8 Oktyabr 2024

VERGİLƏR

SOSİAL-İQTİSADİ ONLAYN QƏZET

Bakıda Beynəlxalq Biznes Forum keçirilir

Noyabrın 15-də Bakı Konqres Mərkəzində 25-ci Beynəlxalq Biznes Forum (İBF - İnternational Business Forum) öz işinə başlayıb.

Forum iştirakçıları tədbir çərçivəsində Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Türkiyə Respublikasının Ticarət Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA), Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) və İBF-in təşkilatçılığı ilə keçirilən forumda 30-a yaxın ölkədən dövlət rəsmiləri, iş adamları, investorlar, beynəlxalq təşkilatların və diplomatik korpusun nümayəndələri iştirak ediblər. “Azərbaycan: Asiyanın incisi” şüarı ilə keçirilən forumun məqsədi Azərbaycanın investisiya imkanlarını, o cümlədən işğaldan azad olunmuş ərazilərimizin zəngin potensialını xarici sərmayədarlara təqdim etmək, iştirakçı ölkələr arasında iqtisadi-ticarət əlaqələrini, biznes sahəsində əməkdaşlığı genişləndirməkdir.

Tədbir Beynəlxalq Biznes Forumun ənənələrinə uyğun olaraq, müqəddəs Qurani-Kərimdən ayələrin oxunması ilə başlayıb.

Forum çərçivəsində Azərbaycan-Türkiyə qardaşlığı, ölkəmizin əlverişli biznes və investisiya mühiti barədə filmlər nümayiş olunub.

Tədbirin açılışında çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov ölkəmizin ilk dəfə Beynəlxalq Biznes Foruma ev sahibliyi etməsinin əlamətdar hadisə olduğunu, tədbirin Azərbaycanın biznes və investisiya mühitinin geniş investor auditoriyasına tanıdılması, yerli və xarici investorlar arasında əlaqələrin inkişafı, innovativ təşəbbüslərin formalaşması və yeni layihələrin reallaşdırılması üçün geniş imkanların yaradılması baxımından əhəmiyyətini qeyd edib. İqtisadiyyat naziri Azərbaycan iqtisadiyyatının prioritet sahələri barədə məlumat verib, qarşıya qoyulmuş hədəflərin reallaşdırılması istiqamətində görülən tədbirləri diqqətə çatdırıb.

Azərbaycan iqtisadiyyatının inkişaf mənzərəsinin, eləcə də sabit makroiqtisadi vəziyyətin ölkəmizdə biznes layihələrin icrası istiqamətində qərarların verilməsində mühüm rol oynadığını vurğulayan iqtisadiyyat naziri iqtisadi göstəricilər barədə ətraflı məlumat verib. Bildirilib ki, hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 52 mlrd. ABŞ dollarını ötüb ki, bunun da ÜDM-ə nisbəti 108%-dir və xarici dövlət borcunu 6 dəfədən çox üstələyir. Bu ilin yanvar-sentyabr aylarında ÜDM 4,8%, qeyri-neft sektorunda isə 6,2% artıb. ÜDM-də qeyri-neft sektorunun payı 64% təşkil edib. Sənayenin inkişafına xüsusi diqqət yetirildiyini qeyd edən nazir bu sahədə sənaye zonaları, investisiya təşviqi sənədi kimi mütərəqqi alət və mexanizmlərin tətbiq edildiyini diqqətə çatdırıb, sənaye zonalarına 6,7 mlrd. manat investisya yatırımının nəzərdə tutulduğunu, artıq 6,3 mlrd. manat investisiya qoyuluşunun həyata keçirildiyini bildirib. Nazir qeyd edib ki, bu ilin 9 ayında qeyri-neft ixracı 41%-dək artıb ki, bu, indiyədək müşahidə olunan ən yüksək göstəricidir. Qeyri-neft sənayesi məhsulları ixracı 1,6 dəfə artıb. Sənaye məhsulları ixracının 320 mln. dolları sənaye zonalarının payına düşür ki, bu da, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə çoxdur.

Azərbaycanın əlverişli coğrafi mövqeyinin, böyük tranzit potensialının, müasir infrastrukturunun, təşəbbüsü və iştirakı ilə həyata keçirilən regional layihələrin xarici birbaşa sərmayələrin cəlbi üçün əsas faktorlar olduğunu vurğulayan iqtisadiyyat naziri investorları fəal əməkdaşlığa dəvət edib.

Biznes forumda torpaqlarımızın işğaldan azad edilməsinin böyük tarixi-siyasi və iqtisadi önəm kəsb etdiyi qeyd olunub. Vurğulanıb ki, türk birliyinə mühüm töhfə verən və bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan bu tarixi qələbəyə görə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunub. Diqqətə çatdırılıb ki, Qarabağda geniş regional inteqrasiya imkanları var və burada bərpa-quruculuq işlərinə MÜSİAD üzvlərinin biznes subyektlərinin cəlb olunması iqtisadi-ticarət əməkdaşlığına önəmli töhfə verəcək.

Türkiyə Respublikasının xəzinə və maliyyə nazirinin müavini Nureddin Nebati Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi layihələrində Türkiyə şirkətlərinin fəal iştirak etdiyini, bunun iqtisadi əməkdaşlığa, biznesin dirçəlişinə, yeni müəssisələrin və iş yerlərinin açılmasına əhəmiyyətli töhfə olacağını vurğulayıb, kənd təsərrüfatı, turizm, tikinti, bərpa olunan enerji və digər sahələrdə iş birliyinin, təcrübə mübadiləsinin daha da genişləndirilməsi ilə bağlı fikirlərini bölüşüb. N.Nebati Türkiyə və Azərbaycan arasında qarşılıqlı ticarətin həcmininin 15 mlrd. dollara çatdırılması hədəfinin də əməkdaşlığın gücləndirilməsinə əlavə stimul yaratdığını diqqətə çatdırıb.

Beynəlxalq Biznes Forumun prezidenti Erol Yarar, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və MUSİAD-ın İdarə Heyətinin sədri Mahmut Asmalı çıxışlarında Forumun Azərbaycanda keçirilməsinin önəmini, tədbirin yeni əlaqələrin qurulmasına və investisiya qoyuluşlarına şərait yaratdığını vurğulayıblar.

Sonra KOBİA və MÜSİAD arasında Birgə Yol Xəritəsi, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və İstanbul Dövlət Özəl Sektor Tərəfdaşlığı Kamillik Mərkəzi arasında dövlət-özəl tərəfdaşlığı üzrə Niyyət Protokolu, Gənc Sahibkarlar Şəbəkəsi Assosiasiyası ilə “Gənc MÜSİAD” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Forum çərçivəsində Azərbaycanın investisiya imkanlarına və dövlət-özəl sektor tərəfdaşlığına (DÖST/PPP) dair panellər təşkil olunub. Panel iclaslarında Azərbaycanın əlverişli biznes və investisiya mühiti, ölkəmizin, o cümlədən Qarabağın investisiya potensialı, DÖST layihələrinin tətbiqi, bu sahədə Türkiyə təcrübəsi, işğaldan azad edilmiş ərazilərimizdə sosial-iqtisadi infrastrukturun yenidən qurulması prosesində PPP modelinin roluna dair təqdimatlar keçirilib, yerli sahibkarlıq subyektlərinin məhsul və xidmətləri, eləcə də ölkəmizdə yerli və xarici iş adamlarına və investorlara dəstək göstərən qurumların fəaliyyəti barədə sərgi təşkil olunub.

Forum zamanı, həmçinin iş adamları arasında ikitərəfli görüşlər keçiriləcək, Forumda iştirak edən xarici iş adamları və investorlar bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olacaq, yerli sahibkarlarla əməkdaşlıq imkanlarına və investisiya qoyuluşuna dair müzakirələr aparacaqlar.

VergiMənzilin kirayəsinə görə vergini kim ödəməlidir? VergiRezident şirkətin beynəlxalq daşımalara görə qeyri-rezidentə ödədiyi məbləğlərdən vergi tutulması VergiƏlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri VergiHüquqi şəxslər “Mənfəət vergisinin bəyannaməsi"ni rüblər üzrə təqdim edə bilərlərmi? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir? VergiVÖEN-in ləğv edilməsi üçün nə tələb olunur? VergiMüəssisədə rəhbər dəyişikliyi necə rəsmiləşdirilir? VergiMəzuniyyət haqqından məcburi dövlət sosial sığorta haqqının tutulması VergiQeyri-rezidentə ödənilən avans geri qayıtdıqda hesablanan ƏDV-ni qaytarmaq mümkündürmü? VergiOrta aylıq muzdlu işçi sayı necə müəyyən edilir?