Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad olunmuş bölgələrinin yenidən qurulmasında iştirak edəcəklər
Son bir ildə Azərbaycandan Macarıstana ixrac edilən məhsullar 67 faiz artıb, ölkəmizdən Macarıstana qoyulan investisiyalar da ildən ilə artır. İki ölkə arasında müzakirə edilən layihələr arasında həm nəqliyyat, həm kənd təsərrüfatı, həm də elm, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın yeni istiqamətləri araşdırılıb. Müzakirə edilən ən gözəl təkliflərdən biri Budapeştdə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılması məsələsidir. Azərbaycanla Macarıstan arasında hava əlaqəsinin daimi əsaslarla həyata keçirilməsi, Macarıstan aviadaşıyıcıları vasitəsilə yeni istiqamətlərin açılmasının da müzakirəsi aparılıb. Ölkələrimiz arasında karqo daşımalarının artırılması, səhiyyə, əczaçılıq sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycan qazının Macarıstana tədarükü müzakirə olunub.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın 8-ci iclası çərçivəsində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Macarıstan biznes-forumu ilə əlaqədar keçirilən mətbuat konfransında deyib.
Nazir iki ölkə arasındakı əməkdaşlıq barədə danışarkən qeyd edib ki, apardığımız müzakirələr arasında bəlkə də ən əhəmiyyətlisi ölkəmizin işğaldan azad olunan ərazilərində - həm Qarabağda, həm də Şərqi Zəngəzur iqtisadi rayonunda Macarıstan şirkətlərinin iştirakı ilə layihələrin həyata keçirilməsi oldu: “Ölkəmizin əraziləri işğaldan azad ediləndən sonra Macarıstan ən tez dəstək göstərən ölkələrdən biri oldu. Həmin bölgələrdə minatəmizləmə fəaliyyəti üçün də qrant ayırıb, ölkədəki “Eksimbank” güzəştli kreditlərini təqdim etməyə hazır olduğunu bildirib. Biz bu niyyəti çox müsbət qarşılayırıq və strateji tərəfdaşımız olan ölkənin şirkətlərini həm infrastruktur layihələrində, həm də gələcəkdə investor və özəl sektor kimi bölgədə yaradılacaq biznes layihələrində payçılar kimi Qarabağın yenidən qurulmasında görmək istəyirik”.
Sahil Babayev daha sonra deyib: “Müzakirə sahələrimiz çox genişdir. Biznes-forum çərçivəsində iki ölkənin şirkətləri arasında yaradılan və yaradılması mümkün olan layihələrin detallı müzakirəsi aparılacaq. Forumda Macarıstanın 25 şirkəti Azərbaycandan 50-dən çox şirkət iştirak edir. Bu, qarşılıqlı marağın nə dərəcədə yüksək olduğunun təzahürüdür. Ümid edirik ki, iki ölkə arasında müştərək müəssisələr və birgə istehsal sahələrinin yaradılması da əməkdaşlığı yeni mərhələyə yüksəldəcək”.