10 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

“KOB Fest” sərgi-satış yarmarkası işgüzar həyatda canlanma yaradır REPORTAJ

Aprelin 25-dən Bakıda “KOB Fest” sərgi-satış yarmarkası fəaliyyətə başlayıb. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İçərişəhərdə təşkil etdiyi yarmarkada mikro və kiçik sahibkarlıqla məşğul olan şəxslər və şirkətlər istehsal etdikləri məhsulları şəhər sakinlərinə təqdim edirlər.

Səhər saatları olmasına baxmayaraq, yarmarkada xeyli alıcı görmək olardı. Onların arasında Bakıda səfərdə olan əcnəbi turistlərə də rast gəldik. Stendlərdə qadınların əl işlərindən ibarət bölmələr diqqəti daha çox cəlb edir. Bu bölmələrdə toxuma mallar, bəzək əşyaları, kiçik məişət aksessuaları, çantalar, eləcə də digər suvenirlər tapmaq mümkündür. Qiymətlər alıcıların imkanlarına uyğun müəyyən olunub.

Yarmarkada ilk həmsöhbətimiz Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının üzvü Xuraman Səfərova oldu. O, qadınların əl işlərindən ibarət stendi təqdim etdi, bəzi əl işlərinin hazırlanma üsullarını açıqladı. Yarmarkadan böyük fayda gözlədiklərini dedi: “Biz də digər sahibkarlarla birlikdə KOBİA-nın təşkil etdiyi sərgi-satış yarmarkasına qatılmışıq. Burada xanımların əl işlərini həm yerli alıcılara, həm də xarici turistlərə təqdim edirik. Stendimiz əcnəbilərin böyük marağına səbəb olub. Assosiasiyanın rəhbəri Səkinə Babayeva regionlarda qadınların məşğulluğunun təmin olunması tədbirlərində fəal iştirak edir. Bu da xanımların öz bizneslərini qurmasına və inkişaf etdirməsinə böyük təkan olur. Gözləntimiz budur ki, yarmarkada qadınların əl işlərinin satılması onların biznesinə dəstək verəcək. Burada iş adamları ilə tanış olmaq, məhsullarımızı xaricə çıxarmaq üçün fürsətlər yaranacağına ümid edirik”.

Yarmarkaya xeyriyyə məqsədilə qoşulan iş adamları da var. Onlar satışdan əldə etdikləri gəliri aztəminatlı ailələrdən olan tələbələrin təhsilinə yönəldirlər. Ziyarətçilər burada orqanik qida, çörək və şirniyyat məhsulları, meyvə, yerli çay, zəfəran, mürəbbələr, kremlər ala bilərlər. Yarmarkaya çıxarılan qida məhsullarının dadına baxmağa icazə verilir. Burada milli və klassik üslubda geyim nümunələri, baş örtükləri, təbii tərkibli kosmetik və təmizlik vasitələri və s. satışa çıxarılıb.

Yarmarkada satışın təşkili ilə yanaşı, biznes təmsilçilərinin ikitərəfli görüşlərinin keçirilməsinə də şərait yaradılıb. KOBİA-nın KOB-ların bazarlara çıxışına dəstək şöbəsinin müdiri Emil Məmmədov bildirdi ki, yarmarkanın ərazisində B2B görüşlərin keçirilməsi üçün məkan yaradılıb: “İstənilən sahibkar öz xidmətlərini digər iş adamlarına təklif edə bilər. Eyni zamanda, həssas qrupdan olan sahibkarlar da burada öz əl işlərini təqdim etmək fürsəti qazanıblar. Yarmarkaya maraq böyükdür, satışlar davam edir. Ümid edirik ki, bu gün yarmarkada daha çox ziyarətçi iştirak edəcək”.

Fərqli məhsulları ilə diqqət çəkən daha bir stend “Naxışım boutique”ə məxsusdur. Şirkətin təsisçisi və direktoru Reyhan Əsgərova əl işlərini satmaqla əlilliyi olan şəxslərə dəstək göstərildiyini dedi: “KOBİA-nın dəstəyi ilə biz bu yarmarkaya qoşulmuşuq. Xanımlarla bərabər burada öz stendimizi yaratmışıq. Maraqlı əl işlərini alıcılara təqdim edirik. “Naxışım boutique” onlayn qaydada xarici ölkələrə də satış həyata keçirir”.

Xatırladaq ki, “KOB Fest” sərgi-satış yarmarkasında 80-dən çox sahibkar, eləcə də 20-dən artıq sənətkar öz əl işləri ilə iştirak edir. E.Məmmədov may ayı ərzində ölkənin digər regionlarında – Şəmkirdə, Gəncədə, Lənkəranda, Qubada, Füzulidə və Sumqayıtda da belə yarmarkaların təşkil olunacağını dedi: “Burada əsas məqsəd mikro və kiçik sahibkarların istehlakçılarla birbaşa əlaqələrinin yaradılması, görüşlərinin təşkil olunmasıdır. Yarmarkada orta sahibkarlıq subyektləri də iştirak edir. Onlar da kiçik sahibkarlarla əməkdaşlıq üçün danışıqlar apara bilərlər”.

Reportajı hazırladı:
Fərqanə ALLAHVERDİQIZI

VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu? VergiMüharibə veteranlarının vergi güzəşti hansı tarixdən hesablanır?