Taro Savada: Qarabağda bərpa və quruculuq işlərinə qatılmağı planlaşdırırıq
Yaponiyanın “TET International Development Co.Ltd.” şirkətinin Azərbaycanda həyata keçirdiyi layihələr, yapon investorların ölkəmizdə aparılan quruculuq işlərinə yönəltdiyi sərmayələr barədə müntəzəm şəkildə məlumatlar verilir.
AZƏRTAC xəbər verir ki, şirkətin təsisçisi və prezidenti Taro Savada Azərbaycana növbəti səfərindən sonra agentliyin Yaponiyadakı xüsusi müxbirinin suallarını cavablandırıb. Həmin müsahibəni diqqətinizə təqdim edirik.
- Taro Savada, bildiyimiz kimi, bu yaxınlarda Azərbaycana səfərdən qayıtmısınız. Həmin səfərdə sizinlə birlikdə çoxsaylı yapon investorlar da iştirak ediblər. Səfərin məqsədi, səfər vaxtı keçirilən tədbirlər barədə məlumat verməyinizi xahiş edirəm.
- Əvvəlcə icazə verin AZƏRTAC-ın rəhbərliyinə və Yaponiyadakı bürosuna bizim şirkətin fəaliyyətinə göstərdiyi diqqətə görə xüsusi minnətdarlığımı bildirim. Qeyd edim ki, doğma məskənə çevrilən Azərbaycanda həyata keçirdiyimiz layihələr barədə oxuculara operativ şəkildə verdiyiniz məlumatlar bizi daha əzmlə çalışmağa ruhlandırır.
Son səfər barədə isə deyə bilərəm ki, oktyabrda həyata keçirilən həmin səfərdə mənimlə birlikdə Azərbaycana 32 nəfər yapon investor da getmişdi. Səfərin əsas məqsədi Azərbaycanda kənd təsərrüfatı sahəsinə dair, xüsusən də şirkətimiz tərəfindən həyata keçirilən tütünçülüyün inkişafı layihəsi ilə bağlı görülən işlərlə yerində tanış olmaq idi.
Səfər iştirakçıları şirkətimizin biznes tərəfdaşı olan Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) ilə birlikdə Bakıda təşkil edilən “Yaponiya – Azərbaycan İnvestisiya Forumu”na da qatıldılar. Forumda Azərbaycanda həyata keçirilən müxtəlif investisiya layihələri və hökumətin xarici şirkətlərə göstərdiyi dəstək, onlara yaradılan əlverişli şərait haqqında ətraflı məlumat verildi. Foruma müxtəlif təbəqələrin nümayəndələrinin qatılması onun həm maraqlı olmasına, həm də cəmiyyətin bütün nümayəndələri ilə ünsiyyət qurmağımıza imkan yaratmışdı. Yeri gəlmişkən qeyd edim ki, bizim şirkətlə ASK arasında imzalanmış razılaşma Yaponiya şirkətinin Azərbaycana investisiya qoymasına hərtərəfli şərait yaradır.
- Bəs Azərbaycan sizi hansı cəhətləri ilə özünə cəlb edib? Qəlbinizdə daşıdığınız bu sevginin səbəbini izah edə bilərsinizmi?
- Doğrusunu deyim ki, mənim üçün Azərbaycan həyatın özüdür. Azərbaycanla bağlı hər şey məni özünə cəlb edir. Konkret olaraq Azərbaycan Prezidentinin müdrik rəhbərliyi, cəsarətli addımları, sarsılmaz iradəsi və Azərbaycan xalqının vətənpərvərliyi, insanların başqaları üçün yaşamaq bacarığı məni sizin ölkənizdə fəaliyyətə başlamağa həvəsləndirib. Digər tərəfdən xalqınızın əcnəbilərə qarşı nümayiş etdirdiyi qonaqpərvərlik, yüksək mədəniyyət Azərbaycana gələn hər kəsdə bu ölkəyə böyük məhəbbət yaradır. Yaponiyadakı “Omotenaşi” (qonaqpərvərlik) mədəniyyəti kimi. Biznes sahəsinə gəlincə isə fermerlərin işə vicdanlı münasibəti, davamlı olaraq inkişaf edən iqtisadiyyat bizi bu ölkəyə cəlb edib. Bir məsələni də qeyd edim, sizin çox gözəl və insanı valeh edən musiqi mədəniyyətiniz, onun zənginliyi məni özünə valeh edib.
- Siz ilkin olaraq Azərbaycan məhsullarının Yaponiya bazarına çıxarılması istiqamətində addımlar atdınız. Həmin işlər hazırda hansı səviyyədədir? Sizin fikrinizcə, Azərbaycan məhsulları hansı üstün cəhətləri ilə Yaponiya bazarında özünə yer tuta bilər?
- Məlumat üçün bildirim ki, mən 2017-ci ildə Yaponiya məhsullarının Azərbaycana ixracı istiqamətində işə başlamışam. Lakin təəssüf ki, Azərbaycanın bunu qəbul etməsi üçün heç bir əsas olmadı. Bizim kifayət qədər insan resursumuz, əmtəəmiz, vəsaitimiz, konkret məqsəd və strategiyamız yox idi. Etiraf edim ki, 2017-ci ilə qədər Azərbaycanı tanımırdım.
Sonra mən Azərbaycanı və onun kənd təsərrüfatı sahəsini, bu sektorun gələcək potensialını öyrənərək yenidən işə girişdim. 2017-ci ilin avqustunda Prezident İlham Əliyev növbəti yeddi ildə tütün sahəsinin inkişafına dəstək veriləcəyini bildirdi. Mən bu istiqamətdə araşdırmalar apardım və işə başladım. Bu gün artıq bizim şirkətin baş ofisi Bakıda yerləşir. Biz Oğuz, Tovuz, Zaqatala və Şəki rayonlarında tütünqurutma zavodları inşa etmişik. Bu zavodlarda 1800-ə yaxın kənd təsərrüfatı işçisi işlə təmin olunub. Layihəyə start veriləndən cəmi üç il keçməsinə baxmayaraq, biz artıq Azərbaycanda lazımi təməli qoymuşuq. Azərbaycanın keyfiyyətli və orqanik kənd təsərrüfatı məhsullarını tanıtmaq üçün bu məhsulları Yaponiya bazarına çıxarmağa başlamışıq. Buraya qara çay, mürəbbə, şərab, araq, quru meyvələr və fındıq daxildir. Məhsulların çeşidini tədricən artırmaq istiqamətində işləri davam etdiririk. Çalışırıq ki, yaponlar Azərbaycanla birbaşa tanış ola bilsinlər. Dünyada tüğyan edən COVID-19-a görə cədvəldən geri qalsaq da, Tokioda Azərbaycan restoranı və flaqman mağazası açmağı planlaşdırırıq. Ümid edirəm ki, tezliklə bu arzumu həyata keçirəcəyəm.
Yaponiya bazarının üstünlüyü ondadır ki, onun maliyyə dəyəri ÜDM-ə görə Azərbaycandan təxminən 8 dəfə yüksəkdir. Bu bütün ixrac xərclərini ödəyir. Əminəm ki, Azərbaycanın yüksək keyfiyyətli, ekoloji cəhətdən təmiz kənd təsərrüfatı məhsulları Yaponiya bazarında özünə yer edəcək.
- Növbəti addım olaraq, yaponiyalı investorları Azərbaycana sərmayə yatırmağa həvəsləndirə bilmisiniz. Bəs bu istiqamətdə işlər hazırda hansı səviyyədədir? Azərbaycana son səfər zamanı yeni investisiya layihələri ilə əlaqədar müqavilələr imzalanıbmı?
- İlk növbədə investorlar kənd təsərrüfatı sektoruna diqqət ayırmağa razılaşıblar. Bu işdə şirkətimiz əlaqələndirmə rolunu oynayacaq. Kənd təsərrüfatı məhsullarının emal texnologiyası və keyfiyyətinin yüksəldilməsi ilə bağlı maarifləndirmə işlərini də həyata keçirəcəyik. Hazırda biz ASK ilə müxtəlif investisiya layihələrini təhlil edirik.
- Siz, həmçinin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin azad edilməsi məqsədilə ötən il baş vermiş Vətən müharibəsi vaxtı da xalqımızın yanında oldunuz, daim dəstəyinizi nümayiş etdirdiniz. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsinə mən də çox sevindim. Həmin vaxtı günahsız, zərər görən insanlara hər hansı formada kömək etmək istəyirdim. Yaponların başqasına təmənnasız yardım göstərmək kimi milli xarakteri var. Azərbaycanda biznes quran bir iş adamı olaraq ədalətsizliklə qarşılaşan tərəfə yardım göstərilməsini özümə borc bildim. Döyüşlər davam edən zaman mən Azərbaycanın Yaponiyadakı səfirliyi ilə əlaqə yaradıb Azərbaycan Silahlı Qüvvələri Fonduna vəsait göndərdim. Həmçinin müharibədən əziyyət çəkən mülki şəxslərə yardım məqsədilə Heydər Əliyev Fonduna da ianə etdim. Bizim iş qurduğumuz Tovuz rayonunun yaxınlığında yerləşən Gəncə şəhərinə Ermənistan ordusu tərəfindən raket zərbələrinin endirilməsi, nəticədə günahsız insanların həyatını itirməsi məni çox kədərləndirdi. Şirkətin hesabına aldığımız ilkin tələbat məhsullarının Gəncə şəhərinə göndərilməsini təşkil etdik.
Əlbəttə ki, bizim şirkətin davamlı inkişaf məqsədləri də var. Söz veririk ki, fabrikimiz müharibədə zərər çəkənləri, onların ailə üzvlərini işə götürməyə davam edəcək.
- Azərbaycanla, həmçinin Yaponiyada yaşayan azərbaycanlılarla qarşıda planlaşdırdığınız yeni layihələr varmı? Bununla bağlı nə deyə bilərsiniz?
- 2022-ci ildə Azərbaycan və Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü qeyd ediləcək. Bu həm də iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin qurulmasının növbəti ildönümü olacaq. Düşünürəm ki, bu yubiley iki dost ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına mühüm təsir göstərəcək.
Bu münasibətlə mən Bakı şəhərinin İcra hakimiyyətinə paytaxtda böyük “Yapon bağı”nın salınması planını təklif etmişəm. Həmçinin Milli Məclisin mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva ilə də iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişafı üçün birgə layihələr üzərində çalışırıq. Gələn il tanınmış iki azərbaycanlı rəssamın əsərlərini Tokioda təşkil ediləcək sərgidə nümayiş etdirmək planımız var. Düşünürük ki, bu, Azərbaycanı, onun zəngin mədəniyyətini yapon xalqına tanıtmaq üçün əla fürsət olacaq.
Bununla yanaşı, Azərbaycanda iqtisadi layihələrimizi də davam etdirməyi, xüsusən işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə qatılmağı planlaşdırırıq. Bu məqsədlə Azərbaycanın müvafiq hökumət qurumları ilə müzakirələr aparılır.
Yekun olaraq qeyd edim ki, mən Azərbaycanı çox sevirəm. Qədim tarixə, zəngin mədəniyyətə və qonaqpərvər insanlara malik olan bu gözəl ölkənin inkişafı üçün əlimdən gələni əsirgəməyəcəyəm.
-Maraqlı müsahibə üçün çox sağ olun.