Vüqar Bayramov: "Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb və ölkədə daha sürətli artım qeydə alınır"
İnkişaf etmiş və etməkdə olan dövlətlərdə iqtisadi artımla bağlı proqnozlara yenidən baxılaraq neqativ dürüstləşmələr aparılır, ancaq Azərbaycanda sürətli iqtisadi artıma nail olunur.
Bunu “vergiler.az”a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qlobal iqtisadi artımla bağlı proqnozlar 4,1 faizdən 2,9 faizədək endirilib. Avropa İttifaqında 2022-ci ildə 4 faiz iqtisadi artım proqnozlaşdırılsa da, bu rəqəm 2,8 faizədək azalıb: “Praktik olaraq, xarici ölkə iqtisadiyyatları ilə bağlı proqnozlarda neqativ azalma var. Bu da son hadisələrin həmin ölkələrin iqtisadiyyatlarına təsirləri ilə bağlıdır. Amma Azərbaycan iqtisadi artım tempini qoruyub saxlayıb və ölkədə daha sürətli artım qeydə alınır. Bunun əsas səbəblərindən biri qeyri-neft sektorundakı iqtisadi artımlardır. Ümumi Daxili Məhsuldakı (ÜDM) artım daha çox qeyri-neft sektorunun hesabına baş verir. Qeyri-neft sektorundakı artım ÜDM-dəki artımdan təxminən 2 dəfə çoxdur. Bu da təbii ki, neftdən kənar sektorların artıq mərhələli şəkildə iqtisadi artımda drayverlərə çevrilməsi anlamına gəlir”.
V.Bayramov əlavə edib ki, iqtisadi artımın strukturunda keyfiyyət dəyişikliyi baş verir. Bu da nəticə etibarilə iqtisadi artımın dayanıqlığından xəbər verir.
Deputat qeyri-neft sektorundakı artımların həm də fiskal gəlirlərimizə təsir göstərdiyini açıqlayıb: “Bu ilin ilk 7 ayında planlaşdırılandan daha çox fiskal gəlirin əldə edilməsi qeyri-neft sektorunun ÜDM imkanlarının artmasından xəbər verir. Bütün bunlar 2022-ci ildə iqtisadi artımın planlaşdırılandan daha çox olacağını söyləməyə imkan verir. 2022-ci il Azərbaycan üçün sürətli iqtisadi artım ili kimi yadda qalacaq”.
Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-avqust aylarında ölkədə 84880,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2 faiz azalsa da, qeyri neft-qaz sektorunda 10,3 faiz artım qeydə alınıb.