İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci yerdədir
"Prezident İlham Əliyevin tapşırığına əsasən, pambığın istehsalı və emalı ilə məşğul olan şirkətlərin pambığın alış qiymətini artırması bu sahənin inkişafına böyük töhfə verəcək. Bu qərar yerli fermerlərin mənfəətinin artırılması baxımından təqdirəlayiqdir", - bunu "vergiler.az"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinq şöbəsinin müdiri İmran Cümşüdov deyib.
Onun sözlərinə görə, məhsul yığımı ərəfəsində pambığın şirkətlər tərəfindən tədarük qiyməti, növdən asılı olaraq, hər tona görə orta hesabla 50 manat artırılıb. Bununla da pambığın hər tonunun alış qiyməti il ərzində ümumilkdə 100 manat bahalaşıb. Pambığın qiymətinin dünya birjasında formalaşdığına diqqət yönəldən nazirlik rəsmisi alış qiymətinin artırılması barədə qərar verilərkən dünya bazarındakı qiymət artımının nəzərə alındığını vurğulayıb.
İ.Cümşüdov pambıqçılığın ölkəmiz üçün strateji, ixracyönümlü sahə olduğunu, bu sahəyə hər zaman dövlət qayğısının göstərildiyini qeyd edib: "İndiyədək birinci növ pambığın hər tonu 750 manata tədarük olunurdu, bundan sonra isə 800 manata tədarük olunacaq. Nəzərə almaq lazımdır ki, fermerlərimizə stimullaşdırma məqsədilə hər ton pambığa görə 170 manat məhsul subsidiyası da verilir. Ümumilikdə götürdükdə fermerlər məhsul, toxum, əkin, gübrə subsidiyasından faydalanırlar ki, başqa heç bir ölkədə kənd təsərrüfatı sahəsində çalışanlar bu qədər dövlət dəstəyi ilə əhatə olunmayıb. Bizim ölkəmizdə dövlət bütün istehsal prosesində fermerlərin yanındadır".
İ.Cümşüdov bu il becərmə işlərinin normal qaydada aparıldığnı, pambıq məhsulunun bol olacağının gözlənildiyini açıqlayıb. Qeyd edib ki, hazırda yığımla bağlı hazırlıq işləri görülür: "Aqrotexniki qulluq işləri qrafikə uyğun davam etdirilir. İndi bioloji yetişkənlik dövrünü gözləyirik ki, pambıq tam yetişsin".
İ.Cümşüdov qeyd edib ki, ölkə üzrə təxminən 100 min hektar sahədə pambıq əkilir. Ötən təsərrüfat ilində hər hektardan əldə edilən orta məhsuldarlıq 28,7 sentner olmuşdu.
Nazirlik rəsmisinin sözlərinə görə, 2022-ci ilin yanvar-iyun ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı birinci yerdə olub ki, onun da çox hissəsi Türkiyəyə ixrac edilib. İqtisadiyyat və Kənd Təsərrüfatı nazirlikləri hazırda pambığın ixrac coğrafiyasının genişləndirilməsi üçün iş aparırlar.
İ.Cümşüdov əlavə edib ki, Azərbaycanın taxılçılığı prioritet seçməsi pambıqçılığın arxa plana keçməsinə səbəb ola bilməz. Çoxşaxəli kənd təsərrüfatı olan Azərbaycanın 16 ixtisaslaşmış rayonunda pambıq, qalan rayonlarında isə digər növ bitkilər əkilir: "Taxıl təxminən 60 rayonda əkilir. Bizim üçün taxılla yanaşı, yem bitkilərinin, texniki bitkilərin, tütünün əkini də vacibdir. Ölkə Prezidentinin "Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında" Fərmanının icrası çərçivəsində nazirlik tədbirlər planı hazırlayıb və planda nəzərdə tutulan tədbirlər ardıcıl həyata keçirir. Bu günədək 650 min hektarda yay şumu aparılıb".
İlhamə İSABALAYEVA