Zəngəzur dəhlizinin Qərb-Şərq ticarət əlaqələri və region ölkələri üçün iqtisadi təsiri
Azərbaycanın haqq savaşı sonrası əldə etdiyi uğurlardan biri də üçtərəfli sazişdə göstərilən regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası olub.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin eksperti Ayhan Satıcı deyib.
O bildirib ki, 2020-ci il 10 noyabr tarixli Sazişdə Ermənistanın Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin təhlükəsizliyini təmin etməli olduğu qeyd edilib. Azərbaycanın qərb hissəsi ilə Ermənistanın ərazisindən keçərək nəqliyyat əlaqələrinin yaradılması müvafiq olaraq tarixi Zəngəzur dəhlizinin aktuallığını ortaya çıxarıb. Dəhliz, Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əlaqələrin yaranmasında və inkişaf etdirilməsində həlledici rola sahib olub. Bunun əsas səbəblərdən biri, ticarət əlaqələrinin bu coğrafiya üzərindən İpək Yolu adlanan trayektoriya ilə qurulması olub. Müasir dövrdə belə, həmin ticarət xətti öz əhəmiyyətini qoruyub saxlayır və Qərb ilə Şərq arasında olan iqtisadi əlaqələrin dərinləşməsində mühüm rol oynayır. Belə ki, tranzit mərkəz rolunu oynayan region ölkələri, həmçinin kifayət qədər təbii resurslar ilə də zəngin olduğuna görə Qərb və Şərq arasında yaranan ticarət həlqəsinə əlavə dəyər qatır.
Transregional önəmi olan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi region ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsinə, o cümlədən istehsalçı, istehlakçı və tranzit ölkələr arasında ticarət əlaqələrinin diversifikasiyalaşmasına xidmət edəcək. Regional əməkdaşlıq və region ölkələri arasında iqtisadi təhlükəsizliyin artırılması fonunda Zəngəzur dəhlizi nəzərəçarpacaq dərəcədə əhəmiyyət kəsb edir. Belə ki, Avropa və Asiya arasında Zəngəzur dəhlizindən daha əlverişli tranzit mərkəz rolunu oynaya biləcək uyğun alternativin mövcudluğu sual altındadır.
Dəhlizin digər bir regional əhəmiyyəti Çin tərəfindən təşəbbüs edilən “Bir kəmər, bir yol” layihəsinə verə biləcəyi töhfədir. “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Qərb və Şərq arasında yaradılacaq ticarət nəqliyyat xəttinin diversifikasiyalaşmasında mühüm bir addımdır. Əlavə olaraq, “Ever green” gəmisi Süveyş kanalını bağladığı müddətdə gündəlik 9,6 milyard dollar dəyərində ticarətin davam etməsinə mane olmuşdur. Nəzərə alsaq ki, dünya ticarətinin 12 faizi Süveyş kanalı üzərindən aparılır, Zəngəzur dəhlizi kimi alternativ nəqliyyat arteriyalarının olması iqtisadi əhəmiyyətə malikdir. O cümlədən Süveyş kanalında baş verən insident quru üzərindən nəqliyyat xətlərinə olan diqqəti artırdı.
Avropa İttifaqının (Aİ) Çin ilə olan mal ticarət əlaqələrinə nəzər yetirsək 2010-2020-ci illər üzrə ümumilikdə artan temp müşahidə edilir. COVID-19 pandemiyasının dünya iqtisadiyyatına göstərdiyi mənfi təsirə baxmayaraq, Aİ və Çin arasındakı mal ticarət əlaqəsi müvafiq olaraq 2018-ci ildə 530,6 milyard avro, 2019-cu ildə 561,2 milyard avro və 2020-ci ildə 586 milyard avro təşkil edib. Müvafiq statistik göstəricilərə əsasən onu demək mümkündür ki, Qərb və Şərq arasındakı ticarət əlaqələri mənfi xarici təsirlərə baxmayaraq inkişaf edir. Buna uyğun olaraq, Zəngəzur dəhlizinin bu ticarət xətti üzərində yerləşməsi və səmərəli nəqliyyat koridoru olması Azərbaycanın, o cümlədən digər region ölkələrinin 600 milyard avroya çatan ticarət əlaqələrində pay sahibi olmağa imkan yaradır. Bundan əlavə, Aİ və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələri 20-30 milyard avro ətrafında dəyişir. 2018-ci ildə Aİ-nin Mərkəzi Asiyaya məhsul idxalı və ixracı müvafiq olaraq 20,7 milyard avro və 8,6 milyard avro dəyərində olub. Bütün bunları nəzərə alaraq onu demək mümkündür ki, Zəngəzur dəhlizi region ölkələrinin ticarət əlaqələrində alternativ nəqliyyat dəhlizi olması ilə iqtisadi əhəmiyyət daşıyır.
Qərb və Şərq arasındakı ticarət əlaqələrindən və nəqliyyat xətlərindən əlavə olaraq, Şimal və Cənub koridoru üçün də Zəngəzur dəhlizi mühüm əhəmiyyət kəsb edir. Azərbaycan və İran arasında realizə edilən Rəşt-Astara dəmir yolu xətti layihəsi Xəzər dənizi sahili boyunca Şimal-Cənub koridoru olaraq da tanınan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsidir. Belə ki, bu dəmir yolu nəqliyyat xəttinin birləşdirilməsi “Şimal-Cənub” dəhlizi üzrə ticarət dövriyyəsinin artmasına gətirib çıxaracaq. Dəhlizin implementasiyası isə öz növbəsində Qərb-Şərq və Şimal-Cənub ticarət xətləri üzrə bağlantının formalaşmasına və gücləndirilməsinə səbəb olacaq.
Son olaraq onu qeyd etmək gərəkdir ki, Zəngəzur dəhlizinin həyata keçirilməsi qonşu ölkələr, həmçinin region ölkələri üçün ticarət əlaqələrində yeni bir drayver olacaq. Qərb və Şərq arasındakı ticarət əlaqələrinin təhlükəsizliyi baxımından alternativ nəqliyyat xətlərinin və logistika mərkəzlərinin olması vacib bir nüansdır. Bu səbəbdən, Azərbaycanda həyata keçirilən layihələr kompleks təbiətə malik olub, ümumilikdə multimodal nəqliyyat dəhlizinin yaradılmasına xidmət edir.