14 Dekabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Orxan Məmmədov: “Ağıllı kənd” layihələrinin icrası və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması aqroekoturizmin inkişafına əlavə təkan verəcək

Ölkədə məşğulluğun strukturunda aqrar sektorun yüksək paya malik olması, əlverişli, füsunkar təbii şərait və müasir tələblərə cavab verən infrastrukturun mövcudluğu Azərbaycanda aqroturizmin inkişafı üçün geniş potensial imkanların olmasına dəlalət edir. Digər tərəfdən, turizm ənənələrinə malik olan Qarabağ torpağına Böyük Qayıdış planı çərçivəsində “ağıllı kənd” layihələrinin icrası və “ağıllı kənd təsərrüfatı” konsepsiyasının reallaşdırılması yaxın gələcəkdə bu sektorun inkişafına əlavə təkan verəcək.

Bu fikirləri fevralın 17-də Bakıda keçirilən “Azərbaycanda kənd yerlərinin inkişafı və Milli Aqroturizm sisteminin yaradılması”na dair seminarda çıxış edən İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov söyləyib.

O deyib: “Bütövlükdə, Hökumət tərəfindən turizm sektorunun bütün sahələrinin inkişafına xüsusi diqqət yetirilir. Təsadüfü deyil ki, COVID-19 pandemiyasının neqativ təsirlərinə ən çox məruz qalmış sektorlardan biri olan turizm post-pandemiya dövründə iqtisadi artımın sürətləndirilməsi baxımından iqtisadi siyasətin prioritet sahələrindən biri kimi müəyyən edilib. Qeyd olunan faktorlar nəzərə alınmaqla, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi turizm sahəsində mikro, kiçik və orta sahibkarlığın inkişafı, onların potensialının artırılması istiqamətində fəaliyyət aparır. Biznes subyektləri üçün nəzərdə tutulan dəstək mexanizmləri çərçivəsində sözügedən sektorun iştirakçılarının mümkün qədər daha geniş cəlb edilməsi, turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir”.

Orxan Məmmədov bildirib ki, sektor çərçivəsində yeni bazar imkanlarını öyrənmək niyyətində olan biznes subyektləri KOBİA tərəfindən təmin edilən daxili bazar araşdırması dəstəyindən faydalana bilərlər. “Turistləri daha çox cəlb etmək üçün aqrar sektorda innovativ yanaşmaların tətbiqində maraqlı olan şəxslər isə təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üzrə qrant proqramına müraciət edə bilərlər. Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği 20 min manata qədərdir. Əlbəttə ki, bütün biznes sahələrində olduğu kimi, aqroturizm sektorunda çalışmaq istəyən sahibkarların bilik, bacarıq və hazırlıq səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir. Müxtəlif regionlarda fəaliyyət göstərən 21 KOB İnkişafı mərkəzlərində təlimlər, məsləhət və şəbəkələşmə üzrə xidmətlər ödənişsiz əsasda həyata keçirilir. Eyni zamanda, müasir tendensiyalar nəzərə alınmaqla, tərəfimizdən elektron təlim platforması istifadəyə verilmişdir. Platformada 20-yə yaxın mövzu üzrə 180 video təlimlər, habelə özünü-qiymətləndirmə testləri yerləşdirilmişdir. Hazırda Xaçmaz və Yevlaxda fəaliyyət göstərən KOB Evlərimiz “one-stop shop” formatında G2B və B2B xidmətlər göstərməkdədir. Qarşıdakı dövrlərdə KOB evlərinin əhatə dairəsinin genişləndirilməsi nəzərdə tutulur. Xüsusən, regional səviyyədə biznes ideyalarının reallaşdırılmasına dəstək göstərən təşkilati model kimi KOB Dostu şəbəkələrimizi də qeyd etmək istərdim. 28 şəhər və rayonda yaradılmış KOB Dostu ofislərimiz yerlərdə sahibkarlar ilə birbaşa ünsiyyətdə olur və müxtəlif dəstək mexanizmlərindən daha rahat istifadə edə bilməsi üçün dövlət orqanları ilə KOB-lar arasında körpü rolunu təmin edirlər”, - deyə o əlavə edib.

VergiYük gömrük bəyannamələri haqqında vergi oqranına məlumat verilməsi VergiTəsis sənədlərinə edilən dəyişikliklər necə rəsmiləşdirilir? Vergiİşğaldan azad edilmiş ərazilərdə uçota alınmayan şirkət vergi güzəştlərindən yararlana bilərmi? VergiSığorta məbləğinin gəlirdən çıxılması VergiArtıq ödənilmiş vergi məbləğinin geri qaytarılması VergiNəqliyyat vasitəsini icarəyə götürən müəssisənin hansı vergi öhdəliyi yaranır? Vergiİcarə götürülən obyektə çəkilən xərclər gəlirdən çıxılırmı? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiBankdan xarici valyuta alan vergi ödəyicisi üçün məzənnə fərqi xərc kimi nəzərə alınırmı? VergiQuş ətinin satışı ƏDV-yə cəlb olunurmu?