzimləyən Rəqabət Məcəlləsinin yeni layihəsi hazırlanıb və müvafiq dövlət orqanları ilə razılaşdırıldıqdan sonra aidiyyəti üzrə təqdim edilib.
Bu barədə “vergiler.az”a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin şöbə müdiri Xamis Seyranov deyib.
Onun sözlərinə görə, məcəllə layihəsi sahibkarların sağlam rəqabət şəraitində fəaliyyətinin hüquqi əsaslarını müəyyən edir.
“Dünyada son dövrdə baş verən bir sıra hadisələrlə bağlı yaranan qlobal iqtisadi böhran səbəbindən ticarət balansının və sağlam rəqabətin pozulması, hətta bəzi sahələrdə dünyada, demək olar ki, qıtlığın yaranması ölkənin yüksək səviyyədə iqtisadi artımı davam etdirmək qabiliyyətinə mənfi təsir göstərir. Bu baxımdan iqtisadiyyatın inkişafında özəl sektorun getdikcə daha da mühüm rolunu nəzərə alaraq, yeni məcəllə azad və sağlam rəqabət mühitinin təmin edilməsinə, onun prinsiplərinin qorunmasına və inkişafına töhfəsini verəcək”, - deyə X.Seyranov bildirib.
Xidmət rəsmisi, Rəqabət Məcəlləsinin yeni layihəsində rəqabət orqanının funksiyalarının müəyyənləşdirildiyini, sənəddə əsas istiqamətlər kimi azad və sağlam rəqabətin təmin olunması, rəqabətin məhdudlaşdırılması halları, təsərrüfat subyektlərinin bazar payı, haqsız rəqabət, iqtisadi birləşmələr, dövlət orqanları tərəfindən rəqabət qanunvericiliyinə əməl edilməsi və təbii inhisarların fəaliyyətlərinin tənzimlənməsi kimi məqamların nəzərdə tutulduğunu söyləyib.
Onun sözlərinə görə, Rəqabət Məcəlləsinin yeni layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla yerli bazarın tələblərinə uyğun olaraq hazırlanıb.
“Xüsusi olaraq vurğulanmalıdır ki, yeni Rəqabət Məcəlləsinin layihəsində “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” qanunlar və digər normativ-hüquqi aktlar yeni, vahid sənəddə birləşdirilib. Məcəllədə təbii inhisar sahələrinə nəzarət alətləri təkmilləşdirilib, onların fəaliyyətinə şəffaf və çevik nəzarəti təmin edən müddəalar nəzərdə tutulub. Bununla yanaşı, bazar paylarının müəyyənləşdirilməsinin yeni qaydaları, habelə hökmran mövqeyin yeni meyarları hazırlanıb”, - deyə X.Seyranov qeyd edib.
Xidmətin şöbə müdiri əlavə edib ki, mövcud qanunvericiliklə müqayisədə yeni məcəllədə haqsız rəqabət formalarına yenidən baxılıb, rəqibin sahibkarlıq fəaliyyətinin nüfuzdan salınması, istehlakçıların aldadılması hallarına qarşı məqsədyönlü addımların atılması nəzərdə tutulub.
X.Seyranov bütün bunların azad sahibkarlığın inkişafı üçün çox zəruri məsələlər olduğunu bildirərək, məcəllənin müddəalarına əsasən, dövlət nəzarətinin həyata keçirilməsinə bilavasitə cavabdeh olan qurumun İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti olduğunu vurğulayıb: “Xidmətin öz səlahiyyətləri daxilində qəbul etdiyi qərarlar hüquqi və fiziki şəxslər üçün məcburi olacaq. Qeyd edilənlərlə yanaşı, məcəllə həmçinin rəqabətin əhəmiyyətli dərəcədə məhdudlaşdırılması hallarını, rəqabəti məhdudlaşdıran müqavilələrə dair tələbləri, habelə qadağan olunan bir sıra üfüqi sazişləri, yəni kartel əməliyyatlarını müəyyən edəcək. Digər tərəfdən, yeni məcəllə sahibkarlıq subyektləri ilə yanaşı, dövlət və yerli özünü idarəetmə orqanlarının, habelə tənzimləyici orqanların antiinhisar qanunvericiliyinə zidd olan hərəkətlərinin, o cümlədən belə halların qarşısının alınmasını tənzimləyəcək”, - deyə X.Seyranov qeyd edib.
O, həmçinin, məcəlləyə əsasən, Dövlət Xidmətinin araşdırma və yoxlama formasında bazarlara davamlı olaraq nəzarət edə biləcəyini, analitik təhlilləri genişləndirəcəyini də bildirib: “Nəzarətin təşkil olunması üçün rəqabət orqanı bazarın monitorinqini, habelə statistik materialların, KİV məlumatlarının, bazar subyektlərinin təqdim etdiyi sənədlərin və məlumatların, həmçinin bazarın monitorinqi zamanı əldə edilən məlumatların təhlilini həyata keçirəcək. Ümumilikdə, qəbul ediləcək Rəqabət Məcəlləsi, azad sahibkarlıq mühitinin təmin edilməsinə və sağlam rəqabətin irəliyə doğru inkişafına böyük töhfə verəcək”, - deyə X.Seyranov vurğulayıb.