Hüquqi şəxslərin əmlak vergisi
Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən, vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridir. İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin təlimçisi, iqtisadçı ekspert Cavid Vəlizadə bildirib ki, müəssisələrin balansında olan əsas vəsaitlərin (əsas vəsaitlər dedikdə, istifadə müddəti bir ildən və dəyəri 500 manatdan çox olan, amortizasiya edilməli olan maddi aktivlər) orta illik dəyəri, Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri hüquqi şəxslərin vergitutma obyektləridir.
Əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödənilməlidir. Əmlak vergisinin bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilməli və əmlak vergisi üzrə cari vergi ödəmələri Vergi Məcəlləsinin 201.3 maddəsinə əsasən, əvvəlki ildəki (yeni yaradılmış və cari ildə əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra həmin əmlaka görə hesablanmalı olan illik) əmlak vergisi məbləğinin 20 faizi həcmində hər rübün 2-ci ayının 15-dən gec olmayaraq ödənilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilməli və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Əmlakın qalıq dəyəri dedikdə, əsas vəsaitlərin ilkin dəyərindən həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyəri başa düşülür. Əmlakın orta illik qalıq dəyərini hesablamaq üçün avtonəqliyyat vasitələri istisna olmaqla müəssisənin əmlakının ilin əvvəlinə və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür. Müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.
Misal 1: "A" MMC-nin balansında olan əmlakın ilin əvvəlinə qalıq dəyəri 145.000 AZN, əmlakın ilin sonuna qalıq dəyəri 168000 AZN olmuşdur.
Orta illik qalıq dəyəri = (145.000 + 168000)/2 = 156500
Əmlak vergisi = 156500 * 1% = 1565 manat
Hüquqi şəxs hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.
Misal 2: Müəssisə 2021-ci ilin may ayında yaradılmış və həmin aydan əmlak vergisinin ödəyicisi olmuşdur. Onun yaradıldığı tarixə əmlakının qalıq dəyəri 60.000 manat, ilin sonuna qalıq dəyəri isə 68.000 manat təşkil etmişdir.
Əmlak vergisi= (60.000+68.000)/24*7*1%=373.33 manat
Hüquqi şəxs hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.
Misal 3: Müəssisəsə 2021-ci ilin oktyabr ayında ləğv edilmişdir. Müəssisənin əmlakının ilin əvvəlinə qalıq dəyəri 142000 manat, ləğv edildiyi tarixə 128000 manat təşkil etmişdir.
Əmlak vergisi=(142000+128000)/24*9*1%=1012.5 manat
Qeyd: Hüquqi şəxs və ya qeyri-rezidentin daimi nümayəndəliyi vergi orqanlarına ləğvetmə balansını təqdim etdiyi tarixdən 30 gün müddətində əmlak vergisi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Məcəlləyə əsasən, müəssisənin balansında olan bəzi aktivlərə əmlak vergisindən azadolma və güzəştlər tətbiq edilmişdir:
• Mexaniki nəqliyyat vasitələri;
• Mikro sahibkarlıq subyekti olan şəxslər əmlak vergisini ödəməkdən azaddırlar (mülkiyyətində olan əsas vəsaitlərin ilin əvvəlinə qalıq dəyəri 1.000.000 manatdan artıq olan şəxslər istisna olmaqla);
• Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslərin bu fəaliyyət üzrə istifadə etdikləri əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
• KOB klaster şirkətlərinin əmlakı fəaliyyətində istifadə etdiyi əmlaklara görə 2019-cu ildən başlayaraq 7 il müddətinə;
• İnvestisiya təşviqi sənədini almış hüquqi şəxs və fərdi sahibkar həmin sənədi aldığı tarixdən müvafiq investisiya layihəsi çərçivəsində investisiya vəsaiti hesabına əldə edilmiş əmlakına görə 2019-cu ildən başlayaraq 7 il müddətinə;
• Təhsil, tibb, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektləri;
• Ekologiya, yanğından mühafizə və ya mülki müdafiə üçün istifadə edilən obyektlər.