7 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

İstedadlarla karyera yolları arasında körpü

Mayın 6-da ADA Universitetində “İstedadlarla karyera yolları arasında körpü” devizi altında 10-cu Karyera Sərgisi keçirilib. Aprelin 19-dan fəaliyyətə başlayan Karyera Hazırlığı Həftəsinin yekun tədbiri olan sərginin əsas təşkilatçısı ADA Universitetinin Karyera Xidmətləridir. Sərginin məqsədi tələbə və məzunları bir araya toplamaq, ölkəmizin əmək bazarındakı karyera imkanları ilə tanış etmək, onların şəbəkələşməsini və şirkətlərlə peşəkar əlaqələrinin qurulmasını təmin etməkdir.

Tədbirdə İqtisadiyyat, Təhsil nazirlikləri, Dövlət İmtahan Mərkəzi, ABŞ-ın Azərbaycandakı Səfirliyi, Elektron Hökumətin İnkişafı Mərkəzi, “ATL Tech”, “Baker Tilly”, “Coca-Cola”, “Deloitte & Touche”, “EKVITA”, “Ernst & Young”, “KPMG Azerbaijan”, PAŞA Həyat Sığorta, “PMD GROUP”, “Unibank” və “Yelo Bank” da daxil olmaqla 129 şirkət və qurum təmsil olunub. Karyera sərgisində ADA-nın 1500-ə yaxın tələbə və məzunu həmin şirkət və qurumların təqdim etdiyi müxtəlif karyera fürsətləri barədə ətraflı məlumat əldə ediblər.

Sərgidə tələbə və məzunların ən çox maraq göstərdiyi stendlərdən biri İqtisadiyyat Nazirliyinə aid idi. İqtisadiyyat Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Nərgiz Muradova tələbə və məzunlara könüllü təcrübə proqramları, nazirliyin strukturuna daxil olan və tabeliyindəki qurumların fəaliyyət istiqamətləri barədə məlumat verdiklərini açıqladı: “Biz həm də tələbələrin istəkləri, bacarıqları barədə məlumatlar alırıq ki, gələcəkdə ADA Universiteti ilə müqavilə bağlayıb onlarla daimi iş aparaq və tələbələrin karyerası üçün imkanlar yaradaq”.

N.Muradova bildirdi ki, ADA-nın məzunları İqtisadiyyat Nazirliyinin təcrübə proqramına çox böyük maraq göstəririlər: “Onlar nazirlikdə təcrübə keçmək istəyirlər. Könüllülər proqramında iştirak onların karyerası üçün bir imkandır. Biz bu proqrama maraq göstərənlərə lazımi dəstək veririk”.

ADA Universiteti Karyera Xidmətlərinin rəhbəri Təranə Aslanova bildirdi ki, sərgidə iştirak edən şirkət və qurumlar müxtəlif vakansiyalar və təcrübə proqramlarını təqdim edirlər. Vakansiyalar informasiya texnologiyaları, mühəndislik, maliyyə, iqtisadiyyat, ictimai münasibətlər və s. üzrədir.

Karyera sərgisinin tələbə və məzunlar üçün böyük əhəmiyyət kəsb etdiyini deyən T.Aslanovanın sözlərinə görə, onlar burada iş tapmaq, qurumların insan resursları mütəxəssisləri ilə birbaşa əlaqə yaratmaq, suallarını birbaşa onlara ünvanlamaq imkanı əldə edirlər.

T.Aslanova pandemiya zamanı sərginin iki dəfə onlayn formatda, pandemiyadan sonra yalnız bu il canlı olaraq keçirildiyini qeyd etdi.

ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinin sonuncu kurs tələbəsi Şərqiyyə Həsənova universitetə daxil olandan hər il karyera sərgisində iştirak etdiyini, məqsədinin isə daha çox təcrübə proqramları barədə məlumat toplamaq olduğunu açıqladı.

Sərgidə iştirakı gələcək karyerası üçün çox mühüm amil sayan Ş.Həsənova əlavə etdi ki, bu tədbirdə iştirak edən şirkətlərin sayının artması tələbə olaraq onları çox sevindirir. Sərgidə həm dövlət, həm də özəl şirkətlərin iştirak etməsi isə gənclərin özünü gələcəkdə daha çox hansı sahədə görə biləcəyini müəyyən etməyə imkan verir.

ADA Universitetinin İqtisadiyyat fakültəsinin sonuncu kurs tələbəsi Zülüf Hüseynli isə sərgidə təkcə bir tələbə kimi deyil, həm də təşkilati məsələlərə dəstək məqsədilə könüllü kimi iştirak etdiyini dedi: “Sərgidə həm könüllü kimi, həm də iştirakçı kimi iştirak edirəm. Artıq bir neçə təşkilata yaxınlaşaraq, onların proqramları barədə məlumatlar almışam. Dgər tələbə və məzunların da sərgidə çox aktiv iştirak etdiyini müşahidə edirəm. Karyera sərgisi gənclərə öz karyeralarını qura bilmələri üçün yaradılan çox yaxşı imkandır. Gənclər burada özləri üçün həm yaxşı iş yeri, həm də təcrübə proqramı tapa bilərlər”.

İlhamə İSABALAYEVA

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?